ABŞ QHT-ləri “təxribat maşını” rolunda: Postsovet məkanında qarşıdurma güclənir – ŞƏRH + FOTO
ABŞ postsovet məkanında təsir imkanlarını genişləndirməyi prioritet elan edib, hədəfə çatmaq üçün də hər cür vasitədən istifadə etməkdədir. O, qeyri-hökumət təşkilatları (QHT) vasitəsilə bu məqsədinə çatmağa çalışır, Kremlin təsiri altında olan ölkələrlə yanaşı, müstəqil siyasət yürüdən dövlətləri də hədəfə alır.
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun da dünən ABŞ-ni postsovet məkanında vəziyyəti gərginləşdirməkdə ittiham etməsi bu qəbildəndir. Bu, iki fövqəldövlətin nüfuz savaşının tərkib hissəsi kimi qiymətləndirilir. Nazirin sözlərinə görə, ABŞ qeyri-hökumət təşkilatları ilə postsovet məkanında, xüsusən də Mərkəzi Asiyada fəal şəkildə güclənməyə çalışır. O vurğulayıb ki, ABŞ minlərlə qeyri-hökumət təşkilatı yaradıb, onların yüzlərləsi postsovet məkanında, xüsusən Ermənistanda və Qırğızıstanda işləyir. Lavrov qeyd edib ki, bir çox fondlar ABŞ Beynəlxalq İnkişaf Agentliyi vasitəsilə maliyyələşir və büdcədən pul alırlar. “Onların vəzifəsi bu qeyri-hökumət təşkilatlarının fəaliyyət göstərdiyi ölkələrdəki proseslərə birbaşa təsir göstərməkdir”, – nazir əlavə edib.
Lavrovun Ermənistanla bağlı söylədikləri əsasız deyil. Son illər ABŞ-yə məxsus müxtəlif QHT-lərin və vətəndaş təşəbbüslərinin rolu xeyli artıb. Vaşinqton Ermənistanda vətəndaş cəmiyyətini inkişaf etdirmək və onun təsirini gücləndirmək üçün məhkəmə və hüquq islahatları, vergi qanunvericiliyinin təkmilləşdirilməsi, səhiyyə, ingilis dilinin öyrənilməsi ilə bağlı layihələri açıq şəkildə maliyyələşdirir. Kitabxanalarda “Amerika guşələri” yaradılır. Erməni oxucuları Amerika ədəbiyyatı ilə tanış etmək və iki xalq arasında qarşılıqlı anlaşmanı dərinləşdirməyin hədəf olduğu vurğulanır. Birləşmiş Ştatlar hətta ərzaq bazarındakı vəziyyətə və istehlakçıların hüquqlarına nəzarət edən QHT-lərə də qrantlar ayırır. Vaşinqton Ermənistanda bir çox KİV-ə də nəzarət edir – faktiki olaraq üç media orqanını maliyyələşdirir: “Azadlıq radiosu”, Gümrüdə yerləşən GALA televiziya şirkəti və “Hetq” (Trace) onlayn araşdırma nəşri.
Ermənistanda ABŞ-nin maliyyə dəstəyi verdiyi bir neçə insan haqları təşkilatı da fəaliyyət göstərir. Bu sırada ABŞ Regional Araşdırmalar Mərkəzi və Ermənistan Milli və Strateji Araşdırmalar Mərkəzi var.
