Siyasət 

Parisin sülhə mane olma konfransı: Yelisey sarayının riyakar siyasəti

Ermənistan baş naziri Nikol Paşinyan 6-cı Paris Sülh Konfransının panel müzakirələrində növbəti dəfə əsassız iddialar səsləndirib. Bununla da rəsmi İrəvan siyasi manipulyasiyalardan və təhrif olunmuş interpretasiyadan əl çəkmədiyini nümayiş etdirib. 

Adından da göründüyü kimi, əslində bu, sülhə xidmət edən bir tədbir olmalı idi. Amma həmin tədbirdə həm təcavüzkar Ermənistan, həm də ölkəmizə qarşı qərəzli mövqe tutan Fransa rəsmiləri yenə də Azərbaycan əleyhinə həqiqətə uyğun olmayan ənənəvi fikirlər səsləndiriblər.

Belə ki, baş nazir Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin guya “etnik təmizlənmə”yə məruz qaldığını bildirməklə yanaşı, Qərbi Azərbaycan İcmasının öz doğma torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıtması tələbinin Ermənistana qarşı “ərazi iddiası” və “təcavüzə hazırlıq” kimi qələmə verib. Nəticədə Fransanın Suriyadakı keçmiş səfiri Mişel Düklos həmin tədbirdə bu “qorxu”ya görə Ermənistanın Fransa tərəfindən silahlandırılmasının vacibliyini xüsusi vurğulayıb. Diqqət edək, adı sülh konfransıdır, amma silahlanmadan danışırlar. Bu fakt Makronun həm daxili, həm xarici siyasətinin anlaşılmazlıq, ziddiyyətlərlə dolu olduğunu təsdiqləməklə yanaşı, həm də riyakarlıq, Yelisey sarayının sülhə münasibətini ifadə edir.

Halbuki 44 günlük müharibədən dərhal sonra Azərbaycan Ermənistana 5 baza prinsipi əsasında sülh təklif edib. Üstəlik, rəsmi Bakı dəfərlərlə bildirib ki,  onun özgə torpaqlarında heç bir zaman gözü olmayıb və indi də yoxdur. Bunu Ermənistan rəsmiləri, eləcə də Qərb dövlətləri,  cümlədən Makron Fransası da yaxşı bilir. Amma Ermənistan, eləcə də bölgədə maraqları olan havadarları isə müxtəlif beynəlxalq platformalardan istifadə etməklə ölkəmizə qarşı aqressiv böhtan xarakterli ritorikanı davam etdirməklə, Azərbaycanın təcavüzkar obrazını formalaşdırmağa çalışmaqla sülh perspektivlərinə xələl gətirməkdə davam edirlər.

Sual olunur: 30 ilə yaxın təcavüzkar siyasəti ərzində bir milyona qədər azərbaycanlının fundamental hüquqlarını pozan, onlara qarşı misli görünməmiş soyqırımı və kütləvi qırğınlar törətmiş, işğal dövründə şəhər və kəndlərimizi viran qoymuş, məscidləri donuz fermasına çevirmiş  Ermənistan görəsən hansı mənəvi haqla belə bir məsələ qaldırır?

Digər tərəfdən, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin şəxsi qərarları əsasında Ermənistana köçməsinin məcburi yerdəyişmə ilə heç bir əlaqəsi olmadığı Paşinyana, həmçinin onun havadarlarına da yaxşı məlumdur.  Üstəlik, bu fakt BMT-nin ixtisaslaşmış qurumlarının nümayəndələrinin hesabat və bəyanatlarında da öz əksini tapıb? Elə isə niyə bu məsələ qabardılır, amma Azərbaycanın humanistliyindən bir kəlmə belə danışılmır? Belə olan təqdirdə  sülh istəyən tərəf silahlanmadan, qıcıqlandırıcı ritorikadan, böhtandan, riyakarlıqdan  istifadə etməlidirmi? Niyə özünü guya müstəqil ölkə hesab edən Ermənistan Fransanın və digərlərinin komandası ilə oturub-durmalıdır? Axı Prezident İlham Əliyev noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradda çıxış edərkən dedi: “Ermənistan rəhbərliyi əgər revanşist fikirlərlə yaşayırsa, Ermənistanın arxasında dayanan manipulyasiyaya öyrəşmiş ölkələr əgər yenə də Azərbaycan üçün hansısa məkrli plan qurursa, o, bugünkü parada bir nəzər yetirsin”. Bununla da bildirdi ki,  Ermənistanın arxasında kim dayanırsa-dayansın, heç nə əldə edə bilməyəcəklər. Yeri gəlmişkən, Xankəndidəki möhtəşəm Zəfər paradı müharibə arzusunda olanlara, Ermənistana, eləcə də havadarlarına tarixi dərsdir.

Bəli, bu gün Ermənistan və onun havadarlaı hər vəchlə sülhdən qaçmağa çalışırlar. Bu yerdə Səməd Vurğunun “Vaqif” pyesindəki “Günəşdən gizlənən yarasalar” misrası yada düşür. Amma bu yarasaların canfəşanlıqlarına baxmayaraq, rəsmi Bakı öz istəyinə nail olacaq. Yəni, Cənubi Qafqaza yeni reallıqlar yaratmış Azərbaycan bölgəyə sülh bəxş etməyi də bacaracaq.

Daha çox xəbərlər