Paşinyanın 9-cu bənd azarı və…
Ermənistanın baş naziri Nikol Paşinyan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın 9-cu bəndini ləğv etməyə çalışır. Hətta Paşinyan 2024-cü ilin büdcə layihəsinin müzakirəsi zamanı bu məsələni dilə gətirməklə yanaşı, kommunikasiyaların təhlükəsizliyini təmin etmək məqsədilə Milli Təhlükəsizlik Xidmətində xüsusi bölmənin yaradılması prosesindən də söz açıb: “Biz bütün ölkə üzrə patrul polisini işə salmışıq, onun ən mühüm vəzifələrinə insanların, yüklərin, malların və nəqliyyat vasitələrinin kommunikasiyalardan keçidi daxildir”.
Xatırladaq ki, Bəyanatın həmin bəndində deyilir: ”Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”.
Bəri başdan qeyd edək ki, bu, hər şeydən əvvəl həmin müddəaya zidd olaraq nəqliyyat əlaqəsi üzrə nəzarətin Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları tərəfindən həyata keçirilməsinin əleyhinə çıxmaqdır. Digər tərəfdən, Nikol Paşinyanın bu açıqlaması rəsmi Moskvanın Cənubi Qafqazdakı proseslərə təsir imkanını minimuma endirməyə hesablanıb. Görünür, Nikol Moskvanın adekvat davranışının nədən ibarət olacağını sınamaq istəyir. Onun hüquqi əsası olmayan bu növbəti oyununun arxasında bölgədə maraqları olan Qərbin, xüsusilə Fransanın dayandığı şəksizdir. Bu mənada demək olar ki, həmin “təşəbbüs” sırf siyasi xarakterə malikdir.
Amma Paşinyanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın 9-cu bəndini ləğv etməyə çalışması rəsmi Bakı üçün o qədər də önəmli deyil. Belə ki, bu günlərdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Politico”ya müsahibəsində “Zəngəzur dəhlizi layihəsi artıq Bakı üçün cəlbedici deyil, belə ki, oxşar təşəbbüsləri İranla da hazırlamaq olar”, – deyib. Şübhəsiz, bu, Ermənistanın məsələ ilə bağlı üçtərəfli Bəyanatda nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməyə razı olmamasından irəli gələn fikirdir
Bəli, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın Azərbaycanın qərb rayonlarından Naxçıvana nəqliyyat kommunikasiyasının açılmasının qeyd olunduğu doqquzuncu bəndi icra olunmamış qaldığına görə Azərbaycan özünə alternativ marşrut seçməyə üstünlük verib. Artıq rəsmi Bakı Tehranla Ermənistandan yan keçməklə İran ərazisindən Naxçıvana avtomobil və dəmir yollarının çəkilməsi barədə razılığa gəlib. Elə oktyabrın 30-da “Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolunun İran İslam Respublikası ilə bağlantısının və Araz çayı üzərində körpünün tikintisi işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı” bunun bariz nümunəsidir.
Qeyd edək ki, Araz çayının cənub sahilindən, Ermənistandan yan keçməklə, İran ərazisindən Naxçıvana və Türkiyə sərhədinə çıxışı təmin edəcək yol uzunluğuna görə Zəngəzur dəhlizindən o qədər də fərqləmir. Belə ki, Arazın şimal sahilindən, Ermənistandan keçəcək dəmir yolunun uzunluğu 42, İran ərazisindən salınacaq dəmir yolu isə təxminən, 50 kilometr olacaq.
Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, həmçinin vurğulayıb ki, Azərbaycan həmin nəqliyyat çıxışını Ermənistan üzərindən təmin edəcək Zəngəzur dəhlizini də hesabdan silmir: “Bu məsələ hələ də masa üzərindədir, lakin Ermənistan tərəfinin bu proseslər barədə həqiqətən maraqlandığını göstərməsinə ehtiyac var”. Yəni, əgər belə demək mümkünsə o, qüvvədədir. Məlumat üçün bildirək ki, 44 günlük Vətən müharibəsindən ötən 3 il ərzində rəsmi Bakı dəhlizin yaradılması istiqamətində çox mühüm addımlar atıb. Belə ki, Zəngəzur dəhlizinin Ermənistan sərhədinə qədər olan hissəsində 2 layihə reallaşdırılır – Horadiz-Zəngilan-Ağbənd dəmir yolu xətti və Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu. Amma təcavüzkar Ermənistan bu istiqamətdə heç bir addım atmayıb. Görünür, Ermənistan bu məsələdən yan keçməklə özünü yenə də mühüm layihələrdən kənarda qoymaq niyyətindədir. Digər tərəfdən, gah nala, gah mıxa vuran Nikol Paşinyan bununla həm də öz imzasına hörmətsizlik nümayiş etdirir. Halbuki, Azərbaycan öz sözünə, imzasına hər zaman sadiqdir. “Bizim sözümüz də imzamız qədər keçərlidir”, – deyir Prezident, Müzəffər Ali Baş Komanda İlham Əliyev.
Yeri gəlmişkən qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında noyabrın 3-də Astanada keçirilən 10-cu yubiley Zirvə görüşündə deyib: “Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirəcək nəqliyyat xəttinin həyata keçirilməsi də böyük əhəmiyyət kəsb edir. Xəttin açılması həm bölgədəki bütün ölkələrin rifahına mühüm töhfə verəcək, həm də Türkiyəni dədə-baba yurdumuz olan Orta Asiya ilə birləşdirəcək. Bu prosesin uğurla başa çatması üçün biz türk dünyası olaraq Azərbaycana dəstəyimizi davam etdirməliyik”.

