Sosial 

Narkotiksiz gələcək naminə

Bu gün dünyanı narahat edən ən təhlükəli problemlərdən biri də narkotiklərin qanunsuz dövriyyəsi və narkomaniyadır. Bu bəla bütün dünyada olduğu kimi, ölkəmizdən də yan keçməmişdir. Bir sıra dünya ölkələri ilə müqayisədə ölkəmizdə narkomaniya o qədər geniş yayılmasa da, mövcuddur və ciddi mübarizələrə baxmayaraq yenə də artmaqdadır.

«Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün təsdiq olunmuş Dövlət Proqramı» narkomaniyaya qarşı mübarizədə müvafiq qurumların qarşılıqlı fəaliyyət qurmasına və zəruri işlərin görülməsinə imkan yaradan sistemə təminat verir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) narkomaniya ilə mübarizədə fəal və ardıcıl mövqeyi var. Problemin dövlət səviyyəsinə qaldırılması və ictimaiyyətin nəzarəti altında saxlanılması, bu sahədə qəbul edilmiş Dövlət Proqramlarının (DP), BMT Konvensiyalarının və beynəlxalq layihələrin icrasında iştirakı buna sübutdur.

AHİK-də Dövlət Proqramından irəli gələn vəzifələrin həyata keçirilməsi ilə bağlı Fəaliyyət Proqramı qəbul edilib. Bu sənəddə işləyən və təhsil alan gənclər arasında narkomaniyaya dair qabaqlayıcı profilaktik tədbirlərin həyata keçirilməsi xüsusi yer tutur. Fəaliyyət Planına əsasən yerlərdə həmkarlar ittifaqı tərəfindən səlahiyyətləri çərçivəsində tədbirlər görülür, narkomanlığa səbəb olan amillər üzə çıxarılır, iş yerlərində əmək intizamının təşkilinə və antinarkotik təbliğatın gücləndirilməsinə (plakatlar, nəşrlər, seminarlar, debatlar) diqqət artırılır, gənclərin ictimai həyata, xüsusilə həmkarlar ittifaqlarının fəaliyyətinə cəlb edilməsi işləri davam etdirilir. Həmkarlar ittifaqlarının xidmət dairəsində olan müəssisə və təşkilatlarda narkomaniya ilə mübarizədə AHİK-in etimadlı həkimləri, hüquq və əməyin texniki müfəttişləri, müxtəlif komissiyalar fəal iştirak edirlər.

Gənclərin böyük bir qismi həmkarlar ittifaqı sıralarında birləşir. Bu da təşkilatımızın üzərinə böyük məsuliyyət qoyur. AHİK gənclər siyasətini rəhbər orqanlarının iclaslarında təsdiq olunmuş sənədlərə əsasən həyata keçirir. Bunlar, «Azərbaycanda uşaq və gənclərin hüquqlarının müdafiəsi və mənəvi tələbatlarının ödənilməsi sahəsində həmkarlar ittifaqlarının fəaliyyəti və tədbirlər planı», «Gənclər siyasəti konsepsiyası», «Azərbaycan həmkarlar ittifaqlarının gənclər siyasəti üzrə fəaliyyətinin əsas istiqamətləri», «Azərbaycan həmkarlar ittifaqlarının gənclər siyasətinin həyata keçirilməsi» haqqında olanlar və digərləridir.

AHİK-in gənclər siyasəti istiqamətində sistemli işlər aparılır, çoxsahəli tədbirlər görülür. Bu məqsədlə AHİK-in və sahə həmkarlar ittifaqı respublika komitələrinin nəzdində gənclər şuraları yaradılmışdır. Gənclər şuralarının yığıncaqlarının gündəliyinə çox aktual mövzular çıxarılır. Gənclərin dövlətçilik prinsipləri əsasında vətəndaşlıq və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, ali və orta ixtisas təhsili müəssisələrində tələbələrin özünüidarəetmə vərdişlərinə yiyələnməsi, onların ideya və təşəbbüslərinin dəstəklənməsi, beynəlxalq mübadilə və mədəniyyətlərarası dialoqda iştirakı, məşğulluq sahəsində imkanlarının dəyərləndirilməsi, əmək miqrasiyası və s. mövzular ətrafında müzakirələr aparılır. Eyni zamanda, şuralar gənclərin həmkarlar ittifaqının rəhbər orqanlarında təmsil olunmalarına, müəssisə və təşkilatlarda bağlanan bütün saziş və kollektiv müqavilələrə gənclərlə əlaqədar müvafiq bölmə və öhdəliklər daxil edilməsinə səy göstərir.

Təqdirəlayiq haldır ki, gənclərin problemlərinə həsr olunmuş dünya miqyaslı tədbirlərdə gənclərimizin iştirakı hər il artır. Onlar müasir gənclərə xas olan problem və nailiyyətlərin müzakirəsində iştirak edərək, əldə olunmuş bilik, müsbət təcrübə və texnologiyaları həmkarları ilə bölüşürlər.

AHİK hökümət və işəgötürənlərin sosial tərəfdaşı olaraq, gənc nəslin nə düşündüyünü, dəyərlər yönümünü, iqtisadi vəziyyətini, istehsalatda, yaradıcılıqda, hərbdə, təhsildə, elmdə davranışını təhlil edir. Həmkarlar ittifaqı dövlət proqramları, beynəlxalq layihələr və müvafiq fəaliyyət planlarının icrasında da fəal iştirak edir, problemlərin həllindəki müsbət nəticələri öyrənir.

