Bu gün Bərdə Rayon İcra Hakimiyyətində “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu”nun rəhbəri və üzvləri ilə BMT-nin Əhali Fondunun ekspertləri arasında görüş keçirilmişdir.
BMT-nin Əhali Fondu Azərbaycanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində “Qadınlar diqqət mərkəzində: qadınlara qarşı zorakılıq pandemiyası ilə mübarizə” adlı gender əsaslı zorakılıq (GƏZ) üzrə işlərin idarə olunması sisteminin gücləndirilməsinə həsr olunmuş dördillik qlobal proqramın hayata keçirir.
Layihənin əsas məqsədi GƏZ-lə bağlı işlərin idarə edilməsi üzrə kadr potensialının artırılması və mövcud sistemin təkmilləşdirilməsi yolu ilə gender əsaslı zorakılıq qurbanları üçün keyfiyyətli xidmətlərin davamlılığını və əlçatanlığını təmin etməkdən ibarətdir.
Layihənin ilk mərhələsində həyata keçirilən əsas addımlar gender əsaslı zorakılıq hallarının idarə edilməsi sistemlərinə cəlb olunan maraqlı tərəflərin oynadığı rolları, tərəfdaşlıqlarını və potensiallarını araşdırmaq və təhlil etməkdən ibarətdir.
Görüş zamanı əsas maraqlı tərəflərin göstərdikləri xidmətlər və mövcud protokollar, habelə digərləri ilə yanaşı təcrid olunmuş əhali qrupları üçün mövcud olan xidmətlər və xidmətlərdəki boşluqlar ekspertlərlə monitorinq qrupunun rəhbərləri və üzvləri arasında müzakirə edilmiş, aidiyyəti suallar cavablandırılmışdır.