Sənaye parkları və məhəllələri: Bu gün belədir, bəs sabah?..
Son illər ölkəmizdə qeyri-neft sənayesinin inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı layihələr sırasında dövlət başçısının təşəbbüsü ilə sənaye parkları və məhəllələrinin yaradılması mühüm əhəmiyyət daşıyır.
Bu məqsədlə indiyədək respublikada 7 sənaye parkı (Sumqayıt Kimya, Balaxanı, Mingəçevir, Qaradağ, Pirallahı, Ağdam və Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları) və 5 sənaye məhəlləsi (Neftçala, Masallı, Hacıqabul, Sabirabad və Şərur sənaye məhəllələri) istifadəyə verilib. Sənaye parkları və məhəllələrində sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli investisiya mühiti yaradılıb. Belə ki, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnika, texnoloji avadanlıq və qurğular isə ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar. İndiyədək sənaye zonalarında 134 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və bunlardan artıq 68-i fəaliyyətə başlayıb. Sahibkarlar tərəfindən bu günədək sənaye zonalarına 6,56 milyard manatdan çox investisiya yatırılıb və 10 min 600-dən çox daimi iş yeri yaradılıb.
Məlum olduğu kimi, indiki geosiyasi gərginliklər fonunda daxili istehsal hər bir ölkə üçün çox mühüm amilə çevrilib. Bu baxımdan respublikamızdakı sənaye parklarının və məhəllələrinin fəaliyyətinin genişlənməsi xüsusi diqqət çəkir. Əlamətdar haldır ki, sənaye parklarında və məhəllələrində buraxılan məhsulların həcminin və çeşidinin artması sayəsində bir sıra məhsullara olan daxili tələbat sırf yerli istehsal hesabına qarşılanır və bu siyahı ilbəil böyüyür.
Sənaye sektorunda əldə olunmuş artım onu deməyə əsas verir ki, ölkəmizdə sürətli sənayeləşmə gedir. Açılan yeni sənaye sahələri elmin son texnologiyalarına əsaslanır və dünya bazarlarında rəqabətqabiliyyətlidir. Ona görə də Azərbaycanda istehsal olunan sənaye məhsullarına dünya bazarlarında alıcı qıtlığı yaranmır. Digər tərəfdən, idxalın istehsalla əvəz olunması və ixrac potensialımızın artması ölkəmizin xarici valyutadan asılılığını aradan qaldırır. Hazırda Azərbaycanın sənaye potensialının böyük bir hissəsi 44 günlük Vətən müharibəsində işğaldan azad olunmuş ərazilərdə cəmləşib. Bu ərazilər təbii ehtiyatlarla zəngindir. Burada emal sənayesinin böyük inkişaf perspektivləri var. Uğurla reallaşdırılan bərpa proqramı çərçivəsində sözügedən ərazilərin sənaye potensialından da səmərəli istifadə edilməsi nəzərdə tutulub.
Bu baxımdan Ağdam Sənaye Parkı mühüm əhəmiyyətə malikdir. Hazırda bu sənaye parkının qurulması sürətlə həyata keçirilir. Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən tədbirdə bildirib ki, parkın 19 rezidenti, 6 qeyri-rezidenti var. İnvestorlar tərəfindən müəssisəyə 176 milyon manatdan çox sərmayə yatırmaq, 1600-dən çox daimi iş yeri yaratmaq planlaşdırılır. İndiyədək 12 milyon manata yaxın investisiya qoyulan sənaye parkının ilk müəssisəsinin gələn il fəaliyyətə başlaması gözlənilir.
Ölkəmizdə sənayeləşmə ilə bağlı siyasətin uğurlu davamı kimi Prezident İlham Əliyev oktyabrın 23-də Sumqayıt Kimya Sənaye Parkında yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərində iştirak edib.
Ölkəmizdə qurulan ilk, Cənubi Qafqazda isə ən böyük sənaye parkının hazırda ərazisi 583,5 hektar təşkil edir və burada neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabətqabiliyyətli məhsulların istehsalı, həmçinin emalı müəssisələri fəaliyyət göstərir. Parkda ümumi investisiyaların həcmi, təqribən, 5,8 milyard manat təşkil edir. “Azərbaycan Vanhong Ceramics Co.” MMC, “Novus Plastica” MMC və “UPI–Universal Packing Industry” QSC-nin açılışı ilə sənaye parkında fəaliyyət göstərən müəssisələrin sayı 23-ə çatır.
Parkda ümumi investisiyalarının həcmi təqribən 5,8 milyard manata yaxın 38 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. İndiyədək rezidentlər tərəfindən sənaye parkına 5,4 milyard manatdan çox investisiya yatırılıb. Artıq qeydiyyata alınmış 38 rezidentdən 23-ü fəaliyyətə başlayıb. Parkın rezidentləri tərəfindən, ümumilikdə, 9,5 milyard manatlıq satış həyata keçirilib ki, onun da 3,3 milyard manatdan çox hissəsi, təqribən, 34,7 faizi ixracın payına düşüb.
Sənaye parkında 2023-cü ilin 9 ayında 2,1 milyard manatlıq məhsul istehsal olunub. Bunun da 674,4 milyon manatlıq (32,1 faiz) hissəsi ixraca yönəldilib. Hazırda sənaye kompleksində 6 min 600 nəfərdən çox şəxs daimi işlə təmin olunub. Bundan əlavə mövcud layihələr üzrə parka əlavə olaraq 394 milyon manatdan artıq investisiyanın yatırılması, 2 mindən çox daimi iş yerinin yaradılması nəzərdə tutulub.
Parkda istehsal olunan məhsullar Türkiyə, Rusiya, Ukrayna, Belarus, Çin, Tayvan, Bolqarıstan, Rumıniya, Polşa, Niderland, İtaliya, Makedoniya, Litva, Avstriya, Estoniya, Danimarka, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Gürcüstan, Qırğızıstan, Braziliya, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Livan, İraq, Yaponiya, Amerika Birləşmiş Ştatları, Kanada və digər ölkələrə ixrac olunub.
Dövlət başçısının Sumqayıta indiki səfəri zamanı sözügedən parkda təməli qoyulan 2 müəssisə–“Çinar-Servis” İKF və “Kartaş Kimya” müəssisələrinin 2024-2025-ci illərdə fəaliyyətə başlaması planlaşdırılır. Həmin müəssisələr tərəfindən parka, ümumilikdə, 30 milyon manatdan artıq investisiyanın yatırılması, 300-dən çox isə daimi iş yerinin yaradılması nəzərdə tutulur.
Göründüyü kimi, qeyri-neft sənayesinin inkişafı Prezident İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi siyasətinin əsas istiqamətlərindəndir. Bu baxımdan iqtisadiyyatın digər sahələri ilə yanaşı, sənayenin inkişafına xüsusi önəm verilir, mövcud təbii və iqtisadi resursların istehsala cəlb edilməsi, qabaqcıl texnologiyaların daha geniş tətbiqi istiqamətində sistemli tədbirlər həyata keçirilir.

