Nəfsi dönər çəkənlər: Yeməsək bir dərd, yesək min dərd…
Yəqin ki, hər kəs küçədə gəzərkən “Türk dönəri”, “Halal dönər”, “Əla dönər”, “Şah dönər”, “Dadlı dönər” “No1 dönər” və s. bəlağətli sözlərlə elanı vurulmuş dönərxanalara rast gəlir. Əksəriyyətimiz hətta bu elanlardakı gəlişi gözəl sözlərə, dönərin ətrinə aldanıb və yaxud da ac vaxtımıza düşdüyü üçün nəfsimiz çəkib bu dönərdən alıb yemişik. Bu cür əlüstü, tez hazırlanan qidaları yeyirik də, amma sonrası haqqında fikirləşmirik…
“İki sahil” olaraq mütəxəssislərə “Dönər yemək olar, ya yox”, “Dönər niyə təhlükəli qidalar siyahısındadır”, “Dönərdən zəhərlənmə halları nə zaman və hansı səbəbdən baş verir” tipli suallar ünvanladıq ki, bu qidanın insan sağlamlığına təsiri ilə bağlı bir çox məqamlara aydınlıq gətirək.
Belə qidalar bir neçə saatlıq aclığı yatırsa da, birbaşa təhlükəli xəstəliklərin mənbəyidir!

Sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, səyyar satışda olan və ət məhsullarından hazırlanan çörəkarası qidalar, dönər, həmçinin un məmulatlarından hazırlanan peraşki, bulka risk qrupunda olan qidalar siyahısındadır. Yaxşı olar ki, ehtiyac olmadıqca bu kimi qidalardan istifadə olunmasın: “Xüsusilə dönərin hazırlanmasında bəzən mənşəyi bəlli olmayan, ucuz, xəstə heyvan ətlərindən istifadə olunur. Bu ətlər səhərdən axşama kimi açıq şəkildə saxlanılır və hər zamanda istiyə məruz qalacaq şəkildə alovun yanında olur. Nəticədə onun tərkibində həm mikrobioloji, həm də kimyəvi dəyişikliklər baş verir. Eyni zamanda, açıqda olduğu üçün ətrafdakı toz və xüsusilə də satıcıların sanitar-gigiyena normalarına əməl etməməsi səbəbindən də dönərlər fiziki çirklənməyə məruz qalır. Belə olan halda həmin qidanı qəbul edən insanlarda heyvandan insana yoluxan bir çox xəstəliklər yaranır. Həmçinin, həmin mikrob və viruslar orqanizmə daxil olaraq həzm sisteminin pozulmasına və həzm orqanlarının zədələnməsinə səbəb olur. Xüsusilə də bağırsaq mikroflorasanın pozulması ilə nəticələnir. Bəzən olur ki, həmin qidaları qəbul edən insanlarda dərhal ağırlıq, qarın boşluğunda ağrı və şişkinlik müşahidə olunur. Bu da həmin qidaların ağır həzm olunduğundan, bəzən isə həzm olunmadan bağırsaqlara keçməsindən irəli gəlir. Bu da ya ishal, ya da günlərlə müşahidə olunan qəbzliyə səbəb olur. Bütün bunlar bir daha dönər kimi məhsulların tərkibinin canlı qidalarla zəngin olmamasından, eyni zamanda, keyfiyyətsizliyindən qaynaqlanır.”

Ekspertin sözlərinə görə, bu tip qidaları gündəlik qəbul edən insanların arasında 25 yaşa qədər olan orqanizmlər varsa, bu zaman təhlükə ikiqat artır. Çünki həmin insanlar inkişaf prosesində olduğu üçün mütləq şəkildə keyfiyyətli, sağlam qida dəyəri olan məhsullar lazım olduğu halda, əksinə belə keyfiyyətsiz məhsullarla qidalanırlar ki, bu da onların həm əqli, həm də fiziki cəhətdən inkişafına mane olur.
Həmsöhbətimiz diqqətə çatdırdı ki, ayaqstü yeməklərdə bəzən dadlandırıcı olaraq monosodium qlutamat və mononatrium qlutamatın sintetik mənşəllindən istifadə edilir. Bu maddə el arasında Çin duzu kimi tanınır. Çin duzu birbaşa olaraq asılılıq yaradır və ağızda ənənəvi dad reseptorlarını məhv edərək beşinci yeni dad umami dadını yaradır ki, belə yeməklərlə qidalanan insanlar davamlı olaraq həmin qidaları istəyir, ənənəvi, keyfiyyətli xörəklərdən zövq ala bilmirlər. Həmin qidaları qəbul etdikdə dərhal toxluq və tez bir zamanda aclıq hiss edilir. Doyma hormonlarının balansını pozduğu üçün belə qidaları qəbul edən insanlar özlərini daim ac hiss edir, həmin məhsullarla çox qidalandıqları üçün artıq kalori qəbul etmiş olurlar ki, belə olan halda da piylənməyə yaranır. Bu, ilk növbədə xarici görünüşdə özünü göstərsə də, daxili orqanlarda, xüsusilə erkən yaşda qaraciyər piylənməsi kimi ciddi xəstəliklərin yaranmasına gətirib çıxarır. İnsanlarda zamanla mədədə qastirit, xora, mədə xərçəngi kimi xəstəliklər yaranır.
