Cəmiyyət 

Şuşanı görmək arzusuna çatdı, 2023-cü ildə elə orada da şəhid oldu

Şəhriyar ailənin yeganə övladı idi. O, iki vacib hərbi əməliyyatdan – 2020-ci il Vətən müharibəsindən və 2022-ci ildə keçirilən “Qisas” əməliyyatından geriyə salamat dönmüşdü. Qəbələnin Vəndam kəndində anadan olmuş Şəhriyar Əlibəylinin uşaqlıqdan Şuşanı görmək ən böyük arzusu idi. O, bu arzusuna İkinci Qarabağ müharibəsində hərbçi olaraq çata bildi. 2023-cü ildə isə Şuşa istiqamətində ermənilərin təxribatının qarşısını alarkən şəhid oldu.

Bunu AZƏRTAC-a müsahibəsində Vətən müharibəsinin şəhid baş leytenantı Şəhriyar Əlibəylinin anası Sahilə Əliyeva deyib.

Uşaqlıqdan Şuşanı görmək arzusunu hərbçi olaraq reallaşdıra biləcəyini anlayan Şəhriyar əvvəlcə Cəmşid Naxçıvanski adına Hərbi Liseyi, ardınca Heydər Əliyev adına Hərbi İnstitutu bitirib. Şəhriyar 2018-ci ildən Qazax rayonundakı “N” saylı hərbi hissədə rabitəçi kimi fəaliyyət göstərib.

Şəhriyar şəhid hərbçi yoldaşının qisasını alacağına söz vermişdi

Oğlunun İkinci Qarabağ savaşında iştirakından danışan şəhid anası, biologiya müəllimi Sahilə Əliyeva deyib ki, Şəhriyar Vətən müharibəsinin ilk günlərində şəhid olan hərbçi yoldaşı Musa Əsgərovun qisasını almağı özünə söz vermişdi. O, 2020-ci ilin oktyabrında Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) qruplarına qoşularaq Xocavənd, Şuşa, Kəlbəcər və Laçın istiqamətlərində aparılan hərbi əməliyyatlarda iştirak edib.

Balam 44 günlük Vətən müharibəsinə gedəndə özüm yola saldım. Sağ-salamat qayıtdı, qəhrəman ana oldum. Mən məktəbdə hamının uşağına Vətəni, torpağı sevməyi öyrətdim. Oğlum Vətəni öz canından da çox sevdi.

Şəhidin anası övladının xüsusilə Şuşanın azad edilməsi uğrunda döyüşlərdə iştirakı barədə deyib: “Şəhriyargilin Şuşaya gedən yolu Xocalı rayonunun Çanaqçı kəndində aparılan döyüşlərdən keçib. Çanaqçı kəndinin düşmən tapdağından təmizlənməsində və müdafiə olunmasında iştirak edən Şəhriyar XTQ mənsubları ilə birgə dağlıq və meşəlik ərazilərlə Şuşa şəhərinə doğru irəliləyib. Daşaltı kəndinin sol cinahında gizli mövqe tutaraq döyüşçü yoldaşları ilə birlikdə bir neçə gün ərzində Laçın yolunun və Şuşa şəhərinin əsl kəşfiyyatçı kimi müşahidəsini apararaq şəhərə gedən əsas yolları müəyyənləşdirib. Şuşaya doğru irəlilədikcə şiddətli döyüşlərdə şücaətini göstərib. Bu zaman həm atəş açıb, həm də öz döyüş yoldaşlarına komanda verib.

O əsgərlərinə komandirdən daha çox sirdaş və qardaş kimi yanaşırdı

“Şəhriyar tez-tez deyərdi ki, Şuşanı düşməndən təmizləmək ona yuxu kimi gəlirdi”. Şuşa şəhərinin altından keçən Xankəndi-Şuşa yolunda düşmənə qarşı pusquların qurulmasında iyirmi doqquz yaşlı baş leytenantın böyük əməyi olub. Gecənin qaranlığında olsa belə Şəhriyar özünü itirməyən döyüşçü idi. Şəhərin daxilinə sızan ilk qrupların tərkibində hərəkət etmişdi. Ş.Əlibəyli Qarabağın tacı azad ediləndə döyüş yoldaşlarına general-mayor Polad Həşimovun qısasının alındığını, onun ruhunun rahat olduğunu deyirmiş. O, hərbçi yoldaşı Musanın intiqamını aldığı üçün də təsəlli tapmışdı.

Şəhriyar Vətən müharibəsindən sonra Xüsusi Təyinatlı Qüvvələrin kursunu birinci olaraq bitirib. Bundan sonra XTQ-nin “N” saylı hərbi hissəsində qrup komandiri olaraq xidmətinə davam edib. Bir komandir kimi şəxsi heyət arasında yüksək nüfuz və hörmət qazanıb. O əsgərlərinə komandirdən daha çox sirdaş və qardaş kimi yanaşırdı. Çox yüksək mənəvi keyfiyyətlərə – əxlaqa, səmimiyyətə malik və dürüst birisi olduğundan onu tanıyan hər kəsin rəğbətini qazanmışdı.

Şəhriyar haqsızlığı sevməyən, ehtiyacı olanlara, dara düşənlərə kömək etməyi özünü borc bilən sıravi insan, yeri gələndə isə fikirlərində qəti, tələbkar zabit idi”.

Qeyd edək ki, Şəhriyar Əlibəylı 2020-ci ildə Vətən müharibəsi zamanı könüllü kimi XTQ qrupuna qoşularaq Şuşa, Xocavənd, Laçın və Kəlbəcər istiqamətlərində aparılan hərbi əməliyyatlarda, 2022-ci ilin avqustunda isə “Qisas” əməliyyatında iştirak edib.

Azərbaycan Ordusunun hərbi qulluqçusu 2023-il martın 5-də Şuşa -Turşsu-Xəlfəli yolunda qeyri-qanuni erməni birləşmələrinin törətdikləri növbəti təxribatın qarşısını alarkən şəhid olub. Belə ki, həmin gün qanunsuz erməni silahlı dəstələri Ermənistandan Qarabağ iqtisadi rayonuna silah-sursat və şəxsi heyət daxil etməyə cəhd göstərib. Qanunsuz hərbi daşınmalar həyata keçirmiş nəqliyyat vasitələri ordumuz tərəfindən saxlanılıb. Yoxlama zamanı qarşı tərəf atəş açıb. Şəhriyar Əlibəyli insident zamanı yüksək döyüş nümunəsi göstərərək erməni hərbiçilərini məhv edib və qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Onun nəşi İkinci Şəhidlər xiyabanında torpağa tapşırılıb.

O, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Şuşanın azad edilməsinə görə”, “Xocavəndin azad edilməsinə görə”, “Hərbi xidmətdə fərqlənməyə görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə mükafatlandırılıb.

Şəhriyar Əlibəylı ölkəmizin ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərdiyinə görə dövlətimizin başçısının müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

 

 

Daha çox xəbərlər