Narkomaniya cəmiyyətin qəddar düşmənidir
Sağlam cəmiyyətin formalaşması baxımından Azərbaycanın dövlət siyasətində başlıca vəzifə olan, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizə kampaniya xarakterli deyil, davamlı siyasətdir. Cəmiyyətin “ağ ölüm” kimi tanınan narkomaniya bəlası insan həyatında sağalmaz fəsadlar yaradır desək, yanılmarıq.
Ümummilli Liderimiz Heydər Əliyevin 15 iyul 2000-ci il tarixli Fərmanı ilə narkomanlığın yayılması, narkotik vasitələrin, psixotrop vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə üzrə Milli Proqram qəbul edilmiş, həmçinin müvafiq dövlət komissiyası yaradılmış, bu sahədə böyük uğurlara imza atılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə düşən bəndlərinin və Xidmət rəisinin bu sahə ilə bağlı olan əmr və göstərişlərinin vaxtında və yüksək səviyyədə icrası qarşıya qoyulan vəzifələrdəndir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyətinin əsas istiqamətlərindən biri Silahlı Qüvvələrin mütəmadi olaraq sağlam gənclərlə komplektləşdirilməsinin təmin edilməsidir. Qarşıya qoyulmuş vəzifələrin həyata keçirilməsi məqsədilə sağlam həyat tərzinin təbliği işinin genişləndirilməsi, narkotik vasitələrin cəmiyyətə, çağırışçıların sağlamlığına ziyanı barədə maarifləndirmə işinin aparılması daim nəzarətdə saxlanılır. Bu istiqamətdə effektiv təbliğat metodlarının tətbiqi məqsədilə aidiyyəti dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə birgə səmərəli fəaliyyətin təmin olunması uğurlu nəticələrin qazanılmasına müsbət töhfə verir.
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli struktur bölmələrində ilkin hərbi qeydiyyata alınarkən və çağırışa cəlb edilərkən onların hərbi xidmətə yararlılığını müəyyən etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada həkim mütəxəssislər tərəfindən tibbi müayinədən keçirilirlər. Xidmətin yerli struktur bölmələri tərəfindən vətəndaşların ilkin hərbi qeydiyyata alınması, hərbi xidmətə çağırışı və təkrar tibbi müayinəsi zamanı dövlət tibb müəssisələrindən – psixi pozuntulara, narkomaniyaya, alkoqolizmə, toksikomaniyaya, narkotik və psixotrop maddələrdən sui-istifadəyə, insan immun çatışmazlığı virusu ilə yoluxmaya görə qeydiyyatı, diaqnozu və nəzarətdə olub-olmaması, həmçinin daxili işlər orqanlarından – narkotik vasitələrdən, psixotrop maddələrdən, alkoqoldan və tibbi preparatlardan qeyri-tibbi məqsədlərlə istifadəyə görə qeydiyyatda olub-olmaması haqqında məlumatlar alınır, əldə edilmiş məlumatlar üzrə aşkar olunmuş faktlarla bağlı çağırışçılar və onların valideynləri ilə müvafiq söhbətlər aparılır, həmçinin tibbi şəhadətləndirilmə zamanı narkotik və psixotrop maddələrdən istifadə ilə bağlı şübhə doğuran çağırışçılar müəyyən olunmuş tibb müəssisələrinə əlavə tibbi müayinəyə göndərilirlər.
Xidmət tərəfindən verilmiş göstərişlər əsasında 2022-2023-cü tədris ili ərzində hər bir rayon ərazisindəki bütün orta ümumtəhsil müəssisələrini əhatə etməklə Xidmətin yerli baş idarə, idarə, şöbə və bölmə rəislərinin müavinləri və ya çağırış şöbə (bölmə) rəisləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, rayon hərbi-həkim komissiyasının həkim mütəxəssislərinin birgə iştirakı ilə tədbirlər həyata keçirilmişdir. Narkomaniyanın, bədənlərində döymələrin edilməsinin qarşısının alınması və sağlam həyat tərzinin təbliği məqsədilə orta ümumtəhsil məktəblərində (ümumilikdə 139 təhsil müəssisəsində) şagirdlərin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə “Narkomaniya və müasir gənclik”, “Narkomaniya cəmiyyətin qəddar düşmənidir”, “Narkomaniyaya qarşı hamılıqla mübarizə”, “Narkomaniya nədir?”, “Zərərli vərdişlərə yox deyirik”, “Narkomaniyaya qarşı mübarizə və sağlam həyat” mövzularında maarifləndirici mühazirələr oxunmuş və aidiyyəti icra hakimiyyəti orqanlarının nümayəndələri ilə birlikdə kütləvi tədbirlər həyata keçirilmiş, Xidmət tərəfindən çağırışaqədərki hazırlıq rəhbərləri ilə keçirilən görüşlərdə, hərbi idman yarışlarında, hərbi bilik yarışlarında zərərli vərdişlərin fəsadları barədə mütəmadi olaraq maarifləndirici söhbətlər edilmışdır. Gənc nəsildə anti-narkotik dünyagörüşünün formalaşdırılması, narkomaniyanın insan genofonduna vurduğu zərər və narkotik vasitələrdən istifadənin insanı cinayətə sövq etməsi və cinayət məsuliyyəti yaratdığı barədə diskusiyalar aparılmış və zərərli vərdişlərə qarşı maarifləndirmə işi həyata keçirilmişdir. Bununla yanaşı, Xidmətin yerli struktur bölmələrinin yerləşdikləri ərazidə, inzibati binalarda, hərbi həkim komissiyasının otaqlarında narkomaniya və narkotiklərin fəsadları barədə xəbərdaredici məlumatlar əks olunan lövhələr və plakatlar quraşdırılmışdır.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkilatçılığı və Elm və Təhsil Nazirliyinin nümayəndələrinin iştirakı ilə respublikanın ümumtəhsil müəssisələrinin çağırışaqədərki hazırlıq rəhbərləri üçün keçirilən görüşlərdə, eləcə də yeni dərs ilinin başlanması münasibətilə keçirilən tədbirlərdə gənclərin müddətli həqiqi hərbi xidmətə mənəvi-psixoloji cəhətdən hazırlanmasının, ilkin hərbi biliklərin keyfiyyətli tədrisinin vacibliyi və təhsilverənlərin pedaqoji fəaliyyətində peşə məsuliyyətindən irəli gələn tələblərin təmin olunması diqqətə çatdırılır, gənclərin sağlamlığa ziyanlı vasitələrə aludəçiliyinin qarşısının alınması və zərərli vərdişlərdən uzaq saxlanılmasının mühümlüyü qeyd olunur.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizədə fəaliyyət effektivliyinin artırılması ilə bağlı aidiyyəti qurumlarla birgə istənilən praqmatik fəaliyyətə hazırdır və Xidmət tərəfindən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın aidiyyəti bəndlərinin icrasının təmin edilməsi istiqamətində müvafiq işlərin görülməsi daim nəzarətdə saxlanılır.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə iş və beynəlxalq əlaqələr şöbəsi

