Uşaqlarımıza elə adlar qoyaq ki, böyüyəndə xəcalət çəkməsinlər
Uşaqlara adqoyma özü ailə üçün bir hadisədir. Bu münasibətlə biz şənlik mərasimi keçirir, hər ilin həmin gününü xüsusi qeyd edirik. O adı daşıyan körpə gələcəyin məşhur bir adamı-alimi, şairi, yazıçısı və ya dövlət xadimi ola bilər. Bu fikri nəzərə alaraq valideynlər həm milli, həm də sanballı adları seçsələr daha düzgün olar. Bəzən həyatda elə qəribə adlara rast gəlirik ki, təəccüblənirik, belə də ad olar? Məsələn, Qotaz, Qaranaz, Birofiya, Şam, Meyxoş, Təşkilat. Bundan başqa Ramid, Ramiq, Asena, Ramal, Raul, Rinat, Pınar və s. bizim üçün qeyri-ənənəvi adlar da dəb halını alıb.
“Son dövrlərdə Əminə adını “Aminə”, Mehdi adını “Məhdi”, Əzizi “Aziz” kimi yazdırmaq üçün müraciətlər olub. Dilimizdə vahid formada Əziz adı var və bu normalara uyğun olaraq adlar verilir. Bizə hər gün qəribə adlarla bağlı müraciət edirlər. Ən çox ad dəyişmə problemdir. Elə olur ki, valideynlər tərəfindən həddindən artıq gülüş doğuran adlar verilir. Bəzən də əzizləmə ifadə edən adlar olur. Məsələn, uşaqların adını “Seva”, “Cana”, “Nəmuşka”, “Alik”, “Əlişka” yazdırırlar. Uşaq böyüyəndə adından xəcalət çəkdiyi üçün müraciət edib adını dəyişdirir.”
Bu fikirləri Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, Nəsimi adına Dilçilik İnstitutu Terminologiya şöbəsinin müdiri Sayalı Sadıqova söyləyib.
Övladlarına ad qoyarkən valideynlər həddindən artıq düşünməlidirlər. Adlar aydın, sadə, dəqiq olmalıdır. Elə adlar var ki, onlar gülüş doğurur, Sərçə, Zloy və s. bu qəbildəndir. Belə adlar uşaqların gələcəyinə, hətta taleyinə mənfi təsir edir, onların inkişafına süni surətdə əngəl yaradır. Konkret misal. Sovet dövründə Tərtər rayonunda ali təhsilli bir qabaqcıl kolxozçu oğlanın Kommunist Partiyasının sıralarına qəbul edilməsi tövsiyə olunur. Sənədləri hazırlanıb raykomun bürosuna təqdim edirlər. Raykomun birinci katibi adı oxuyan kimi sənədləri geri qaytarır və səsini qaldırıb oğlana deyir ki, sənin adın niyə Alikdir, məgər öz adlarımızdan birini bəyənməyiblər ki, özgə millətin adını qoyublar? Get, özünə azərbaycanlı adını qoy, sonra gəl qəbul edək. Məsələn, son dövrlərdə qeydiyyat idarələrinə uşaqlara “Vıva”, “Azka”, “Anka” kimi adların qoyulması ilə bağlı müraciət olunur. Bu adları daşıyanlara qocalanda Anka qarı, Azka nənə yaraşacaqmı? Əlbəttə, yox.
Bunlar da faktdır ki, vaxtilə uşaqlara “Cani”, “Cinayətkar”, “Samovar”, “Sovet”, “Bolşevik”, “Şura”, “Beriya”, “Kombayn”, “Zavod”, “Traktor”, “Komissar” kimi adlar qoyulub. Belə adlar qoyulan gənclər 18 yaşa çatandan sonra qeydiyyat idarələrinə adlarının dəyişilməsi ilə bağlı müraciət edirlər. Buna görə də o adların əksəriyyəti Azərbaycan dilinin adlar sistemindən xoşagəlməz adlar kimi çıxarılıb. Hər bir valideyn ad qoyan zaman düşünməlidir. Təəssüf ki, belə hallar indi də baş verir. Bəzi valideynlər baxdıqları filmdəki adı təklif edirlər. Azərbaycan dilinin öz qanunları var, bu qaydalar əsasında ədəbi dil normalarına uyğun olaraq bu adlar yazılır”, – deyə Sayalı Sadıqova bildirib.
Gəlin uşaqlarımıza elə adlar qoyaq ki, müasirliyə də, soy-kökümüzə də uyğun gəlsin, böyüyəndə onlardan utanıb xəcalət çəkməsinlər.

