“Dilənçilərin şəbəkəsi var” – Kriminalistdən Zəhra ilə bağlı VACİB AÇIQLAMA
“3 yaşlı Zəhranın qaçırılması ilə bağlı məsələyə bir kontekstdən yanaşmaq olmaz. Kimsə uşağın qolundan tutub apardı, bacısına verdi, o da uşağı diləndirdi, itkin düşən uşaq tapılıb ailəsinə verildi və s. – Bu, elə-belə məsələ deyil. Bu, insan oğurluğudur. Əvvəllər Azərbaycanda Cinayət Qanunvericiliyində belə bir maddə yox idi. Müstəqillikdən sonra müəyyən hərəkatlar oldu, sərhədlər açıldı, cinayət tərkibli yeni “pioner” maddələr yarandı, eləcə də insan alveri, dilənçiliyin artması, insan oğurluğu və s. ilə bağlı maddə. Hadisəni üçbucaq şəklində təsəvvür edin”.
ARANTV.AZ xəbər verir ki bunu hüquqşünas, keçmiş məhkəmə işçisi, kriminalist Mahmud Hacıyev primetime-a açıqlamasında deyib. O bildirib ki, baş verən hadisə kifayət qədər ciddi xarakter daşıyır:
“Uşağı oğurlayanlar mikrorayonda, uşaq özü Sabunçuda yaşayır, amma Neftçilərdə diləndirilir. Üçbucaq şəklində bunlar bir-birindən aralı rayonlardır. Yəni qonşuluqda yaşayan, nitq qüsurlu uşaq idi, əlindən tutdum apardım ki, bir az pul qazanım tipli adi məsələ deyil. Bu, bilərəkdən uşağın oğurlanmasıdır. Nə məqsədlə olması isə işin ikinci tərəfidir. Birinci kontekstdən yanaşma odur ki, bu, insan oğurluğudur. İkincisi isə, hansı məqsədlə olmasıdır. O məqsəd də cinayət tərkibini yaradan amilə təsir edən şey deyil. Çünki məqsəd dilənçilik etdirmək, satmaq, öldürmək ola bilər. Bu artıq sonrakı hərəkətlərdir. Baş verən cinayət dediyim kimi insan oğurluğudur. Naməlum şəxslərin itkin düşməsi ilə əlaqədar axtarış iki hissədən ibarətdir: Məxfi və qeyri-məxfi. 6 ay, bir il və daha çox müddətdə uşaq tapılmazsa, naməlum şəxsin itkin düşmə faktı ilə əlaqədar açılmış axtarış işini prokurorluq orqanları təhlil edib ya ölüm, ya da adam oğurluğu faktına keçirir. Yəni uşaq tapılmasa, son nəticə belə olacaqdı. Şükürlər olsun ki, Zəhra ilə bağlı məsələ həll olundu”.
M.Hacıyev qeyd edib ki, valideynlər uşaqlarla bağlı kifayət qədər ehtiyatlı olmalıdır:
“Aydın məsələdir, hüquq mühafizə orqanları bu məsələ ilə bağlı obyektiv məşğul olacaqlar. Düşünürəm ki, insan oğurluğu ilə əlaqəli cinayət işi də qaldırılacaq. Uşağı oğurlayan qadının bacısı bilirsiniz ki, onun ağıldan kəm olduğunu bildirib. Bu artıq əməliyyat istintaq qrupunun işidir. Fakta görə, cinayət işi qaldırılır. Uşağı oğurlayana məhkəmə psixatrik ekspertizası təyin edilir. Ekspertiza rəy verir ki, onlar baş vermiş fakta görə anlaqlıdır, ya anlaqlı deyil. Mən hüquqşünas kimi əminliklə deyirəm ki, hər iki bacı baş vermiş cinayət tərkibində anlaqlıdır. İnsan oğurluğu cinayət qanunvericiliyində çox ağır maddədir. Dilənçilik faktorunun ucundan tutub ucuzluğa getmək lazım deyil. Bu, elə bir şeydir ki, baş alıb gedəcək. Kütləvi İnformasiya Vasitələri nə qədər çox ictimailəşdirsə, hüquq mühafizə orqanları nə qədər tez reaksiya verib məsələni mətbuata çatdırsa, bu işlə məşğul olanlar bir o qədər çəkiləcəklər. Bir növ profilaktik tədbirdir. Dilənçilərin şəbəkəsi var, elə-belə dilənmirlər. Onların ümumi bir yerdən mərkəzləri var, bir nöqtədən idarə olunurlar. Onların yazılmamış qanunları var. Hər hansı bir dilənçi bu qanunlara tabe olmasa, onu vəhşicəsinə döyürlər, şəhərdə ilim-ilim itirirlər. Dilənçinin əldə etdiyi gündəlik gəlirləri ilə bağlı ümumi mərkəzə məlumat verməməyə nə ixtiyarı var ki.. Həmin ümumi mərkəzə rəhbərlik edən şəbəkədəkilər çox ağıllı adamlardır. Bəlkə də əvvəllər məhkumluq həyatı keçiriblər, qanunvericiliyi sizdən, məndən yaxşı bilirlər. Sənin nə ixtiyatrın var, Sabunçu rayonundan uşağı oğurlayıb Neftçilərdə diləndirirsən? Məsələyə bu kontekstdən yanaşmaq lazımdır”.
Kriminalist bildirib ki, cəmiyyətə SOS siqnalı verməyə ehtiyac var:
“Əlbəttə, valideynlər də günahkardır. Mən hüquq mühafizə orqanlarının yerinə olsam, həmin valideynləri möhkəm danlayaram. Valideynlər uşaqlarına yiyə durmalıdırlar. Tutalım, sənin sosial-iqtisadi problemlərin var, amma bu o demək deyil ki, sən uşağının başından keçməlisən. Son zamanlar şəhərdə bir söz-söhbət də gəzir. Od olmasa, tüstü çıxmaz deyirlər. Bəzi valideynlər sosial-iqtisadi problemlərini bəhanə edərək özünün fiziki və psixi qüsuru olan azyaşlı uşağını dilənçilərə “arenda”ya verir. Qazanılan pulların da bir qismi valideynə, digəri dilənçilərin ümumi mərkəzinə gedir. Hardasa son 7-8 ayda bu cür söz-söhbətlər eşitmişəm. Əgər belə bir şey varsa, bunun da qarşısını almaq, vaxtında tədbir görmək lazımdır. Ay valideynlər, ayıq olun!”
Qeyd edək ki, bir neçə gün bundan öncə, Zəhra Bağırzadə evlərinin qarşısından naməlum şəraitdə yoxa çıxmışdı. Azyaşlı dünən “Neftçilər” metrosu yaxınlığında post patrul əməkdaşları tərəfindən tapılıb.

