Siyasət 

Kallasın səfəri anti-Azərbaycan ritorikasını kölgədə qoyur

Avropa İttifaqının (Aİ) Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın Azərbaycan səfəri Bakı-Brüssel əlaqələrində yeni mərhələnin başlandığı anlamına gəlməkdədir. Bu səfər bir daha sübut etdi ki, bəzi siyasi qrupların, xüsusilə Avropa Parlamentindəki müəyyən dairələrin anti-Azərbaycan kampaniyaları nəticəsizdir. Əksinə, Avropa İttifaqının əsas icraedici qurumları, o cümlədən Avropa Komissiyası ilə Azərbaycan arasında əməkdaşlıq sistemli və məqsədyönlü şəkildə davam edir. Kaya Kallasın Ermənistanın ev sahibliyi etdiyi Avropa Siyasi Birliyinin Zirvə toplantısından dərhal sonra Azərbaycana səfər etməsi münasibətlərin yüksək səviyyədə saxlanıldığını bir daha təsdiqləyir. Onun əvvəlki dövrlərdə də Azərbaycana səfərləri və beynəlxalq platformalar çərçivəsində Prezident İlham Əliyevlə keçirdiyi görüşlər bu dialoqun davamlılığını göstərən mühüm amillərdəndir.

Hazırda Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin əsasını siyasi dialoq təşkil edir. Xüsusilə ən yüksək səviyyədə imzalanmış birgə sənədlər bu əlaqələrin artıq strateji mahiyyət daşıdığını açıq şəkildə ortaya qoyur. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm iştirakçı kimi çıxış edir və bu fakt Avropa rəsmiləri tərəfindən dəfələrlə vurğulanıb. Xüsusilə Azərbaycanın etibarlı tərəfdaş kimi qiymətləndirilməsi ölkəmizin bu sahədəki rolunun artdığını göstərir. Hazırda Azərbaycan qazı artıq bir sıra Avropa ölkələrinə ixrac olunur və bu coğrafiyanın genişlənməsi, o cümlədən Avstriya və Almaniya kimi ölkələrin də bu siyahıya daxil olması əməkdaşlığın əhəmiyyətini daha da artırır.

cOiSfemWdAK0ihwoEON8iN4dEbdr46DoDdJtBLV2_1200.jpg (90 KB)

Azərbaycan eyni zamanda regionda sülh gündəliyinin formalaşdırılmasında əsas təşəbbüskar kimi çıxış edir. Bu istiqamətdə atılan addımlar və beynəlxalq platformalarda səsləndirilən mövqelər, o cümlədən Avropa Siyasi Birliyi sammitində Prezident İlham Əliyevin çıxışı, yeni regional reallıqların formalaşması baxımından mühüm əhəmiyyət daşıyır və beynəlxalq tərəfdaşlar tərəfindən də yüksək qiymətləndirilir.

GVXgFszMHmWAum6pUtOJqq36eEGgO2W4ITmYno1U_1200.jpg (36 KB)

Milli Məclisin deputatı Elnarə Akimova Musavat.com-a bildirib ki, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin gələcək trayektoriyası artıq formalaşmış praqmatik xəttin davamı kimi görünür və bu inkişaf eyni zamanda çoxşaxəli və dərinləşən xarakter daşıyacaq:

“Əvvəla, enerji sahəsi münasibətlərin əsas sütunlarından biri olaraq qalacaq. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu, xüsusilə alternativ mənbələrin şaxələndirilməsi fonunda daha da əhəmiyyət qazanacaq. Bu istiqamətdə tərəfdaşlıq yalnız qaz təchizatı ilə məhdudlaşmayacaq, yaşıl enerji, bərpa olunan mənbələr və enerji keçidi sahələrində də yeni əməkdaşlıq formatları meydana çıxacaq. Digər mühüm istiqamət nəqliyyat və logistika olacaq. Azərbaycan öz coğrafi mövqeyini strateji üstünlüyə çevirərək Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin əsas halqalarından biri kimi çıxış edir. Bu isə Avropa ilə Asiya arasında ticarət əlaqələrinin daha sürətli və təhlükəsiz şəkildə qurulmasında ölkənin rolunu artırır. Nəticədə tərəfdaşlıq iqtisadi məzmun baxımından daha konkret və praktik nəticələrə yönələcək.
Siyasi dialoq da paralel olaraq dərinləşəcək. Tərəflər arasında mövcud fikir ayrılıqları tamamilə aradan qalxmasa da, qarşılıqlı maraqların üstünlük təşkil etdiyi sahələrdə əməkdaşlıq daha rasional və çevik şəkildə davam etdiriləcək. Bu, münasibətlərin emosional deyil, məhz realist və hesablanmış əsaslar üzərində qurulduğunu bir daha təsdiqləyir. Regional təhlükəsizlik məsələləri isə bu münasibətlərin geosiyasi çəkisini artıran əsas faktorlardan biri olaraq qalacaq. Azərbaycanın regionda sabitlik təşəbbüslərində iştirakı və Avropa üçün etibarlı tərəfdaş imici gələcək əməkdaşlıq üçün əlavə zəmin yaradır. Bütün bu faktorlar onu göstərir ki, Azərbaycan-Avropa İttifaqı münasibətləri yaxın perspektivdə daha da institusionallaşmış, qarşılıqlı maraqlara əsaslanan və strateji baxımdan dərinləşmiş modelə çevriləcək. Bu model emosiyalardan uzaq, praqmatizmə söykənən və dəyişən geosiyasi reallıqlara uyğunlaşa bilən tərəfdaşlıq kimi formalaşacaq”.

Cavanşir ABBASLI
Musavat.com

Daha çox xəbərlər