Region Xəbərləri 

Zəfər paradı

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev: “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir.”
Dekabrın əvvəlində, 10 dekabr tarixində Azərbaycanın paytaxtı Bakının Azadlıq Meydanında bir zəfər paradının keçiriləcəyi məlum oldu. Belə ki, İkinci Qarabağ müharibəsi bitdikdən sonra Prezident İlham Əliyev Bakıda Qələbə Paradının keçirilməsi haqda tapşırıq vermişdir. Bu məqsədlə Müdafiə Nazirliyi hərbi paradın hazırlıqlarına başlamışdır. Hərbi paradla əlaqəli texnikanın təhlükəsizliyini təmin etmək üçün bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılmışdı. Dekabrın 5-də Azərbaycan Silahlı Qüvvələri parad üçün təlimlərə başladığını təsdiq etdi. Həmən gün Müdafiə Nazirliyi paradda iştirak edəcək hərbçilərin və hərbi texnikanın sayını açıqladı. Həmçinin Müdafiə Nazirliyi paradın məşqlərindən ilk video görüntüləri də yayımladı.
Dekabrın 8-də Azadlıq meydanında keçiriləcək hərbi paradın məşq prosesinə 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər cəlb edilmişdir. Həmçinin paradın məşq prosesində Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi Ermənistan Silahlı Qüvvələrindən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də iştirak etmişdi.
Dekabrın 9-da Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polis polkovniki Vaqif Əsədov açıqlamasında Azadlıq meydanında keçiriləcək hərbi paradla əlaqəli texnikaların hərəkətində təhlükəsizliyi təmin etmək məqsədilə bəzi küçə və prospektlərdə hərəkətə məhdudiyyət qoyulduğunu demişdir. O, Paradın bitəcəyi zamana qədər 20-ci sahə dairəsindən, Bakı-Salyan yolunun 14-cü kilometrliyindən, Bayıl qəsəbəsi Üzgüçülük hovuzunun yanından və Səbail rayonu Yanğından Mühafizə İdarəsinin inzibati binasının yanından istiqamətlərin bağlı qalacağının bildirmişdi. Hərbi parad bitənədək Azadlıq meydanı, Dəniz vağzalı istiqamətdə kəsişən bütün küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırıldığı da şəhər sakinlərinin diqqətinə çatdırılmışdı.
Dekabrın 9-da Paradda iştirak etmək üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıya gəldi. Onunla bərabər Türkiyədən böyük rəsmi heyət gəlmişdi. Türkiyə Prezidentini onun həyat yoldaşı Əminə Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu, hakim Ədalət və İnkişaf Partiyasının mətbuat katibi Ömer Çelik, partiyanın sədr müavini Mahir Ünal, prezident administrasiyasının mətbuat katibi İbrahim Kalın və İctimaiyyətlə əlaqələr departamentinin direktoru Fahrettin Altun müşayiət edirdi.
“Dəmir yumruq” əməliyyatında — Azərbaycanın İkinci Qarabağ müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradına müdafiə nazirinin müavini, “Zəfər” ordenli general-leytenant Kərim Vəliyev komandanlıq edirdi. Paradda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan iştirak edirdilər.
