11 illik əziyyətin ən şirin bəhrəsi
Oktyabrın 18-də dövlət başçısı İlham Əliyev “2023-2024-cü tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” Sərəncam imzalayıb. Sənədə əsasən, 2023-2024-cü tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və yerli ali təhsil müəssisələrinə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü veriləcək.
“İki sahil”in əməkdaşı Prezident təqaüdçülərinin bir qrupu ilə həmsöhbət olub, onların təəssüratlarını öyrənib.
Ümummilli Liderin 100 illik yubileyində bu adı qazanmağım mənə əlavə motivasiya verir

Cari tədris ili üzrə ali məktəblərə qəbul imtahanlarında göstərdiyi yüksək nəticəyə görə Prezident təqaüdünə layiq görülən tələbələrin siyahısında Bakı Dövlət Universitetinin tələbəsi Zəhra Hüseynova da yer alır. Zəhra Saatlı rayon Ələddin Şüküroğlu adına Varxankənd tam orta məktəbinin məzunudur. Qəbul imtahanında 675. 2 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olunub. Zəhranın “xəbəri eşidəndə hansı hisləri keçirdin” sualına cavabı belə oldu: “ Prezident təqüdünə layiq görüldüyüm üçün çox qürurluyam. Mən fəxr edirəm ki, dövlət başçımız, Müzəffər Ali Baş Komandan İlham Əliyevin təyin etdiyi təqaüdə layiq görülmüşəm. Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyində bu adı qazandığım üçün özümü xoşbəxt bir insan hesab edirəm və bu mənə əlavə motivasiya verir. Çalışacağam ki, bu ali etimadı daim qoruyum. Bu nailiyyəti əldə etməyimdə valideynlərimin əməyi böyük olduğu üçün onlar bu uğuru sevinclə qarşılayıblar.
Prezident təqaüdçüsünün gələcək abituriyentlərə tövsiyəsi belə oldu: “Çox çalışsınlar, əzmkar olsunlar və dərslərinə məsuliyyətlə yanaşsınlar. Onları inandırıram ki, heç bir əziyyət qarşılıqsız qalmır.”
Gələcəkdəki arzularından söz açan Zəhra bildirdi ki, hüquq sahəsi üzrə xaricdə təhsil almaq və Vətənə qayıdıb xalqımıza layiqincə xidmət etmək istəyir.
Prezident təqaüdçüsü adına layiq görülmək mənim üçün əvəzolunmaz hiss və fəxarət mənbəyidir

