Cəmiyyət 

“Pulun var? Var-var…”, – “Onda bahalısını alaq!” – Gəlinliklərin satıldığı mağazadan reportaj

“Xalqımın toy kimi bir adəti var, bu cür el adətinə hörməti var…” Bu misralar səslənəndə adamın gözünün qabağına bir anda toy karvanı, oynayan xalalar, əl çalan bibilər, “Vağzalı” sədaları gəlir.

Bizdə toy təkcə iki gəncin ailə qurması deyil, başdan-ayağa mərasimlər yarışıdır. Ən vacib məsələsi isə toy günü cəmi bircə dəfə geyiniləcək gəlinliyin seçilməsidir.

O gün gələndə gəlin tək olmur. Ana, bacılar, rəfiqələr, baldız, bəzən də gələcək qayınana “komanda” şəklində mağazaların canına düşür. Bir mağazada “qolu çox açıqdır”, digərində “daşları həddən artıq parıldayır”, o birində isə qiymət eşidilən kimi hamının sifəti dəyişir. Çünki gəlinlik elə olmalıdır ki, həm dəbli olsun, həm zərif görünsün, həm də qiyməti ailə büdcəsində sıxıntı yaratmasın. Bir sözlə, gəlin aynaya baxanda “budur!” desin.

don.jpg (217 KB)

İndi isə görək orta və ya aşağı imkanlı paytaxt sakininin kirayə götürmək istədiyi gəlinliklər neçəyədir.

Musavat.com-un əməkdaşı bu dəfə gəlinlik bazarındakı qiymətləri araşdırmaq üçün paytaxtın Nizami rayonu ərazisində yerləşən “Lotos” ticarət mərkəzinə yollanıb. Modellərə geyindirilən gəlinliklər, tavandan əks olunan işıqlar, arada eşidilən “bu sizə çox yaraşdı” cümlələri bir anlıq adamı toy aurasına salır.

Satıcılarla söhbət zamanı məlum olur ki, ən ucuz kirayə gəlinliklərin qiyməti 400 manatdan başlayır. Amma bu məbləğə həm keyfiyyətli, həm də zövqlü model tapmaq o qədər də asan deyil.

Satıcılardan biri – Tərgül xanım deyir ki, gəlinlikləri əsasən Türkiyədən gətirir. O, danışdıqca hiss olunur ki, bu iş onun üçün sadəcə satış deyil, həm də bir növ “gəlin psixologiyasıdır”: “Bizə gələn qızlar əliboş getmir. Hər zövqə uyğun model tapmağa çalışırıq. İndi bax, bu sadə modeldir, az qaşlıdır, çox da qabarıq deyil. Kirayəsi 600 manatdır. Amma bunun içində gəlinin bəzədilməsi də var, duvaq da, tac da. Hətta hündür dabanlı ağ idman ayaqqabısını da pulsuz veririk”.

Doğrudan da indi gəlinlərin bir çoxu klassik ayaqqabı əvəzinə rahat hərəkət etmək üçün ağ idman ayaqqabısına üstünlük verir. Tərgül xanım deyir ki, başqa mağazalarda həmin ayaqqabıları ayrıca 30-40 manata kirayə verirlər: “Mən isə pul almıram. Onsuz da toy xərcdir. Qızlar rahat olsun istəyirik”.

Sonra gülərək əlavə edir:“Elə xeyirli əlim var ki, buradan geyinib gedən gəlinlərin çoxunun sonra oğlu olur. Hətta gəlib deyirlər ki, əlimi başlarına çəkim. Deyirlər, sənin əlin uğurludur”.

Mağazada gəlinliklərə baxan qızların üzündə isə həm həyəcan, həm tərəddüd hiss olunur. Kimi bəyəndiyi donun qiymətindən çəkinir, kimi də yanında dayanan qohumların reaksiyasından.

“Bir qız vardı, 800 manatlıq gəlinliyi çox bəyəndi. Amma qayınanası dedi, bahadır. Yazığın gözü donda qaldı. Başqa birinin nişanlısı dedi ki, çox açıqdır. Qız ağlaya-ağlaya çıxdı mağazadan…” – deyə satıcı qadın baş verənləri danışır.

don 2.jpg (212 KB)

Qiymətlər isə modelə, materiala və üzərindəki işləmələrə görə dəyişir. Nisbətən az geyinilmiş, səliqəli gəlinliklər əsasən 600 manatdan başlayır. Daş-qaş artdıqca, parça keyfiyyəti yüksəldikcə qiymət də 800-1000 manata qədər yüksəlir. Heç geyinilməmiş yeni gəlinlik istəyənlər isə daha çox xərc çəkməli olur.
Bununla belə, mağazalarda “qiymət söhbəti” də ayrıca mərasimdir. Satıcılar əvvəlcə yüksək məbləğ desələr də, sonradan endirimə gedirlər. 800 manatlıq gəlinliyi 750, hətta 700 manata almaq mümkündür. Necə deyərlər, söz danışıqdan keçir.

Bugünkü toy bazarında gözəl görünmək istəyən gəlin üçün gəlinlik artıq sadəcə ağ don deyil —büdcə, zövq, sosial baxış və bəzən də ailələrin müzakirə mərkəzinə çevrilən seçimdir.

Amma bütün bunların sonunda bir həqiqət dəyişmir: nə daş-qaşlı gəlinlik, nə bahalı tac, nə də ən dəbli toy xoşbəxtliyin özü deyil. Əsas məsələ bu həyatda insanın yarını, yarımçıq qaldığı insanı tapmaqdır…

don 3.jpg (163 KB)

don 5.jpg (179 KB)

don 6.jpg (177 KB)

gəlinlik.jpg (177 KB)

Şahanə Rəhimli
Musavat.com

 

Daha çox xəbərlər