Vətəndaşın süfrəsinin zənginliyi kəndlinin əməyindən asılıdır
Fermerlərimiz bu il tarlalardan bol məhsul toplayıblar
Azərbaycan son 20 ildə dünya miqyasında sürətlə inkişaf edən ölkələrin ön cərgəsində qərarlaşıb. Bu dövrdə iqtisdiyyatımız 3 dəfədən çox artmışdır. Hazırda ölkəmizin valyuta ehtiyatoarı 65 milyard dollara çatıb. Xarici borcumuz isə 6 milyard dollardır ki, bu da bizim valyuta ehtiyatlarımızdan 10,5 dəfə azdır. Yəni, xarici borcumuz ümumi daxili məhsulumuzun (ÜDM) cəmi 9-10 faizini təşkil edir.
Bundan başqa, 2022-ci ildə ölkəmizin ümumi daxili məhsulunun rekord həddə-134 milyard manata çatmasını, xarici ticarət dövriyyəmizin 50 milyard dolları ötməsini də müsbət tendensiya kimi dəyərləndirmək olar. Ona görə ki, bu inkişaf birmənalı olaraq ölkə əhalisinin rifah halını yüksəltməyə xidmət edib.

Burada digər önəmli məsələ odur ki, ölkəmizin inkişafında sənaye ilə bərabər, kənd təsərrüfatının xüsusi rolu var. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar–sentyabr ayları üzrə Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 10 milyard manata çatıb. Bunun da 5,5 milyard manatı bitkiçilik, 4,5 milyard manatı isə heyvandarlıq məhsullarının payına düşüb. Cari ilin 9 ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı istehsalı 3 faiz, o cümlədən bitkiçilik 2,5 faiz, heyvandarlıq isə 3,5 faiz artıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə bu ilin bol məhsulu üçün 919 min 784,7 hektar sahədə payızlıq və yazlıq dənli paxlalı bitkilər əkilib. Bu ilin yanvar–sentyabr aylarında 917 min 526,9 hektarın məhsulu yığılıb. Həmin sahələrdən 2 milyon 937 min 443,6 ton məhsul tədarük edilib. Bu il ən yüksək məhsuldarlıq Qarabağ (41,4 ton) və Mil–Muğan (40,8 ton) iqtisadi rayonlarında qeydə alınıb. Ölkə üzrə bu sahədə ən yüksək göstərici isə Qarabağ iqtisadi rayonuna daxil olan Ağcabədi rayonunun payına düşüb (46,3 ton).
Son illər fermerlərimiz «ikinci çörək» hesab edilən kartofun da əkin sahəsini genişləndiriblər ki, nəticədə daxili bazarda kartof idxalından asılılıq minimuma endirilib. Mövsüm ərzində ölkə üzrə 49 min 475,5 hektar sahədə kartof əkilib. Cari ilin yanvar–sentyabr aylarında sahələrdən 1 milyon tona yaxın məhsul yığılıb. Hektarın məhsuldarlığı 200,1 sentner təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövründəkindən 11 sentner çoxdur.
2023-cü ildə 61 min 227,5 hektar sahədə tərəvəz əkən fermerlər sahələrdən bol məhsul toplayıblar. Belə ki, cari ilin 9 ayında 60 min 179,5 hektar sahədə yığım həyata keçirən fermerlər 1 milyon 694 min 659,7 ton məhsul tədarük ediblər. Hesabat dövründə tərəvəzçilikdə hektarın məhsuldarlığı 281,6 sentner təşkil edib. Müqayisə üçün deyək ki, ötən il bu göstərici 258,4 sentner olub. Tərəvəzçilikdə ən yüksək göstəricilərə Qazax–Tovuz (387 min 993,8 ton) və Qarabağ (232 min 640,7 ton) iqtisadi rayonları nail olublar.

Bu il bostan məhsulları da bol olub. Mövsüm ərzində əkin həyata keçirilmiş 17 min 224 hektar sahədən 446 min 454,1 ton məhsul yığılıb. Bostanlarda hektarın orta məhsuldarlığı 254,1 sentner (ötən il 231,9 sentner) təşkil edib. Bu sahədə ən yüksək göstərici isə Mil-Muğan iqtisadi rayonunda (262,3 sentner) qeydə alınıb. Həmçinin bu il ölkənin 15 min 800 hektardan artıq üzüm bağlarında da bol məhsul yetişdirilib. Yanvar-sentyabr aylarında bağlardan 182 min 411,5 min ton məhsul yığılıb ki, bu da əvvəlki ilin müvafiq dövründəkindən bir qədər çoxdur.
Hazırda strateji məhsul sayılan pambıq yığımı da davam edir. Xatırladaq ki, mövsüm ərzində ölkənin əsas pambıqçılıq rayonlarında, ümumilikdə, 93 min 722,3 hektar sahədə əkin həyata keçirilib. Yığımın əvvəlindən tarlalardan 142 min 95,5 ton «ağ qızıl» toplanaraq tədarük məntəqələrinə təhvil verilib. Bu göstəricinin daha da artması gözlənilir.
Təbii ki, burada bir dəyərli qanunuygunluq var ki, kənd təsərrufatındakı uğurlar həm də hər bir ölkə vətəndaşının süfrəsinin bol və zəngin olması deməkdir. Bol və zəngin süfrəsi olan insanların isə firavanlıq içində yaşaması bir gerçəklikdir. Ona görə də əli qabarlı Azərbaycan kəndlisi bu gün ən ali hörmətə layiqdir. Hələ bir əsr bundan əvvəl dahi Mustafa Kamal Atatürk məhz kəndlinin əməyini belə qiymətləndirmişdi: « Çiftçi (kəndli) məmləkətin əfəndisidir.»