Paradı polkovnik Abdulla Qurbani apararaq onu açıq elan etdi. Ardından Hərbi orkestr “Azərbaycan fanfarası”nı ifa etdi. Paradın hərbi dirijoru Azərbaycanın Əməkdar Artisti, Silahlı Qüvvələrin hərbi orkestr xidmətinin hazırkı rəisi olan Yusif Axundzadənin oğlu polkovnik-leytenant Rüfət Axundzadə idi. Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana raport verdi. Dövlət başçıları əsgərləri salamladılar. Hərbi orkestr Azərbaycanın və Türkiyənin dövlət himnlərini ifa etdi.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev paradda çıxış etdi. İlham Əliyev çıxışı zamanı indiki Ermənistanda yaşayan yüz minlərlə azərbaycanlının “ata-baba yurdlarından qovulduğunu” dedi. Daha sonra İlham Əliyev Şuşa döyüşünü xatırlatdı və bunu “tarixi hadisə” adlandırdı. Sonda Azərbaycan ordusunun Ermənistanı məğlub etdiyini və Ermənistan Ordusunun demək olar ki, “yox olduğunu və məhv edildiyini” bildirdi və “Erməni faşizmi yenidən ayağa qalxarsa, nəticə eyni olacaq” bildirdi. Çıxışını isə “Qarabağ Azərbaycandır və nida” sözləri ilə bitirdi.
Sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış etdi. Türkiyə Prezidenti çıxışında əvvəlcə müharibə zamanı öldürülən və ya yaralanan Azərbaycan əsgərlərinə Allahdan rəhmət dilədi, sonra Azərbaycan-Türkiyə münasibətlərindən danışdı. Daha sonra “Qarabağa qətliam və göz yaşından başqa heç bir şey gətirməyənlər ağıllarını başlarına yığmalıdırlar” və erməni siyasətçilərin “sülh və sabitliyə doğru cəsarətli addımlar” atmaları lazım olduğunu da əlavə etdi. Ərdoğan daha sonra “Əhməd Cavadın, Nuru Paşanın və Mübariz İbrahimovun ruhları sevinirdi” deyə bildirdi. O, “siyasi və hərbi sahədə mübarizənin fərqli cəbhələrdə davam edəcəyini” də vurğuladı. Çıxışının sonunda Ərdoğan Azərbaycan şairi Əhməd Cavadın “Arazı ayırdılar…” şeirindən parçalar oxudu.
Piyada keçidi hissəsi tamamlandıqdan sonra texnikanın keçidi başladı.”Dəmir yumruq” əməliyyatının – Vətən müharibəsinin qazilərinin hərbi maşınlarda Zəfər paradında tribuna önündən keçidi oldu.
Bundan sonra Azadlıq meydanına 44 günlük Vətən müharibəsində düşməndən qənimət götürülmüş hərbi texnikaların bir qismi gətirildi. Döyüşlərdə qənimət götürülmüş istifadəyə yararlı texnikalar — “KamAZ” markalı avtomobilin qoşqusunda D-30, “Ural” markalı avtomobilin qoşqusunda D-20 haubitsa-topları, qoşqu üzərində zenit qurğuları, “ŞİLKA”, “OSA-1T”, “KUB” zenit-raket kompleksləri, piyadaların döyüş maşınları (PDM), “T-72” tankları, eləcə də istifadəyə yararsız texnikalar — zirehli “UAZ Patriot”, “UAZ Hunter” minik, “ZİL-131”, “Ural”, “KamAZ” markalı yük avtomobilləri, 122 millimetrlik “Qvozdika” özüyeriyən artilleriya qurğusu, BM-21 “Qrad” qurğuları, PDM-1 və PDM-2 texnikaları, T-72 tankları nümayiş etdirildi.
Türkiyə Milli Müdafiə Nazirliyi, Ankara Bələdiyyə Başçısı Mansur Yavaş və Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Azərbaycanı parad münasibətilə təbrik etdilər.
İsrailli opera müğənnisi Camellia Loffe parkda Azərbaycan musiqisindən ibarət konsert təşkil etdi və bu müddətdə musiqiçilər öz çıxışlarını Bakıda Zəfər Paradına həsr etdilər.
Zəfər Paradı Ermənistanda səs-küyə səbəb oldu. Möhtəşəm qələbə paradı erməni siyasətçilər və dövlət adamları tərəfindən erməni xalqı üçün böyük biabırçılıq günü hesab edildi.
Mehriban Bağırova – Bərdə rayon R.Orucov adına Saatlı kənd tam orta məktəbin direktoru

Daha çox xəbərlər