Cəmiyyət 

Məhkəmə zalında göz yaşları axıdan Meşəli qatili

2023-cü il iyulun 29-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistana getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılan Vaqif Xaçaturyanın cinayətkar əməlləri ifşa edilir

1955-ci il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, Əsgəran rayonunun Badara kəndində doğulub, həmin kənddə yaşamış, Xankəndi şəhər avtomobil nəqliyyat müəssisəsində sürücü işləmiş Xaçaturyan Vaqif Çerkezoviç erməni milliyyətindən olan digər şəxslərlə birgə 1991-ci il dekabrın 22-də Meşəli kəndində yaşamış azərbaycanlıları bir milli qrup kimi bütövlükdə məhv etmək məqsədilə müxtəlif silahlardan, o cümlədən odlu silah və piyadaların döyüş maşınından istifadə etməklə kəndə silahlı basqın edib. O, 25 nəfər azərbaycanlını xüsusi amansızlıqla qətlə yetirib, 14 nəfər şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib, 358 nəfər azərbaycanlını isə beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan qanuni yaşadıqları yerlərdən didərgin salıb. Bundan başqa, Vaqif Xaçaturyan qabaqcadan əlbir olduğu şəxslərlə birgə cinayətkar hərəkətlərini davam etdirərək dövlətə və kənd sakinlərinə məxsus əmlakları məhv etmək və zədələməklə ümumilikdə 5 milyon 496 min 900 manat məbləğində maddi ziyan vurub. Aparılan cinayət işi üzrə kifayət qədər əsaslı şübhələr yarandığından Xaçaturyan Vaqif Çerkezoviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qəbul edilib, lakin olduğu yer istintaqa məlum olmadığına görə barəsində 2013-cü il noyabrın 12-də beynəlxalq axtarış elan edilməklə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Yasamal Rayon Məhkəməsinin inzibati binasında Vaqif Xaçaturyanın cinayət işi üzrə ilk iclas keçirilib. Bakı Hərbi Məhkəməsinin hakimi Camal Ramazanovun sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə tərəfindən ona hüquq və vəzifələri izah edilib. Diqqətə çatdırılıb ki, Vaqif Xaçaturyanın hüquqlarının Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Natiq Bəybalayev müdafiə edəcək. Vaqif Xaçaturyan tərcüməçi ilə təmin olunub. Zərərçəkmiş şəxs qismində isə Xocalı Rayon İcra Hakimiyyətinin nümayəndəsi, eləcə də zərərçəkən Bəhlul Hümbətovun hüquqi varisi Meşəli kənd sakini Hüseyn Hümbətov iştirak ediblər. Çıxış edən dövlət ittihamçısı Müqəddəs Sultanov prosesin məhkəmə baxışına verilməsini təklif edib. Məhkəmə müşavirəyə gedib. Müşavirədən sonra hakimlər məhkəmənin baxış iclasını oktyabrın 17-nə təyin ediblər.

Göründüyü kimi, Azərbaycan bütün müstəvilərdə ədalətin bərpası uğrunda mübarizə aparır və buna nail olur. Meşəli cinayətinin iştirakçılarından olan, günahsız azərbaycanlıların qətlində iştirak edən Vaqif Xaçaturyanın saxlanılması, istintaqa cəlb edilməsi də ədalətin bərpasının növbəti təntənəsidir. Azərbaycan xalqına qarşı qanlı cinayət törədənlər məhkəmə qarşısında cavab verir. Əslində, tarixi və ilahi ədalət hər zaman öz yerini tapır – hər kəs törətdiyi cinayətin məsuliyyətini daşımağa məhkumdur. İndi məhkəmə zalında timsal yöz yaşları tökən bu qoca qatil və onun kimi canilərin məsuliyyətə cəlb olunması bunu təsdiqləyir.

Ermənistan isə Xaçaturyanın cinayətlərinə “bəraət” qazandırmağa çalışır. Əli günahsız azərbaycanlıların qanına batmış bu qatilin saxlanmasına qarşı Ermənistanın etiraz etməsi isə bu ölkənin hərbi cinayətləri dövlət səviyyəsində açıq şəkildə dəstək verməsinin bariz sübutudur. Bu, bir daha göstərir ki, sözdə guya Azərbaycanla sülh müqaviləsinin imzalanmasını “istəyən” hazırkı Ermənistan iqtidarı əslində azərbaycanlılara qarşı soyqırımda əli olmuş şəxsləri müdafiə etməklə, onların törətdiyi cinayətlərə bəraət qazandırmağa çalışır. Ortada isə daşdan keçən sənədlər, sübutlar da var. Onlardan biri – V.Xaçaturyanı cinayət başında göstərən fotodur. Həmin fotoda o, əlində silah tutub və güllələnib öldürülmüş azərbaycanlının üzərinə atılmış örtüyü qaldıraraq öz “qəhrəmanlığı”nı nümayiş etdirir. O, yəqin ki, bir zamanlar bu şəkli ona-buna göstərərək “necə igid bir zinvor” olduğunu sübut etmək istəyirdi, indi Azərbaycanda o şəkli onun özünə göstərərək necə bir alçaq hərbi cani olduğunu sübut edəcəklər. Bu sübutlara çoxsaylı zərərçəkənlərin ifadəsi, Xaçaturyanın qatıldığı hərbi əməliyyatların, törətdiyi cinayətlərin siyahısı, caninin öz yoldaşlarının verdiyi ifadələr və sair daxildir.

İstər-istəməz adamın yanında günahsız yəhudiləri gettolara dolduran və qaz krematoriyalarında məhv edən nasist Adolf Eyxmanın uzun illərdən sonra gizləndiyi Argentinadan götürülüb İsrailə gətirilməsi düşür. Bu hadisə 1960-cı ildə, II Dünya müharibəsinin başa çatmasından 15 il sonra baş verib. Ona qədər israilli kəşfiyyatçılar SS oberşturmbanfüreri, “Holokostun memarı” adlandırılan Eyxmanı güman gələn hər yerdə axtarıblar, nəhayət, izini Argentinada tapıblar və dəqiqliklə həyata keçirilən əməliyyatla bu hərbi canini İsrailə gətirib ədalətə təhvil veriblər. Eyxmanın bütün cinayətləri üzünə sadalanıb, onun simasında nasizmin cinayətləri bir daha dünya ictimaiyyəti qarşısında mühakimə edilib və iki ildən sonra onu edam ediblər. İsrail tarixində məhkəmə hökmü ilə edam edilən iki adamdan biri Otto Adolf Eyxmandır.  Düzdür, V.Xaçaturyan ranqına, törətdiyi cinayətlərə görə Eyxmanla müqayisə oluna bilməz, amma hərbi cani elə hərbi canidir, onun bir neçə günahsız insanı qətlə yetirməsi ilə milyonlarla günahsız insanın qətlini təşkil etməsinin elə bir fərqi yoxdur. İkisi də ağır antibəşəri cinayətdir, sərt mühakiməyə, ağır cəzaya layiqdir.

Daha çox xəbərlər