Cəmiyyət 

Şəhid ailələri və müharibə veteranlarına diqqət və qayğı prioritet istiqamətdir

Azərbaycan dövlətinin siyasətinin əsas məqsədi ölkənin iqtisadi cəhətdən daha da inkişaf etməsidir. Çünki məhz iqtisadi yüksəliş dövlətə sosial məsələləri uğurla həll etməyə imkan verir. Təsadüfi deyil ki, hər il ölkənin büdcəsi təsdiq olunarkən əhalinin sosial rifahının artırılması diqqət mərkəzində olur. Büdcədən sosial sahəyə ayrılan vəsaitin həcmi ildən-ilə artır. Şəhid ailələri, müharibə iştirakçılarına və bu kateqoriyadan olan şəxslərə dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Dövlət başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq göstəriş və tapşırıqları əsasında bu günə qədər müharibə iştirakçılarına, şəhid ailələrinə müxtəlif istiqamətlər üzrə geniş sosial dəstək paketləri təqdim olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və müharibədə sağlamlığını itirmiş əsgər və zabitlərin mənzil təminatının yaxşılaşdırılması istiqamətində proqram icra olunur. Prezident İlham Əliyevin 2020-ci il dekabrın 8-də Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu kimi, “YAŞAT” Fondunun yaradılması haqqında imzaladığı Fərman həmin təbəqədən olan şəxslərə göstərdiyi qayğının, diqqətin nümunələrindən biridir. Azərbaycan Respublikası vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar, ianələr, habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına toplanan Fondun vəsaitinin formalaşdırılmasına və idarə olunmasına ümumi nəzarəti isə Azərbaycan Respublikası Prezidentinin yaratdığı Himayəçilik Şurası həyata keçirir. 3 il ərzində Fonda 234 637 müraciət olub, onlardan 43 min 21-nin poroblemi həll olunub. Fond bu müddətdə problemlərin həlli üçün 80 milyon manat xərcləyib. “YAŞAT” fondunun rəhbəri Elvin Hüseynov Fondun 3 illik hesabatına həsr olunan brifinqdə bildirib ki, istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə şəhid ailə üzvlərinin 918, itkin ailə üzvlərinin 3 və yaralıların 1 379 müraciəti olmaqla ümumilikdə 2 300 müraciət təmin edilib. Əlavə olaraq Fondun təşəbbüsü ilə borc öhdəliyinin qarşılanması üzrə müəssisələr tərəfindən 126 392.73 manat borc ləğv edilib.

44 günlük Vətən müharibəsindən sonra isə dəstək paketi çərçivəsində mənzillər və fərdi evlərlə təminat proqramı 5 dəfə genişlənib. Belə ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-2025-ci illər ərzində şəhid ailələri, müharibə əlilləri və digər həssas qrupa aid olan insanların mənzillə tam təminatının həyata keçirilməsi üçün Dövlət Proqramı təsdiqlənib. Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanların mənzil və fərdi evlə təminatı proqramının icrasına başlayandan indiyədək 14 400 mənzil və fərdi ev vətəndaşlara təqdim olunub. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayevin sözlərinə görə, bu il artıq 1100 nəfər mənzillərlə təmin edilib, ilin sonunadək bu rəqəmin 1500-ə çatdırılması planlaşdırılır. Sosial qayğı təkcə mənzil və avtomobil təminatı ilə bitmir. Bu kateqoriyadan olan insanların üstəlik, sağlamlıqlarının bərpası, daimi iş yerləri ilə təminatı məsələsi də mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin tapşırığı əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi çərçivəsində postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə veteranları olan 103 min şəxsə 115 min aylıq sosial ödəniş təyin olunub, 21,3 min şəxsə birdəfəlik ödəmə təyin olunub, şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanlara yönələn sosial ödənişlər hər il artırılıb, müharibə veteranlarına aylıq təqaüd təyin edilib. Şəhid ailələri üzvləri, müharibə iştirakçıları olan 11 min nəfərə 51 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib, müharibə ilə əlaqədar əlilliyi olan 2 min şəxs 44,6 min reabilitasiya vasitəsi, o cümlədən 439 şəxs 458 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub. Həmçinin, şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 20 min şəxsin məşğulluğu təmin edilib, o cümlədən 10,3 min şəxs özünüməşğulluq proqramına cəlb olunub. Postmüharibə dövründə qeyd olunan sosial dəstək paketi ümumilikdə 124 min şəxsi əhatə edərək, onlara dəstək yönümlü 309 min xidmət göstərilib.

Ümumiyyətlə, bu məqamlar və qeyd olunan rəqəmlər dövlət siyasətinin sosialyönümlü olmasını çox aydın ifadə edir. Həm də onu göstərir ki, bu yöndə verilən sözlər, səslənən bəyanatlar heç zaman vəd olaraq qalmayır, real iş, ürəkaçan nəticə kimi ortaya qoyulur.

Daha çox xəbərlər