Prezident təqaüdünə layiq görülənlərin siyahısında Mahir Nurulu da var. O, Türkiyə Dəyanət Vəqfi Türk Liseyinin məzunudur. Mahir 667.8 balla Bakı Dövlət Universitetinin hüquq fakültəsinə (tədris ingilis dilində) qəbul olunub. Həmsöhbətimiz duyğularını bizimlə bölüşdü: “Prezident təqaüdçüsü adına layiq görülmək hər bir Azərbaycan gənci kimi, mənim üçün də əvəzolunmaz hiss və fəxarət mənbəyidir. Prezident təqaüdçüsü olduğumu eşidəndə çox böyük qürur və sevinc hissi keçirdim. Bu xəbərin sevincini ilk olaraq valideynlərimlə bölüşdüm. Gəncləri stimullaşdıran və onlara daim yardım göstərən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Elm və Təhsil Nazirliyinə və Dövlət İmtahan Mərkəzinə öz təşəkkürlərimi bildirmək istəyirəm. Bu ada layiq görülmək istəyən gənclərə tövsiyəm odur ki, çox çalışsınlar və əzmkarlıq göstərsinlər.
Gələcək planlarından bəhs edən Mahir magistr və doktorantura pilləsi üzrə təhsilini davam etdirəcəyini bildirdi: “Daha sonra isə Azərbaycan Respublikasının prokurorluq orqanlarında xidmət etmək istəyirəm.”
Mənə güvənən insanların inamını doğrultmağın qürurunu duydum
Humanitar fənlər təmayüllü məktəb liseyin məzunu Leyla Əhmədzadə də “Heydər Əliyev İli”nin Prezident təqaüdçülərindən biridir. O, 666.2 ADA Universitetinin İqtisadiyyat fakültəsinə qəbul olunub. Müsahibimizin təəssüratlarından maraqlı məqamları təqdim edirik: “Xəbəri ilk coğrafiya müəllimim Elvin Məmmədovdan aldım. Bu, aylarla uğrunda çalışdığımız bir nailiyyət idi. Bu xəbəri eşidəndə anam da yanımda idi, o da çox sevindi. Öz növbəmdə ailəm, müəllimlərim başda olmaqla mənə güvənən insanların inamını doğrultmağın qürurunu duydum.”
Leylanın sözlərinə görə, qəbul imtahanında yüksək nəticə göstərərək ali məktəbə qəbul olunan istənilən abituriyent çəkdiyi əziyyətin bəhrəsini artıqlaması ilə hiss edir: “Lakin Prezident təqaüdçüsü adına layiq görülmək 11 illik əziyyətin ən şirin bəhrəsidir. Prezident təqaüdçüsü kimi ölkədə ən yaxşı yüz tələbədən biri seçilmək hissi sevinc, qürur və minnətdarlığın hislərinin qarışığıdır. Həm əziyyətin bəhrəsini tam anlamıyla görürsən, həm hər özünü təqaüdçüyəm deyə təqdim edəndə qürur duyursan, həm də dövlətin seçilmişlərindən olmağın sevincini yaşayırsan. Çox əziyyətli, amma sonunda alın tərinin həqiqətən də heç vaxt boşa getmədiyini anladığım bir yol idi… Bir Prezident təqaüdçüsü olaraq dövlətimizin göstərdiyi diqqətdən məmnunam. Təqaüdü qazanmaq qürur duydurduğu kimi, həm də onu saxlamağa çalışmaq bundan sonra da eynilə davam etmək üçün stimul verir. Bütün tələbələrə uğurlar diləyirəm və hər birinə bu gözəl hissi dadmağı arzu edirəm.”
Tək hədəfim…
Müsahibimizin abituriyentlərə tövsiyəsi də oldu: “İstənilən sahədə, istənilən işdə müvəffəqiyyətin sirrini çox istəməkdə görürəm. Lazım olan qalan hər şey məhz o sonsuz istəklə özünə yol tapır. Amma nəzərə alınmalıdır ki, o yol hansı yol olur olsun, məğlubiyyət və məyusluq mütləq ki, olacaqdır. Əsas odur ki, hər yıxılanda onları qaldıran və məqsədlərinə doğru itələyən bir qüvvə olsun.”
Gələcək planlarından söz açan həmsöhbətimiz bildirdi ki, təhsil aldığı ADA Universiteti tələbələrini yüksək təhsil, həmçinin müəyyən müddət sonra iş imkanları ilə təmin edir: “Bakalavr müddəti üçün tək hədəfim, universitetimizin təhsil imkanlarından yüksək səviyyədə yararlanmaq və ilk olaraq sahəmdə lazımi nəzəri biliklərə yiyələnməkdir.”
Hər bir uğurun təməlində öz yolunda qətiyyətli addımlarla davam etmək durur

Prezident təqaüdçülərindən biri də Cavid Nəzərovdur. O, Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunudur. Cavid 692.8 balla Baki Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi ixtisasına qəbul olunub. Həmsöhbətimiz bizimlə bölüşərək dedi: “ Xəbəri eşidəndə sevindim. Hislərimi ilk olaraq valideynlərimlə bölüşdüm. Prezident təqaüdçüsü adına layiq görülmək çox qürurlu bir hissdir çünki artıq başa düşürsən ki, respublikanın seçilmiş şagirdlərindən birisən. Uğurumun dəqiq bir sirri yoxdur. İnanıram ki, hər kəs çox çalışmaqla belə bir ada layiq görülə bilər. Gələcəkdə öz ixtisasım üzrə ən yaxsı kadrlardan biri olmaq və bu ixtisas üzrə biliklərimi təkmilləşdirmək istəyirəm.
Həmsöhbətimizin abituriyentlərə tövsiyəsi odur ki, ruhdan düşməsinlər: “Çünki bu yolda çətinliklərlə qarşılaşacaqsınız, lakin hər bir uğurun təməlində öz yolunda qətiyyətli addımlarla davam etmək durur.”
Prezident təqaüdçüsü olmağı hədəf seçmişdim

