İdman 

Qılıncoynatma üzrə millimiz Antalyada Avropa çempionatına hazırlaşır

Azərbaycanın qılıncoynatma üzrə milli komandası hazırda Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışındadır.

ARANTV.AZ-ın xəbərinə görə, qılıncoynatmanın sablya növü üzrə komandamız iyunun 5-dən etibarən hazırlıqlara başlayıb.

Hazırlıqlar 10 gün davam edəcək və ayın 15-də yekunlaşacaq.

Bəs millimiz hansı yarışa hazırlaşır?

Buna millimizin baş məşqçisi Çingiz Mustafayev vasitəsilə aydınlıq gətirməyə çalışdıq:

“Bu hazırlıq iyunun 17-də başlayacaq Avropa çempionatı üçün nəzərdə tutulub. Almaniyanın Düsseldorf şəhərində keçiriləcək və iyunun 22-dək davam edəcək bu qitə birinciliyində həm fərdi, həm də komanda şəklində mübarizə aparacağıq. Bu Avropa çempionatı Tokio Olimpiadasına lisenziya xalı verəcək”.

Yığmamızın çalışdırıcısı toplanışda iştirak edən idmançıların adlarını da açıqlayıb:

“Anna Başta, Valeriya Bolşakova, Səbinə Kərimova, Sevil Bünyadova, Cavanşir Ağakişiyev və Zərifə Hüseynova ilə hazırlıqlara qatılmışıq. İlk üç qadın sablyaçımız Avropa çempionatında iştirak edəcək. Cavanşir isə iyulun 3-dən iyulun 14-dək İtaliyanın Neapol şəhərində keçiriləcək Yay Universiadasına hazırlaşır.

Zərifə bir sıra beynəlxalq yarışlarda mükafat qazandığından, o cümlədən, sonuncu dəfə ötən ay İstanbulda keçirilmiş Avropa Qılıncoynatma Kubokunda 14 yaşadək idmançılar arasında bürünc medal qazandığından, onu da milliyə cəlb etmişik. O, daha çox böyüklərlə birgə təcrübə toplaması üçün yığmanın təlim-məşq toplanışına dəvət olunub”.

Çingiz Mustafayev millidəki gəncləşdirmə strategiyasından da danışıb:

“Bizim üçün əsas hədəf gəncləri yetişdirməkdir. Buna görə 2004, 2005, 2006 təvəllüdlü idmançıları milliyə cəlb etməkdə maraqlıyıq. Gələcək üçün millidə lidersiz qalmamaq üçün gənc idmançıları müəyyənləşdirmək istəyirik”.

Millimizin üzvü, Avropa Oyunlarının mükafatçısı Sevil Bünyadova isə deyir ki, onlara məşq üçün çox yaxşı şərait yaradılıb:

“Burada millimiz üçün əla şərait yaradılıb. Demək olar ki, idmançıların nəticə qazanması üçün hər cür şərait var. Burada pis şərait olsaydı, Polşa, Ukrayna, Türkiyə, Belarus milliləri də bizimlə birgə hazırlıq keçməzdi. Bir sözlə, şəraitdən çox razıyıq. İnanıram ki, yaradılan bu şəraitin bəhrəsini görüb Avropa çempionatında yaxşı nəticə əldə edəcəyik”.oxu.az

Daha çox xəbərlər