İlham Əliyev tariximizdə Zəfər anlayışının müəllifidir
Azərbaycan tarixinin ən şərəfli dövrünü yaşayır.
Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa edərək, müasir Azərbaycanın zəfər tarixini yazdı. Dövlət bayrağımızı əzəli torpaqlarımızda, o cümlədən Xankəndidə ucaltmaqla təkcə ərazi bütövlüyümüzü deyil, milli qürurumuzu bərpa etdi. 20 il öncə Prezident seçilərkən xalqımıza verdiyi bütün vədləri yerinə yetirən cənab İlham Əliyev Azərbaycan xalqına möhtəşəm qələbələr bəxş etdi. Bizə bu sevinci, qüruru yaşatdığı üçün cənab Ali Baş Komandana, qəhrəman Ordumuza təşəkkür edir, şəhidlərimizə Allahdan rəhmət diləyirəm.
Təbii ki, bu gün Azərbaycanın qalibiyyətini həzm edə bilməyən bəzi siyasi dairələr var və bu, özünü AŞPA-nn, Avropa Parlamentinin, eyni zamanda Niderland, İspaniya, Avstriya kimi ölkələrin parlament və senatlarının müzakirələrində, qəbul edilən qətnamə və tövsiyə sənədlərində bir daha göstərdi. Bu dairələrin Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı nümayiş etdirdiyi mövqe qərəzli, həqiqətdən uzaq və ədalətsizdir. Ölkəmizin lokal xarakterli antiterror tədbirlərinin və erməniəsilli mülki sakinlərin reinteqrasiyası ilə bağlı addımların təhrif olunması qəbuledilməzdir. Humanizmdən dəm vuran qurumlar Ermənistanın Göyçə, Zəngəzur, Dərələyəz və digər bölgələrindən zorla qovduğu etnik azərbaycanlıların taleyinə niyə biganə yanaşır? Ona görə də, Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququ üçün dəstək istəyən saysız-hesabsız müraciətlərinə göz yuman təşkilatların etnik ermənilərin hüquqlarını mövcud olmayan təhlükələrdən qorumaq sevdası ikrah doğurur.
Əslində heç bir hüquqi qüvvəsi olmayan, adi kağız parçasından fərqlənməyən bu qətnamə oyunlarının eyni mərkəzdən idarə olunduğu, həmin qurumların isə bir oyuncağa çevirildiyi göz önündədir. Yaxşı olardı ki, avropalı siyasətçilər Azərbaycanla münasibətləri korlamaq əvəzinə, həqiqətin yanında olub, əməkdaşlıq haqqında düşünsünlər. Azərbaycanın Avropanın enerji tələbatının qarşılanmasında mühüm yerə sahib olması, həyata keçirdiyi beynəlxalq infrastruktur layihələri avropalılar üçün olduqca əhəmiyyətlidir.
Bu kimi cəhdlər Azərbaycanın regionda davamlı sülhün təmin edilməsi və Qarabağ bölgəsində yerli erməni sakinlərin reinteqrasiyasını davam etdirmək əzmini sarsıda bilməz. Bu cür qətnamə qəbul edən təşkilatlara, dövlətlərə ən layiqli cavab Müzəffər Ali Baş Komandanın Xankəndidə Azərbaycanın dövlət bayrağını ucaltmasıdır! Artıq ölkəmiz üçün yeni inkişaf dövrü başlayıb. Uzun illər erməni işğalına məruz qalmış Zəngilan şəhəri bu gün “Şəhər Günü”nü qeyd edir. İşğaldan azad edilmiş ərazilərimizin sürətlə bərpa edilərək abadlaşması və Böyük Qayıdış proqramının öz büdcəmiz hesabına uğurla həyata keçirilməsi cənab Prezidentin müdrik siyasətinin və dövlətimizin qüdrətinin göstəricisidir.
Yaşasın Ali Baş Komandan, yaşasın qalib, suveren, güclü Azərbaycan!
Emin Hacıyev, deputat