Cəmiyyət 

Güclü dövlət, dayanıqlı sosial rifah…

Öz inkişafına görə regionun lider dövləti olan Azərbaycan həyata keçirilən düşünülmüş və məqsədyönlü siyasət nəticəsində möhtəşəm uğurlara nail olub. Bu, özünü Azərbaycanın gəlirlərinin artmasında göstərir. Ölkəmizin maliyyə imkanlarının artması öz növbəsində əhalinin sosial rifah halının daha da yüksəldilməsi istiqamətində həyata keçirilən siyasətə öz mühüm töhfəsini verir.

Azərbaycan dövlətinin sosial təminat sisteminin daha da möhkəmləndirilməsinə necə ciddi önəm verdiyi rəqəmlərdə də özünü göstərir. Cari ilin dövlət büdcəsində sosialyönümlü xərclərə 15 milyard 219 milyon manat vəsaitin yönəldilməsi nəzərdə tutulub. Bu, 2022-ci illə müqayisədə 1 milyard 289 milyon manat və yaxud 9,3 faiz çoxdur. 2023-cü ildə əhalinin sosial müdafiəsi və sosial təminat xərcləri isə 4 milyard 416 milyon manat məbləğində müəyyən edilib.

2018-2023-cü illərdə 4 milyondan çox vətəndaşı əhatə edən 4 sosial islahat paketi icra olunmaqla, bu islahatlar üzrə əlavə olaraq illik 6,8 milyard manat vəsait yönəldilib. Prezident İlham Əliyevin tapşırıqları əsasında həyata keçirilən köklü sosial islahatlar nəticəsində bəhs olunan dövrdə ölkəmizdə sosial ödənişlərdə ciddi artım dinamikasına nail olunub. Son dörd ildə  minimum aylıq əməkhaqqı 2,7 dəfə artırılaraq 130 manatdan 345 manata çatdırılıb. Dövlət Sosial Müdafiə Fondunun (DSMF)  məlumatına əsasən, bu ilin birinci yarısında da sosial ödənişlərdə artım qeydə alınıb. Artımlar ümumilikdə 810 min nəfəri əhatə edib, əlavə vəsaitin illik həcmi isə 310 mln. manat təşkil edib.

Ölkəmizdə vətəndaşların pensiya təminatı müvafiq qanunvericilik əsasında Dövlət Sosial Müdafiə Fondu vasitəsilə həyata keçirilir. DSMF-nin gəlirləri bu ilin 7 ayında proqnozla müqayisədə 7 faiz və ya 243 mln. manat çox olmaqla 3 mlrd. 848 mln. manat təşkil edib. Eyni zamanda, Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin artmasının məntiqi nəticəsi olaraq  pensiyalar da davamlı şəkildə artırılır. Respublikamızda son beş ildə minimum pensiyanın məbləği 2,5 dəfə artaraq 110 manatdan 280 manata yüksəlib. Bundan başqa, 24 növ sosial ödənişlərin məbləğlərində orta hesabla 22% artım olub.

Minimum pensiya məbləğinin artırılması 100 mindən çox vətəndaşımızı əhatə edir. Cari ildən etibarən respublikamızda pensiya yaşı tamam olanlar ən azı 280 manat ilə təqaüdə çıxırlar. Digər tərəfdən, 2006-ci il yanvarın 1-dən 2018-ci ilin iyulunadək hətta bir manat pensiya kapitlalı olanlar da minimum pensiya almaq hüququ qazanıblar. Yəni, əgər vətəndaşın 25 illik əmək ştajı yoxdursa və onun yığımları çox deyilsə, o da pensiya ilə təmin olunur. Bu da islahatlar çərçivəsində pensiya amnistiyasının növbəti 3 il üçün uzadılması sayəsində mümkün olub. Minimum pensiya məbləğinin artırılması, həmçinin orta pensiya məbləğinə də təsir göstərib. Ümumiyyətlə, cari ilin əvvəlindən başlanan pensiya islahatları kifayət qədər geniş məzmuna malikdir. Ölkəmizdə 2023-cü ildə pensiyaların fərqli təqaüdlər üzrə fərqli qaydada artırılması qərara alınıb.

Pensiya islahatları çərçivəsində xidmət səviyyəsinin yüksəldilməsi və bu əsasda vətəndaş məmnunluğunun artırılması da diqqət mərkəzində saxlanılır. Pensiya təminatının e-sistem üzərindən həyata keçirilməsinə başlanılması bu istiqamətdə atılan çox mühüm bir addımdır. Bu sistem şəffaflığın artırılmasında, vətəndaş-məmur təmaslarının minimuma enməsində vacib rol oynayır. Vətəndaşlar özlərinin pensiya təminatılarının bütün mərhələərini internet üzərindən asanlıqla izləyə bilərlər. Son yeddi ayda 19,5 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 90 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb.

Pensiya təminatının DOST mərkəzləri vasitəsilə həyata keçirilməsi xidmət səviyyəsinin yüksəlməsində bir dönüş kimi dəyərləndirilir. Xoş mərama əsaslanan fəaliyyət həyata keçirən DOST mərkəzlərində göstərilən xidmətlərin əhatə dairəsi getdikcə genişlənir. Hazırda bu mərkəzlərdə əmək və məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik və reabilitasiya, pensiya, sosial sığorta, bütövlükdə 15 istiqamət üzrə 159 növ xidmətin “bir pəncərə”dən operativ, şəffaf və nəzakətli, vətəndaş rahatlığı prinsipi əsasında göstərilməsi təmin edilir. Məhz belə çevik və nəzakətli xidmətə görədir ki, vətəndaşlar bu sosial xidmət qurumlarına məmnuniyyətlə üz tuturlar.

Bütün bunlara nəzərən bir daha aydın olur ki, dinamik inkişaf templərinə malik olan Azərbaycan ehtiyacı olan vətəndaşlara sosial xidmətlərin göstərilməsini daha da keyfiyyətli və əlçatan səviyyəyə çatdırmağı hədəfləyib. “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı”da məhz bu məqsədi daşıyır. Respublikamızın geniş imkanları və sosial sifarişlər nəzərə alınmaqla hazırlanan Dövlət Proqramı ölkədə sosial xidmətlər sistemində yeni inkişaf mərhələsinə keçidi şərtləndirir. 2026-cı ilin sonunadək hamı üçün bərabər iştirak imkanını təmin edən sosial xidmətlər sisteminin formalaşması, əhalinin göstərilən xidmətlərdən məmnunluq səviyyəsinin artması Dövlət Proqramının əsas hədəf göstəriciləridir.

Daha çox xəbərlər