Eləcə də Birləşmiş Ştatlardan, onun müxtəlif institutlarından maliyyələşən təşkilatlar Rusiyanın himayəsi ilə qurulan təşkilatlardan çıxmağı prioritet elan ediblər. Bu sırada ilk yerdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Rusiyaya məxsus hərbi bazanın məqsədəuyğun olmadığı qabardılır. Bu yaxınlarda bir sıra ictimai-siyasi qüvvələr, eləcə də fərdi şəxslər Ermənistan hakimiyyətini KTMT, Aİİ, MDB-dən çıxmaq prosesinə dərhal başlamağa və Avropa İttifaqına üzvlük üçün müraciət etməyə çağırıblar. Müstəqillik Forumu keçirən bu QHT-lər hətta birgə bəyanat da veriblər. Bəyanat müəllifləri “Rusiyanın Ukrayna xalqına qarşı təcavüzü və soyqırımı” məsələsini qabardıblar, Ermənistan hakimiyyətinin Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya etməsini alqışlayıblar. Onlar Ermənistan hakimiyyətini faktiki olaraq Rusiyanın rəhbərlik etdiyi təşkilatlardan KTMT, Aİİ, MDB-dən çıxmağa, Rusiya ilə bütün hərbi və iqtisadi müqavilələrə xitam verməyə, Rusiya dövlət televiziya kanallarının və Ermənistanda dövlət yayımı ilə əlaqəli televiziya kanallarının yayımını qadağan etməyə çağırıblar.
Özü də ABŞ-nin siyasəti tək Ermənistanla bağlı deyil. Rusiya mediasında yer alan xəbərlərə görə, gələn il Vaşinqton postsovet məkanı ölkələrində sabitliyin pozulması və yeni gərginlik ocaqlarının yaranması istiqamətində siyasətini davam etdirəcək. Daha çox da diqqət Rusiyaya yönələcək. Bu, xarici siyasətin prioritetlərindən biri olacaq. Mərkəzi Asiya da diqqət mərkəzində olacaq. Məsələ ondadır ki, bu zona artıq ABŞ başda olmaqla, beynəlxalq təşkilatların, Qərb dövlətlərinin liderlərinin ən çox səfər etdikləri bölgəyə çevrilib. İlkin hədəf Avrasiya İqtisadi İttifaqının zəiflədilməsidir. Ukrayna ilə bağlı artıq vəziyyət bəllidir. Ölkəni müharibəyə sürükləyən Vaşinqton nəticədə bu ölkəni iflic vəziyyətinə salıb. Milyonlarla insan ölkəni tərk edib, torpaqları işğal olunub, ortada da bir nəticə yoxdur.
ABŞ asılılıq siyasətini beynəlxalq maliyyə institutları vasitəsilə həyata keçirməyə çalışır. Ağ Evin ənənəvi siyasətinin mühüm aləti olan bu qurumlar vasitəsilə postsovet məkanı ölkələrinə təzyiq edilir.
Yeri gəlmişkən, ABŞ-nin gərginlik yaratmağa çalışdığı növbəti ölkə Gürcüstandır. Postsovet məkanında böyük oyunlar oynayan ABŞ üçün Gürcüstan vacib ərazi hesab edilir. Tbilisi ABŞ QHT-lərinin aktiv fəaliyyət göstərdiyi ölkələr sırasındadır. Bu ilin noyabr ayında Gürcüstanda çevriliş etmək istədiyi barədə xəbərlər yayılmışdı. Bu sırada USAID-in də adı çəkilib. Sentyabrda Gürcüstan hakimiyyətinə qarşı müxalif insanlar üçün üç Serbiya vətəndaşının seminar təşkil etməsi sərt qarşılanmışdı. Xüsusi xidmət orqanlarının məlumatında bildirilmişdi ki, ABŞ və Qərbin digər ölkələrinin təşkil etdiyi dövlət çevrilişi cəhdinin qarşısını alınıb. Dövlət Departamentinin maliyyələşdirdiyi USAID-in bu işdə birbaşa iştirak etdiyi vurğulanıb. Plana görə, mitinqlər zamanı qarşıdurmaların yaradılması, silahların gətirilməsi, insanların öldürülməsi və ölkədə çaxnaşma yaradıb çevrilişə cəhd məsələləri haqda təlimlər buraya daxil edilib.
Beləliklə, Lavrovun məlum bəyanatının iki dövlət arasında nüfuz savaşının tərkib hissəsi olduğu bəllidir. Lakin planın reallaşmasının postsovet məkanında gərginliyə səbəb olacağı şəksizdir. Ortada da acı təcrübə var – Ukrayna, Suriya, İraq, Afrika və s. Ən ümdə məsələ isə siyahının uzanmasına yol verməməkdir.
“Report” İnformasiya Agentliyi