Siyasət 

Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanması dünya mətbuatının diqqət mərkəzindədir

ARANTV.AZ xəbər verir ki, Xəzəryanı ölkələrin dövlət başçılarının 5-ci Zirvə toplantısı və Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanması dünya ictimaiyyətinin diqqət mərkəzindədir. BMT-nin baş katibi Antonio Quterreş Konvensiyanı tarixi sənəd adlandırıb. Dünyanın aparıcı informasiya agentlikləri bu mövzuya geniş yer ayıraraq imzalanan sənədi Xəzərin konstitusiyası adlandırıblar. Yeri gəlmişkən, zirvə toplantısında dövlət başçıları tərəfindən qəbul edilən kommunikeyə uyğun olaraq, Xəzər dənizi üzrə xarici işlər nazirlərinin müavinləri və ya səlahiyyətli nümayəndələrinin iclası bu ilin payızında Azərbaycanda keçiriləcək.

 

VİDEO: Aktauda keçirilən Xəzəryanı ölkələrin dövlət başçılarının 5-ci Zirvə toplantısını və Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanmasını alqışlayan BMT-nin baş katibi Antonio Quterreş bunu region ölkələrinə uzunmüddətli mübahisələrin həllində kömək edəcək tarixi sənəd adlandırıb. Baş katibin bəyanatında qeyd olunub ki, bu tarixi sənəd beynəlxalq sülh və təhlükəsizliyin dəstəklənməsi üçün zəruri olan regional əməkdaşlığın vacibliyini nümayiş etdirir. Konvensiya Xəzər dənizinin sahil dövlətləri arasında çoxdankı problemin geniş spektrinin nizamlanması üçün əvəzsiz bir alət, həmçinin regional gərginliyin aradan qaldırılmasında əhəmiyyətli addım olacaq. Qeyd edək ki, Xəzər dənizinin hüquqi statusuna dair imzalanan Konvensiya dünya mediasının da diqqətindədir. “S and P Global” saytı Xəzər dənizinin hüquqi statusuna dair konvensiyanın regional enerji əməkdaşlığı nümayiş etdirdiyini yazır. Vurğulanır ki, bu sənəd sualtı boru kəmərləri üçün geniş imkanlar açır və neft layihələrinin reallaşmasına təkan verəcək. “Times of İslamabad” agentliyi Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistanın dövlət başçılarının 20 illik danışıqlardan sonra Xəzər dənizinin kollektiv istifadəsi üçün əlamətdar saziş imzaladığını bildirir. “Sinxua” agentliyi də 5 dövlət başçısının Qazaxıstanın Aktau şəhərində keçirilən 5-ci sammitdə Xəzər dənizinin hüquqi statusu haqqında ənənəvi konvensiyaya imza atdığından xəbər yayıb. Diqqətə çatdırır ki, sənəd delimitasiya, naviqasiya və balıqçılıq rejimi məsələlərini aydın şəkildə tənzimləyir, iştirakçı ölkələrin qarşılıqlı hərbi-siyasi fəaliyyət prinsiplərini nizamlayır və Xəzər dənizinin yalnız sülh məqsədləri üçün istifadə olunmasına zəmanət verir. Çinin mərkəzi televiziyası CCTV də konvensiyanın əhəmiyyətini qeyd edərək xəbər verir ki, iqtisadiyyat, nəqliyyat və təhlükəsizlik sahələrində imzalanan sazişlə Xəzərin hüquqi statusunun tənzimlənməsi üçün lazımi baza təmin olunacaq. “BBC”-nin yazdığına görə, Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan Xəzər dənizinin sərhədlərinin bölünməsi ilə bağlı razılığa gələrək Qazaxıstanın Aktau şəhərində Xəzərin hüquqi vəziyyəti haqqında Konvensiyanı imzalamaqla Xəzərin ehtiyatlarının bölüşdürülməsinə dair bir düstur yaradıblar. “Vasington Times”ın yaydığı məqalədə deyilir ki, 5 lider on illiklərlə davam edən qeyri-müəyyənlikləri sona çatdırmağa dair konvensiyanı imzalayıblar. “Nyu-York Times”ın yazdığı məqalədə isə vurğulanır ki, Xəzər hövzəsindəki 5 ölkə potensial olaraq geniş neft və qaz ehtiyatlarını bölüşdürmək üçün bir düsturla razılaşıb. İmzalanan konvensiyada sahilyanı ölkələrin maraqlarının balansının əks olunduğu bildirilir. Digər nüfuzlu media qurumları da Xəzəryanı ölkələrin dövlət başçılarının 5-ci Zirvə toplantısını işıqlandıraraq qeyd ediblər kİ, Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan liderlərinin imzaladığı konvensiya ilk dəfə olaraq əraziyə çıxışın paylaşdırılması üçün hüquqi baza yaradır. Sənəd Xəzər dənizində bəzi aparıcı neft və qaz layihələrinin işlənib-hazırlanmasını asanlaşdıra bilər.  Ukrayna və Belarusun aparıcı informasiya agentlikləri da bu mövzuya geniş yer ayıraraq imzalanan sənədi Xəzərin konstitusiyası adlandırıblar. Ukraynanın “Ukrinform”, “UNİAN”, Belarusun “BELTA”, “Sputnik” informasiya agentliklərində yayımlanan məqalələrdə Xəzərin statusunun müəyyənləşdirilməsi tarixi uğur kimi qiymətləndirilib. Bildirilib ki, Konvensiyaya əsasən, Xəzər dənizində potensial olaraq böyük neft və qaz ehtiyatlarının bölünməsi əksini tapıb. Dövlət başçıları ərazi sularına bitişik balıqçılıq zonaları barədə razılıq əldə ediblər ki, burada da xüsusi balıq ovu hüququ təmin olunacaq. Xəzər dənizinin enerji ehtiyatları tərəflər arasında imzalanacaq növbəti müqavilələrə uyğun olaraq bölünəcək. “Aktauda Xəzəryanı ölkələrin dövlət başçılarının Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı imzalaması sözsüz ki, çox əhəmiyyətli hadisədir və Xəzərdə təhlükəsizliyin təmini üçün atılan mühüm addımdır”. Bu fikri isə Ukrayna Ali Radasının deputatı Oleq Medunitsa söyləyib. Deputat bildirib ki, bu Konvensiya Xəzəryanı ölkələrin Xəzər dənizində birgə layihələr həyata keçirmələri üçün yeni imkanlar açacaq. Bununla da Xəzəryanı ölkələr öz milli maraqları ilə yanaşı, təhlükəsizliklərini də təmin edə bilərlər”,- deyə parlamentari vurğulayıb. Səudiyyə Ərəbistanı Krallığının mərkəzi Londonda yerləşən “Əl-Şərq Əl-Ausat” qəzetində də sözügedən Konvensiyaya dair geniş məqalə dərc olunub. Məqalədə Konvensiyanın regionda neft və qaz ehtiyatlarının kəşfiyyatı, hasilatı və nəqlini xeyli asanlaşdıracağı, su resurslarından istifadəni tənzimləyəcəyi qeyd olunur. Diqqətə çatdlrılır ki, orta xətt prinsipi əsasında hazırlanan Konvensiya Xəzərə həm göl, həm də dəniz yanaşmalarını nəzərə alır. Ona görə də Xəzərə siyasi-hüquqi baxımdan xüsusi obyekt kimi yanaşılacaq. Məqalədə Xəzər dənizinin hüquqi statusunu müəyyənləşdirən Konvensiyanın imzalanmasının çox vacib olduğu vurğulanır.

Daha çox xəbərlər

Leave a Comment