Siyasət 

Əzrayılla çiling-ağac oynamaq…

Sülh danışıqlarının növbəti raundları öncəsi Ermənistanın mövqeyini təhlükəli həddə pisləşdirən səbəblər hansılardır?

Avropa Parlamentinin tribunasından guya sülh gündəminə açıq olduğunu, Ermənistanla Azərbaycan arasında yekun sülh müqaviləsinin imzalanmasına çalışdığını bəyan edən Nikol Paşinyan bir tərəfdən də ölkəsini silahlandırmaq yolunu tutub. Əvvəl himayədarlarının vasitəçiliyi ilə silah-sursat, hərbi texnika və zenit-raket kompleksləri almaq üçün Hindistanla müqavilələr bağlamış düşmən ölkənin siyasi hakimiyyəti bu dəfə Qərbə, “böyük bacısı”na üz tutub. Məlumdur ki, Fransanın Ermənistanı öz istehsalı olan silahlarla silahlandırmağa razılıq verməsi bu yolla Cənubi Qafqaza soxulmaq və regionda qüvvələr balansını pozmağa hesablanıb. Lakin Makron Fransasının məkrli planlarının BMT Təhlükəsizlik Şurasının Azərbaycanla bağlı iclaslarında olduğu kimi fiaskoya uğrayacağını qaçılmaz edən ciddi amillər var. Nəticə əksinə Ermənistanı daha böyük fəlakətlərə sürükləyə bilər…

Fransanı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində aparılan sülh danışıqlarında arzuolunmaz dövlətə çevirən əsas səbəb əlbəttə ki, Prezident Emmanuel Makronun rəhbərliyi ilə komandasının tutduğu ədalətsiz mövqedir. Çünki Makron keçirilən çoxtərəfli görüşlərdə vasitəçi deyil, tərəf kimi çıxış etdiyini dəfələrlə nümayiş etdirib. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Moldova paytaxtında baş tutmuş beştərəfli müzakirələrdən sonra ölkəsinə qayıdan kimi erməni lobbisinə hesabat verməklə görüşlərdə iştirakının əsl mahiyyətini ortaya qoymuş Makronun ədalətli sülhə heç bir töhfə verə bilməyəcəyi tam dəqiqləşib. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin Fransanın da “vasitəçi” kimi iştirak etdiyi Qranada görüşündən imtina etməsinin nə qədər doğru addım olduğunu son proseslər də təsdiq edir. Ancaq Fransanın Ermənistanı silahlandırmaq cəhdləri aşağıdakı səbəblərdən sülh danışıqlarında Paşinyanın “əlini gücləndirəcək” qədər ciddi nəticələr yarada bilməz.

Əvvəla, Ermənistanın 44 günlük İkinci Qarabağ müharibəsindən sonra darmadağın edilmiş ordusunun yenidən hücum edə biləcək səviyyədə formalaşması üçün uzun illər tələb olunur. Üstəlik, silahlı qüvvələrinin hələ heç düz-əməlli sınaqları keçirilməmiş üçüncü nəsil Hindistan hərbi texnikası ilə təchizatının özü istənilən ölkə üçün böyük riskdir. Bu baxımdan Ermənistanın Hindistandan silah alışı güc balansını dəyişəcək faktor deyil. Rusiya-Ukrayna müharibəsi göstərdi ki, Qərbin, o cümlədən Fransanın istehsalı olan silahlar da daha ən müasir deyil. Nəhayət, Ermənistan ordusunun müharibədə itirdiyi canlı qüvvənin, xüsusilə də peşəkar hərbçilərinin yerini doldurmaq kimi uzun müddət həll edilməsi mümkün görünməyən problemi var.

Müqayisə üçün qeyd edək ki, Vətən müharibəsindən ötən üç il ərzində Azərbaycan öz Silahlı Qüvvələrini daha da gücləndirib, ordumuzun arsenalı yeni, ən müasir silahlarla zənginləşdirilib. Qarabağ problemi birdəfəlik həll olunduğundan Ermənistanla Azərbaycan arasında hərbi müstəvidə hər hansı qarşıdurma şərti dövlət sərhədi boyunca mümkündür ki, bu baxımdan da Azərbaycan Ermənistandan bir addım öndədir. Məlum olduğu kimi, 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında imzalanmış Müttəfiqlik münasibətləri haqqında Bəyannamə ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün qarantıdır, Ermənistan da daxil heç bir dövlət NATO-nun ən güclü ordularından birinə sahib olan Türkiyə ilə qarşı-qarşıya gəlməyi arzulamaz. Hətta Fransa da…

Fransanın Cənubi Qafqaza soxulmaq cəhdi Ermənistanın ən yaxın müttəfiqlərindən olan İranı da narahat edir. Cənub qonşumuzun siyasi rəhbərliyi dəfələrlə bəyan edib ki, regionda kənar qüvvələrin mövcudluğuna yol verməyəcəklər, bu, onların qırmızı xəttidir. Rusiyanın son proseslərə münasibəti haqqında danışmağa isə ehtiyac belə yoxdur. Əzəli hami də İran kimi Ermənistanın son davranışlarından, xüsusilə açıq şəkildə Qərbə meyillənməsindən, Avropa İttifaqının missiyasını ölkəsinə dəvət etməsindən və Fransa ilə silah sövdələşməsindən son dərəcə narahat və narazıdır. Rusiyanın öz silah bazarına başqa dövlətin girməsini sakit qarşılamayacağını təxmin etməyə ehtiyac yoxdur və bu vəziyyət Ermənistan üçün yaxşı heç nə vəd etmir. Yəni, Paşinyanın son davranışları təxminən “əzrayılla çiling-ağac oynamağa” bənzəyir.

Beləliklə, hazırkı mənzərə sülh danışıqlarının növbəti raundları öncəsi Ermənistanın mövqeyini nəinki yaxşılaşdıra bilmədiyini, əksinə Fransanın təhrikinə uyaraq təhlükəli həddə pisləşdirdiyini göstərir. Revanşizm məqsədilə atmaqda olduğu addımlar Nikol Paşinyanın hakimiyyətinin sonunu gətirə bilər. Çıxış yolu isə hələ ki tükənməyib. Məsələn, oktyabrın 23-də İranın paytaxtı Tehranda keçirilmiş xarici işlər nazirlərinin Azərbaycan, Türkiyə, Gürcüstan, İran, Rusiya və Ermənistan arasında əməkdaşlığı nəzərdə tutan “3+3” formatında görüşü sülh danışıqlarında irəliləyiş üçün əlverişli imkandır. Nəticə olaraq Cənubi Qafqazın taleyini təxribatçı Fransa deyil, başda sözügedən formatın təşəbbüskarları Türkiyə və Azərbaycan olmaqla regionun əsl sahibləri müəyyənləşdirəcəklər.

Daha çox xəbərlər