Dilsiz-ağızsız heyvanların nə günahı var, ay vandallar?..
Qarabağ və Şərqi Zəngəzurda basdırılan minalar təkcə insanlar deyil, həm də heyvanlar üçün ciddi təhlükə mənbəyi olaraq qalmaqdadır
Özünün iqlim və landşaft müxtəlifliyi ilə seçilən Qarabağ və Şərqi Zəngəzur zonaları flora və faunasının zənginliyi, yeraltı və yerüstü sərvətləri, bərəkətli torpaqları, kəhriz və müalicəvi bulaqları, şəfalı suları ilə həmişə seçilmişdir. Burada çoxsaylı, o cümlədən Azərbaycanın “Qırmızı Kitabı”na daxil edilmiş qiymətli bitki və heyvan növləri, qoruq və yasaqlıqlar mövcud olmuş, mədəni bitkilərin Azərbaycan xalqı tərəfindən yaradılmış seleksiya nümunələri geniş şəkildə becərilmişdir. Qarabağ ərazisində işğala qədər 6 dəstəyə mənsub 63 məməli növü qeydə alınmışdır. Burada “Qırmızı Kitab”a daxil edilmiş Safsar, Çay samuru, Qonur ayı, Zolaqlı kaftar, Qamışlıq pişiyi, Çöl pişiyi, Vaşaq, Qafqaz bəbiri, Nəcib maral, Cüyür, Bezoar keçisi kimi nəsli tükənmək təhlükəsində olan orta və iri ölçülü nadir məməlilər də az deyil. Bunlardan bəziləri Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahısına (İUSN) da daxil edilmişdir. Qarabağın mağaraları, xüsusən Azıx mağarası BMT-nin Ətraf Mühit Proqramı Miqrasiya edən Heyvanların Konvensiyası çərçivəsində EUROBATS (Avropa Yarasa Populyasiyalarının Mühafizəsi) Razılaşması ilə beynəlxalq statusla mühafizə olunan nadir yarasa növlərinin sığınacağıdır.
Ermənistanın 30 il işğal altında saxladığı bu ərazilərdə törətdiyi vəhşiliklər istər regionda, istərsə də beynəlxalq müstəvidə məlumdur. Ağır cinayətlər sırasında ekoloji terror xüsusilə qeyd olunmalıdır. Düşmənin törətdiyi terror nəticəsində regionun ekologiyası, flora və faunası ciddi təhlükələrlə üz-üzə qalıb. Azad edilmiş ərazilərdə ekoloji fəlakətin miqyası, Ermənistan tərəfindən törədilmiş ekosid ürək ağrıdır. Qarabağ və Şərqi Zəngəzurda xeyli sayda meşələrin qırılması və ya yandırılması, torpaq və su hövzələrinin qanunsuz dağ-mədən sənayesi işləri nəticəsində kimyəvi cəhətdən çirkləndirilməsi, basdırılan minaların təkcə insanlar deyil, həm də heyvanlar üçün təhlükə mənbəyi olması deyilənlərə sübutdur.
Qarabağ və Şərqi Zəngəzurda mina qurbanı olan heyvanlar içərisində nəsli kəsilməkdə olan Beynəlxalq Qırmızı Siyahıya düşmüş növlər də var. Ermənistan tərəfindən heyvanlara, vəhşi faunaya qarşı sərgilənən bu cür qəddar münasibət yolverilməzdir. Cənubi Qafqaz kimi biomüxtəliflik cəhətdən zəngin bir regionun nadir təbiət inciləri, heyvanları bu cür rəftara məruz qalmamalıdır. “Bioloji Müxtəliflik Mərkəzi” İctimai Birliyinin azad edilmiş ərazilərdə minaya düşən heyvanlarla əlaqədar heyvanların müdafiəsi üzrə beynəlxalq təşkilatlara ünvanladığı müraciətdə deyilir: “Ermənistan həm də heyvanlardan sui-qəsdçi kimi istifadə edib. 2023-cü il sentyabrın 11-ində Ermənistanın Azərbaycan ərazisindəki qeyri-qanuni silahlı dəstələri itin üzərinə uzaqdan idarə olunan əldəqayırma partlayıcı qurğu bağlayaraq onu Azərbaycan Ordusunun mövqeləri istiqamətində hərəkət etməyə məcbur ediblər. Azərbaycan Ordusunun hərbi qulluqçuların sayıqlığı nəticəsində terror aktının qarşısı alınıb. Bu təxribat Adi silahların müəyyən növlərinin istifadəsinə qadağa və məhdudiyyətlərə dair Konvensiyanın Minaların, mina-tələlərinin və digər qurğuların tətbiqinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında protokoluna zidd olan əməldir. Heyvanlardan sui-qəsd məqsədilə istifadə olunması heç bir mənəviyyata sığmır”.
Qeyd edək ki, bu günlərdə azad edilmiş ərazilərdə mina qurbanları olan 2 ayının video və fotoları ictimailəşib. Ayılardan birinin minaya düşərək şikəst qalması, digər ayı balasının isə minanı tapdalamaqla ölməsi aydın müşahidə edilib. Təəssüflə qeyd etmək lazımdır, ayı balasının ölümünə səbəb olan mina 2021-ci ildə Ermənistanda istehsal olunub. Bu isə o deməkdir ki, Ermənistan 2020-ci ildə 44 günlük müharibədən sonra da Laçın yolundan sui-istifadə edərək Azərbaycan ərazilərini minalamada davam edib. Yalnız 2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun icra etdiyi lokal xarakterli antiterror tədbirləri ilə Ermənistanın Azərbaycanın suveren ərazilərini minalamasının qarşısını alınıb. Ümumdünya Təbiəti Mühafizə Fondu bir neçə il əvvəl (WWF) Ermənistanla Azərbaycan sərhədində ayaqları sikəst qalmış 2 bəbirin (Panthera pardus) təsvirini də yaymışdı.
Qeyd edək ki, Azərbaycanın Xarici İşlər Nazirliyinin, QHT-lərinin beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə ünvanladığı müraciətlərdə Ermənistanın həyata keçirdiyi qeyri-qanuni fəaliyyət, o cümlədən müəllifi olduğu urbisid, ekosid və kultursid aktları ilə bağlı faktlar toplanaraq beynəlxalq təşkilatlara təqdim olunub. Müraciətlərdə diqqətə çatdırılıb ki, beynəlxalq ictimaiyyət Ermənistan tərəfindən yalnız Azərbaycanın deyil, eləcə də bəşəriyyətin irsinə qarşı törədilən vəhşiliklərə susmamalıdır. Təəssüf ki, 30 ilə yaxın müddət ərzində beynəlxalq hüququ, o cümlədən beynəlxalq humanitar hüquq normalarını pozaraq bu kimi çoxsaylı müharibə cinayətlərini törətmiş şəxslərə qarşı hər hansı hüquqi məsuliyyət tədbirlərinin görülməməsi indiyə qədər bu kimi insanlığa sığmayan, nifrət dolu cinayətkar əməllərin davam etməsinə gətirib çıxarıb. Mövcud istiqamətdə beynəlxalq aləmdə qəbul edilmiş çoxsaylı sənədlər, etik kodekslər və məcəllələr var ki, bütün bunlar ekoloji problemlərin qarşısının alınmasını bəşəriyyətin ümdə vəzifəsi kimi müəyyənləşdirməkdədir. Ermənistanın belə mütərəqqi anlayış və çağırışlara da məhəl qoymaması, məsuliyyətsiz yanaşma tərzi ölkənin insani prinsiplərdən uzaqlığının göstəricisidir.