Məhsəti Hüseynova fikirlərinə davam edərək həmçinin bildirdi ki, sözügedən qidalarla birlikdə qəbul edilən qazlı, enerji içkiləri mərkəzi beyin sisteminin formalaşmasını və inkişafını sıradan çıxarır:“Bu cür içkiləri qəbul edən insanlarda getdikcə yorğunluq, yuxusuzluq, depressiyaya meyillilik, yaddaşın zəifləməsi və diqqət əskikliyi yaranır. Ona görə də bu cür qidalardan istifadə etmək tövsiyə olunmur.
Mütəxəssis vurğuladı ki, bu cür qidalar daha çox avtobus dayanacaqlarında, məktəb və ya universitet yaxınlığında və ucuz qiymətə satılır ki, hər kəs əlçətan olaraq bu qidalardan istifadə etsin. Xüsusilə azyaşlı uşaqların valideynləri diqqətli olmalı və övladlarını mənşəyi, hazırlanma yeri, istehsal şəraiti, istehsal müəssisəsi bəlli olmayan qidaları almaqdan, yeməkdən çəkindirməlidirlər.
Hər gün dönər yemək mədənin selikli qişasına ziyandır
Qastroenteroloq-hepatoloq Nazlı Qasımova “İki sahil”ə açıqlamasında bildirdi ki, dönərdən zəhərlənmə hallarının baş verməsinin səbəbi həm uşaqların orqanizminin immun sisteminin zəif olmasından, həmçinin onların dönər aldıqları yerə, dönərin qiymətinə seçici yanaşmamasından qaynaqlanır: “Dönərin mənşəyi bilinməyən, yoxlanmayan, keyfiyyətinə nəzarət olunmayan, laboratoriyadan keçməyən, yaxşı bişməyən ətdən hazırlanması təbii ki, orqanizmdə xəstəlik törədir. Dönər hazırlamaq üçün istifadə olunan ət düzgün qaydada saxlanılmır, bu da bakteriyaların inkişafına şərait yaradır. Belə yerdən uşaqlar dönər əldə edərlərsə fəsadları da bugünkü kimi ola bilər. Çünki dünəndən qalan qızardılmış ət düzgün qaydada saxlanılmır. Bu da bakteriyaların inkişafı üçün şərait yaradır. Ona görə də uşaqlarımızı tənbehləməyik ki, yoldan, dönərxanalardan, haradan-gəldi dönər almasınlar. Valideynlər buna ciddi nəzarət etsinlər”.
Qastroenteroloq diqqətə çatdırdı ki, dönər hazırlamaq üçün istifadə olunan ət hətta yaxşı olsa da, heyvanda heç bir xəstəlik olmayıbsa da, ət nəzarət laboratoriyasından keçibsə də, doğurdan da satış üçün normal qida kimi təsdiqlənibsə də, bütün baktereoloji analizlərdən keçibsə də, bu zaman mədəsində qastriti olan, yarası olan insanlara onu yemək olmaz. Amma heç bir problemi olmayan insanlar yaxşı bişirilmiş, normal, sanitar-gigiyenik qaydalarla hazırlanmış dönərdən hər gün yox, həftədə bir dəfə istifadə edə bilər. Amma hər gün dönər yemək mədənin selikli qişasına ziyandır. Çünki qızardılmış ət selikli qişada iltihab, qastrit yaradır. Ən çox da yaxşı bişməmiş dönər ətində helikobakter pilori (mədə mikrobu) olur ki, bu da mədə də qastrit, eroziya, xora, kəskin qastrantirit, xroniki qastritin kəskinləşməsi kimi problemlərə gətirib çıxarır. Həmçinin təkcə mədə yox, bağırsaq şikayətləri, ishal, qarında sancılar da bu şikayətlərə qoşulur.
Dönərxanalar tədrici zəhərlənmə mənbəyidir

Azad İstehlakçılar Birliyinin sədri, tanınmış ekspert Eyyub Hüseynov diqqətə çatdırdı ki, dönərxanalar cəmiyyətin bəlası çevrilib. Azərbaycanda 15 mindən çox dönərxana var. İllər boyu Azad İstehlakçılar Birliyi dönərxanalar məsələsini təqib edir və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) iki il İctimai Şuranın üzvü olaraq dəfələrlə rəhbərlik qarşısında məsələ qaldırdım ki, dönərxanalarda monitorinqlər aparaq, müəyyən işlər görək. Lazım olarsa, dəstək verək nümunəvi dönərxanalar yaradaq, təbliğ edək ki, cəmiyyət həmin obyektlərə doğru yönəlsin.