Prezident təqaüdçülərindən olan Səkinə Hüseynli Humanitar fənlər təmayüllü liseyin məzunudur. O, 664 balla Azərbaycan Tibb universitetinin tibb fakültəsinə qəbul olunub. Səkinə də hisslərini “İki sahil”lə bölüşdü: “Ümumiyyətlə, abituriyentlik dönəmində mən Prezident təqaüdçüsü olmağı özüm üçün bir hədəf seçmişdim. Bu hədəfim məni daha da motivasiya edirdi. Buna görə də qərarın rəsmi şəkildə açıqlanmasını səbirsizliklə gözləyirdim. Sonra dövlət başçımızın imzaladığı Sərəncamda adımı gördüyüm zaman əlbəttə ki, qürur və sevinc hissi keçirdim. Ancaq düşünürəm ki, həmin an keçirdiyim hissləri tamamilə ifadə edəcək sözlər lüğətimizdə yoxdur: “İlk olaraq bu xəbəri valideynlərimlə bölüşdüm. Çünki onlar da ən az mənim qədər bu xəbəri həyəcanla gözləyirdilər. Prezident təqaüdçü olmaq qürurverici olduğu kimi, həm də məsuliyyətlidir. Çünki bu adı qazanmaqla yanaşı, onu davam etdirmək, bu adı layiqli şəkildə qorumaq lazımdır. Uğurumun sirrinə gəldikdə isə, düşünürəm ki, bütün sahələrdə uğurlu olmağın sirri davamlılıq və nizam-intizamdır. Davamlılığımızı qorumaqla müddətcə bütün hədəflərimizə çata bilərik. Çünki bu uğur az müddətin deyil, illərin əməyinin və davamlılığının nəticəsidir. Hazırda ən böyük hədəflərindən biri universitetdəki təhsilimi əla qiymətlərlə davam etdirməkdir və sona kimi bu adı qorumaqdır.”
Bu hiss insanın həyatında yaşadığı ən önəmli hadisələrdən biri sayıla bilər
Hüseyn İsayev də Prezident təqaüdçüləri sırasındadır. O, 220 nömrəli məktəb-liseyin məzunudur və 665.5 balla Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə (tədris ingilis dilində) fakültəsinə qəbul olunub. Hüseyn xəbəri eşidəndə çox sevindiyini və bu hissi ilk olaraq ailəsi ilə bölüşdüyünü bildirdi: “Bu ali da layiq görülmək qürurverici bir hissdir. Bəzən bunu sözlərlə ifadə edə bilmirsən. Uzun müddət əziyyət çəkmək və bunun bəhrəsini görmək çox şirin bir hissdir. O ağrılı, əziyyətli günlərin sonunda bu xəbəri eşidəndə onun dadı, həzzi daha fərqli olur. Buna görə də bu hiss insanın həyatında yaşadığı ən önəmli hadisələrdən biri sayıla bilər.”
Hüseynin gələcək abituriyentlərə tövsiyəsi də belə oldu: “Buna bir marafon kimi yanaşmaq olar. Əvvəldən başlayıb axıra qədər gəlirsən. Yolda çətinliklər də, enişlər də, yoxuşlar da olacaq. Əsas məsələ odur ki, qarşınıza bir məqsəd qoyasınız və bu məqsəd uğrunda dayanmadan çalışasınız, ruhdan düşməyəsiniz. Əgər siz bunu həqiqətən də istəyirsinizsə, bunun üçün əlinizdən gələnini və hətta ondan artığını da edəcəksiniz.”
Gələcək planlarından danışan həmsöhbətimiz vurğuladı ki, hələlik bakalavr təhsilimi Azərbaycanda düşünürəm: “Təbii ki, təhsillə yanaşı, istərdim ki, sosial aktivlikdə, dərsdənkənar fəaliyyətdə özümü sınayım. İxtisasdan əlavə tələb olunacaq bəzi bacarıqlara yiyələnməyi düşünürəm. Bunlardan əlavə tələbə təşkilatlarının fəaliyyətləri ilə də maraqlanıram. Düşünürəm ki, bu tipli təşkilatlara qoşularaq ətrafımla, dostlarımla birgə müəyyən səviyyələrdə inkişaf edə bilərik.”
Özümdən bu uğuru gözləyirdim

Builki Prezident təqaüdçülərindən olan Ömər Əsgərzadə qəbul imtahanında 684.5 bal toplayaraq ADA Universitetində Riyaziyyat ixtisası üzrə təhsil alır. O, gələcəkdə DATA analitikası üzrə karyera qurmaq istəyir. Ömər bildirdi ki, təqaüdçü olacağımı təxmin edirdim: “Çünki balların keçən ilə nisbətdə xeyli düşdüyünü görmüşdüm. Rəsmi olaraq bu ada layiq görüldüyümü biləndə şad xəbəri ilk olaraq anamla bölüşdüm. Təvazökarlıqdan uzaq olsa da özümdən bu uğuru gözləyirdim. Bu yaxınlarda vəfat edən babamın ruhunu qürurlandırdığımı düşünəndə bu hissi daha çox təsirli olur.”
Ömər gələcək abituriyentlərə tövsiyə etdi ki, bu uğura sahib olmaq üçün savad şərtdir: “Əgər istedadlarının olduğunun fərqindədirlərsə, bu mərtəbə onlar üçün mütləq əlçatandır. Önəmli olan ev tapşırıqlarını daim etmək, bilmədiyin, bilsən belə əmin olmadığın hər detalı müəllimlə və ya internetdə araşdırmaq və dəqiqləşdirməkdir.”
Əziz tələbələr, bir daha sizi bu yüksək ada layiq görülməyiniz münasibətilə təbrik edirik. Sizin timsalınızda bütün tələbələrə bundan sonrakı təhsil pillələrində uğurlar arzulayırıq! Yolunuz daim açıq və işıqlı olsun, qalib Azərbaycanın məğrur gəncləri!

