Sosial 

Narkomaniyaya qarşı birgə mübarizə günün tələbidir

Cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniya  insan həyatında  fəsadlar yaradan, irqindən, yaşından, dinindən asılı olmayaraq, bütün xalqları, millətləri düşündürən ən ağrılı problemlərdən biridir. Xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya  günümüzün sərhəd tanımayan, qlobal xarakter daşıyan qorxulu xəstəliyi kimi hər bir insanı düşündürür. Hər kəsə məlumdur ki, dünyada milyonlarla, ölkəmizdə minlərlə insan bu bəladan əziyyət çəkir.  Həmçinin statistikada bu fakt da yer alır ki, gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik halları yüksələn xətlə artmaqdadır. Şübhəsiz ki, bu, həyəcan təbili çalmaya bilməz. Çünki hər bir ölkənin gələcək inkişafında əsas hərəkətverici qüvvəsi olan gənclərin sağlam şəkildə böyüməsi, təhsil alması, onların potensialından qarşıya qoyulan hədəflərin gerçəkləşməsində səmərəli istifadə edilməsi bütün dövrlər üçün öz aktuallığını qoruyur. Gənclərə diqqət və qayğı ilə yanaşan, «Gələcəyimiz bir çox cəhətdən indiki gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır» söyləyən müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev onların bu sosial bəladan qorunması üçün daim ciddi səylər göstərmiş, bu istiqamətdə müvafiq sənədlər imzalamışdır. Belə ki,  1996-cı ildə müvafiq Dövlət Komissiyası yaradılmış və daha sonra “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Qanun qəbul edilmişdir.  Bugünədək bu sosial bəlanın aradan qaldırılması məqsədilə üç Dövlət Proqramı icra olunmuşdur, 2019-cu ildən etibarən isə dördüncü Dövlət Proqramı həyata keçirilməkdədir.

Onu da qeyd edək ki, narkomaniya və narkobiznes dünyada münaqişə  ocaqlarının,  nəzarətsiz zonaların, terrorçu mərkəzlərin və  mütəşəkkil cinayətkar qrupların yaradılmasında, silah alverinin güclənməsində  mühüm faktorlardan biri kimi də çıxış edir. Son bir neçə ilə qədər ölkəmiz də bundan əziyyət çəkirdi. Belə ki, 30 ilə yaxın müddətdə torpaqlarımızın 20 faizini erməni işğalına məruz qalması, Qarabağın və Şərqi Zəngəzurun nəzarətsiz zonaya çevrilməsi  narkotiklərin ölkə ərazisində qanunsuz dövriyyəsinə də öz mənfi təsirini göstərmişdi. İşğal olunmuş ərazilərimizdə narkotik tərkibli bitkilərin yetişdirilməsi, onlardan əldə olunan vəsaitlərin isə çirkin niyyətlərin həyata keçirilməsinə yönəldilməsi hər kəsə çoxdan məlum olan faktdır. Ancaq 2020-ci ilin 27 sentyabr tarixində başlayan və 44 gün davam edərək Azərbaycanın şanlı Qələbəsi ilə sona çatan Vətən müharibəsindən və 19-20 sentyabr 2023-cü il tarixdə keçirilən lokal antiterror əməliyyatlarından sonra dövlətimizin bütün ölkə ərazisində öz suverenliyini bərpa etməsi ilə nəzarətsiz zona ifadəsi üzərimizdən götürüldü və torpaqlarımızdan keçən narkobiznesə ciddi zərbə vuruldu.

Bir nüans da qeyd olunmalıdır ki,  narkomaniyaya qarşı mübarizə tək bir ölkəni, qurumu, təşkilatı, yaxud bir şəxsi  deyil, ümumilikdə dünyanı narahat edən məsələdir və bu məsələnin həlli üçün birgə addımların atılması zəruridir.  Problemin ictimai təhlükəliliyi  ondan ibarətdir ki, gizli şəraitdə baş verir, nəzarətdən kənarda qalır, bu isə öz növbəsində müxtəlif fəsadların yaranmasına səbəb olur. Bu da sirr deyil ki,  narkotiklərlə bağlı cinayətlər haqqında, həmçinin bu bəlaya yoluxanların statisikası əvvəllər  gizli saxlanılırdı. Məhz bu gizlilik onun coğrafiyasının daha da genişlənməsinə bir növ yol açdı. Bu gün isə reallıqlara uyğun olaraq tamamilə başqa mənzərənin şahidi oluruq. Bu bəlaya yoluxanların, narkotik maddə satışı və alışı ilə məşğul olanların tutularaq cinayətə cəlb edilməsi ilə bağlı görülən işlərin ictimaiyyətə açıqlanması öz müsbət nəticəsini verir. Bu baxımdan ki, çoxları üçün adi görünən, amma ağır cəza olan ictimai qınaq deyilən məfhum var. Özünə dəyər verən, ətrafdakılarının yanında   pis vərdişlərin aludəçisi kimi tanınmağı vicdanına sığışdırmayan insanlar iradələrinə hakim olaraq   bu bəladan yaxa qurtarmağı bacarırlar.