Azərbaycan Həmkarlar İttifaqları ali məktəb tələbələrinin tədrisdə uğurlar qazanmasına, fəal ictimaiyyətçi kimi yetişməsinə nail olmaq üçün 1995-ci ildən «Adlı təqaüd» mükafatı təsis etmişdir. Ölkənin əksər ali məktəblərini əhatə edən bu mükafat ən yaxşılara, əlaçı və ictimaiyyətçi tələbələrə verilir. Ötən müddət ərzində ali təhsil müəssisələrində qış və yay sessiyalarının nəticələrinə görə uğur əldə etmiş 2719 tələbə bu təqaüddən yararlanmışdır. Bu yaxınlarda 2022-2023-cü dərs ilinin qış imtahan sessiyasının nəticələrinə görə, əlaçı və həmkarlar ittifaqı fəalı olan daha 65 tələbəyə həmkarlar ittifaqlarının adlı təqaüdü təqdim olundu. Adlı təqaüdün təsis olunmasında məqsəd tələbələrdə elmə, təhsilə marağın artırılması və Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasətinə dəstək verməkdir.

Həmkarlar İttifaqlarının dövlətimizin gənclər siyasətinə dəstəyi təkcə bu mükafatın təsisi ilə bitmir. Eləcə də AHİK-də gənclərin həmkarlar ittifaqı üzvlüyünə motivasiyasının gücləndirilməsi məqsədilə «İlin peşəkar gənci» fəxri adı da təsis edilib. Təkcə ötən ilin nəticələrinə görə əməkdə, təhsildə və ictimai fəaliyyətdə nailiyyətlər qazanmış 64 nəfər gənc bu ada layiq görülüb. Ümumilikdə, 434 nəfər «İlin peşəkar gənci» fəxri adı ilə mükafatlandırılmışdır.

Gənclərin sağlamlığı, idman və bədən tərbiyəsi ilə məşğulluğu da əsas hədəflərimizdən biridir. Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatlarının İctimai Birliyində («AHİT» İB) «Məhsul», «Spartak», «Gənclik», «Qarabağ», «Zenit» , «Alpinist və Turist», «Şahmat və Dama», «Atilla», «Pəhləvan» idman təşkilatları birləşib. Burada əsas məqsəd peşəkar idmançı yetişdirməkdən daha çox bədən tərbiyəsində kütləvilikdir. Belə ki, idmanla müntəzəm məşğul olan gənc zərərli vərdişlərə, pis əməllərə qurşanmağa maraq göstərməz. Onu da qeyd etmək lazımdır ki, idmana cəlb etdiyimiz gənclər arasından kifayət qədər dünya, Avropa və respublika çempionatlarının, birinciliklərinin, beynəlxalq turnirlərin qalibləri çıxıb. Bundan əlavə, Təhsil Nazirliyi ilə birlikdə Universiada və Spartakiadalar keçirilir, idmanın bir neçə növü üzrə çempionatlar da təşkil olunur.

Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində həmkarlar ittifaqları təşkilatlarının rolu artmaqdadır. Artıq 20 ildən çoxdur ki, Azərbaycan Həmkarlar İttifaqları mədəni-maarif hamiliyinə götürdüyü Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil alan gənc kursantların asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə müntəzəm olaraq mədəni-kütləvi tədbirlər, baxış-müsabiqələr, idman yarışları keçirilir. Hər il liseydə istedadlı gənclərin üzə çıxarılması məqsədilə «Azərbaycan əsgəri» bədii qiraət, «Vətənə xidmət edirik» rəsm, «Qarabağ Azərbaycandır» və «Bir kərə yüksələn bayraq bir daha enməz» inşa yazı müsabiqələrinin, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş bölüklərarası hərbiləşdirilmiş idman, eələcə də Azərbaycanın Milli Qəhrəmanı Elşad Əhədovun xatirəsinə həsr edilmiş şəhmat yarışları təşkil olunur, qaliblərə AHİK-in Diplomu və qiymətli hədiyyələr verilir. Eyni zamanda təhsil ilinin yekunlarına görə, yüksək nəticələr qazanan və əla qiymətlərlə oxuyan, liseyin ictimai həyatında fəal iştirak edən kursantlar həmkarlar ittifaqlarının pul mükafatları ilə elə də təltif edilirlər.

Həmkarlar ittifaqlarının narkomanlığa qarşı mübarizədə aidiyyatı qurumların iştirakı ilə birgə keçirdiyi tədbirlər barədə məlumatlar mütəmadi olaraq «Ülfət» qəzetində, eləcə də «İki sahil» və digər informasiya vasitələrində işıqlandırılır.

Azərbaycan Həmkarlar İttifaqları ümumbəşəri bəla olan narkomanlığa qarşı mübarizənin gücləndirilməsi ilə bağlı Beynəlxalq Təşkilatlarla da birgə əməkdaşlıq edərək gələcək nəsillərin sağlam yetişdirilməsi, gənclərin məşğulluğa cəlb olunması, gənclərin asudə vaxtlarını səmərəli istifadə etməsi və zərərli vərdişlərdən uzaq durması istiqamətində işləri davam etdirir.

S.Mansurov,
AHİK-in sağlamlığın mühafizəsi və sosial təminat şöbəsinin etimadlı həkimi

Daha çox xəbərlər