E.Hüseynovun sözlərinə görə, illər öncə Azərbaycanda iki müəssisəyə icazə verildi ki, həm toyuq dönəri hazırlasın, həm də mal ətindən dönər hazırlasın, onu şişlərə taxsın və lazımi səviyyədə, standarta uyğun hazırlasın. Dönərxanalara xüsusiləşmiş avtomobillərdə çatdırılsın. Bu müəssisələrdə çox bahalı şok dondurucu aparatlar var. Dönərlər şişə taxılandan sonra mənfi 40 dərəcə şok dondurulur. Orada olan heyvan xəstəlikləri və digər bakteriyalar hamısı məhv olur. Ondan sonra skoça bükülmüş, xüsusi kağız qablara qablaşdırılmış şəkildə, soyuducularda avtomobillərlə dönərxanalara çatdırılır. Lakin Azad İstehlakçılar Birliyinin tədqiqatı göstərir ki, 0, 5 faiz də dönərxanalar oradan dönər almır, və yaxud bir dəfə alırlar, kağızını asırlar divardan guya ki, onlar buradan daim dönər alır. Heç kəs sübut edə bilməz ki, orada asılan kağız bişən dönərə aiddir, yoxsa yox.
E.Hüseynovun sözlərinə görə, ölkənin hər yerində murdar ətlərin, ölmüş, xəstə heyvan, at, eşşək ətlərinin şəhərə daşınması da vaxtaşırı təqib olunur. Bu işdə ən uğurlu işi Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsi görür. Onlar ekspertizalar aparır, həbslər həyata keçirir və s. Təəssüflər olsun ki, bu iş sona yetmir. Çünki dönərxanaların “tələbi” var. Dönərxanalar bu cür təhlükəli ətlərin reallaşdırma mənbələridir.
Həmsöhbətimiz diqqətə çatdırdı ki, insanları bu qidadan zəhərləmə amillərindən biri də təkcə dönərin hazırlandığı quş və mal ətinin mənbəyi deyil, eləcə də onun özünün hazırlanmasındakı sərt texnologiyadır. Dönər bişirilərkən onun çölü qızarır, içərisinə isə yenicə istilik keçir. Yəni, dönərin üst tərəfi qaşınır, bişmiş olur. İçərisinə isə təzə-təzə istilik keçir. Heyvan bədənində olan bütün xəstəliklər həmin təzə istilik keçən mərkəzdən şiş üzrə axıb aşağıdakı qaba tökülür. Dönərçi isə üstdən kəsdiyi qızarmış əti həmin suya qarışdırıb istehlakçıya təqdim edir. Bütün heyvan xəstəlikləri insana buradan keçir. Nəticədə kiçik yaşlı uşaqların, gənclərin həyatı və sağlamlığı təhlükədə qalır.
Ekspert qeyd etdi ki, dönərxanalar elə bir şəraitdə işləyirlər ki, istehlakçılar o tərəfdə nə baş verdiyini fərdi görə bilmir. İllər öncə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi dönərxanalar üçün standartlar hazırlayıb. Onlara qarşı bütün gigiyenik və bir sıra zəruri tələblər müəyyənləşdirilib. Gəlin görək buna əməl olunurmu? Dönərxanada işləyənlər həqiqi tibbi müayinədən keçirilirmi? Orada olan malların saxlanması üçün soyuq mühit varmı, ətlərin mənbəyi məlumdurmu? İstehlakçılar sual verirlər ki, necə olur ki, ayran üstəgəl dönər 1 manata satılır. Normal dönərin qiyməti 2 manat, 2 manat 50 qəpik olmalıdır. Təəssüflər olsun ki, qiyməti aşağı endirməklə bu qədər böyük şəbəkə heç bir şeyə məhəl qoymadan bu işləri görür, istehlakçıların həyatını təhlükəyə atır. Qida Təhlükəsizliyi Agentliyi bu sahədə demək olar ki, heç bir rasional iş görmür. Yalnız kütləvi informasiya vasitələrində dərc olunan materialları oxuyuruq. Onlar bu sahədə vəziyyətə müəyyən mənada işıq salır. Bu məsələ də ondan qaynaqlanır ki, ölkədə istehlakçı siyasəti zəif inkişaf edir. Düşünürəm ki, bu sahədə ciddi çevriliş aparılmalıdır.
Mütəxəssislər dönəri tanıdığınız, keyfiyyətinə əmin olduğunuz məkandan almağı məsləhət görürlər. Çalışın sağlamlığınızı nəfsinizə qurban verməyin.