Beləliklə, insanların sağlamlığını əlindən alan “ağ ölüm”ə qarşı mübarizə bütün dövlətlərin diqqət mərkəzindədir. Elə bu baxımdan da respublikamızın hər bir müəssisəsində, təhsil ocaqlarında, mədəniyyət müəssələrində müntəzəm olaraq narkomaniyaya qarşı tədbirlər keçirilir, təbliğat xarakterli görüşlər və müzakirələr aparılır. Narkomanlığın qarşısının alınması Bakı Şəhəri Pirallahı Rayon İcra Hakimiyyətinin də daimi diqqətində olmaqla səmərəli şəkildə təmin edilmişdir. Rayonda narkomanlığa qarşı mübarizənin gücləndirilməsi və qarşısının alınması məqsədilə Bakı Şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamları ilə “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Komissiya” və “Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyası” yaradılmışdır. Narkomanlığın yayılmasının qarşısının alınması sahəsində aidiyyəti vətəndaş cəmiyyəti institutları, hüquq mühafizə və digər orqanlarla qarşılıqlı əlaqə təmin edilmişdir.

Narkomaniya ilə mübarizə sahəsində vətəndaşların aktiv fəaliyyət göstərməsi, həmçinin şəxslərin müraciət etmək imkanlarının genişləndirilməsi məqsədilə rayon İcra Hakimiyyətində fəaliyyət göstərən elektron ünvan (mail@pirallahi-ih.gov.az), elektron müraciət (pirallahi-ih.gov.az/feedback.html), etimad telefonu (012) 5565942 və rəqəmsal icra hakimiyyəti portalı (rih.gov.az) barədə məlumatlar rayon İcra Hakimiyyətinin internet səhifəsində və məlumat lövhəsində yerləşdirilmiş, eləcə də bu barədə məlumatlar vətəndaşlara mütəmadi elan olunur.

Komissiyanın fəaliyyətinin səmərəliliyinin artırılması, təbliğat və maarifləndirmə işlərinin daha da gücləndirilməsi və davamlılığının təmin edilməsi, narkotiklərə meylli şəxslər barəsində vaxtında qabaqlayıcı və profilaktik işlərin görülməsi məqsədilə əməli tədbirlər həyata keçirilməkdədir.

Narkomanlığın qarşısının alınmasında əsas mübarizə vasitələrindən sayılan maarifləndirmə, təbliğat və profilaktika işlərinin, ictimai qınağın vacibliyini nəzərə alaraq digər tədbirlərlə yanaşı, cari dövr ərzində ümumtəhsil müəssisələrində, idarə və təşkilatlarda narkomaniya əleyhinə 20-dən artıq tədbir keçirilmişdir. Tədbirlərdə rayon İcra Hakimiyyətinin, vətəndaş cəmiyyəti institutlarının, hüquq mühafizə, səhiyyə, təhsil və digər aidiyyəti orqanların nümayəndələrinin, yetkinlik yaşına çatmayanların, gənclərin, valideynlərin, din xadimlərinin və digər şəxslərin iştirakı təmin edilmişdir. Həmçinin tədbirlər zamanı mövzu ilə bağlı müzakirələrin, izahat və təbliğat işlərinin aparılması, əhatəli şəkildə çıxışların edilməsi, videoçarxların nümayiş olunması, iştirakçıların suallarının cavablandırılması, rəsm sərgilərinin nümayişi və digər tədbirlərin görülməsi də təmin olunmuşdur. Rayon İcra Hakimiyyətinin internet və sosial şəbəkə səhifələrində, həmçinin kütləvi informasiya vasitələrində görülmüş işlər, keçirilmiş tədbirlər və digər məlumatlar işıqlandırılmışdır.

Gənclərin, yetkinlik yaşına çatmayanların idmana, incəsənətə və ictimai faydalı əməyə marağının artırılmasına, onların sağlam həyat tərzinə cəlb etdirilməsinə, antinarkotik dünyagörüşünün formalaşdırılmasına, asudə vaxtlarının səmərəli təşkilinə, vətənpərvərlik ruhunda tərbiyəsinə  diqqət artırılmış və bu sahədə də 30-dan artıq müvafiq tədbirlər,  idman yarışları və turnirlər həyata keçirilmişdir. Bu barədə də məlumatlar rayon İcra Hakimiyyətinin internet səhifəsində, həmçinin kütləvi informasiya vasitələrində işıqlandırılmışdır.

Sonda bundan sonra da bu kimi tədbirlərin davam etdirilməsinin Pirallahi Rayon İcra Hakimiyyəti tərəfindən prioritet məsələ olaraq saxlanılacağını və məqsədyönlü tədbirlərin davam etdiriləcəyini bildirmək istərdim. Şübhə yoxdur ki, birgə səylər nəticəsində qarşıya qoyulan bütün hədəflərə nail olunacaqdır.

Arzu Abdullayev,
Pirallahı Rayon İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın katibi

Daha çox xəbərlər