Daha minalar partlamasın!
Ermənistan etimad mühitinin formalaşmasında həqiqətən maraqlıdırsa vaxt itirmədən işğal dövründə minaladığı ərazilərin xəritələrini Azərbaycana təhvil verməlidir
Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin mətninin razılaşdırılması məqsədilə həyata keçirilmiş birbaşa təmaslar konkret nəticələrin əldə olunmasına ümid yaradır. Danışıqların yeni mərhələyə qədəm qoyması ilə etimad quruculuğu istiqamətində ciddi addımların atılması yaxın gələcəkdə yekun sənədin imzalanmasının, dayanıqlı sülhün əldə olunmasının mümkünlüyünü sübut edir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatının dekabrın 7-də yayılmış birgə açıqlaması da göstərdi ki, tərəflər prosesin yekunlaşması üçün iradə nümayiş etdirmək əzmindədirlər. Ancaq sülhə aparan yol, eyni zamanda Azərbaycan kimi, Ermənistanın da humanizm prinsiplərinə sadiqlik göstərməsindən keçir ki, bu sahədə hələ də cavabını gözləyən ciddi suallar var.
Ermənistan etimad mühitinin formalaşmasında həqiqətən maraqlıdırsa, o zaman vaxt itirmədən işğal dövründə minaladığı ərazilərin xəritələrini Azərbaycana təhvil verməlidir. Əks halda, ölkəmiz hələ uzun müddət minalar və partlamamış hərbi sursat problemindən əziyyət çəkəcək. Çünki mütəxəssislərin hesablamalarına görə, ermənilər otuz il ərzində 9 min kv.km-ə yaxın Azərbaycan ərazisində 1.5 milyondan çox mina, partlamamış hərbi-sursat basdırıblar. İşğaldan azad edilən ərazilərdə aşkar edilən minaların yerləşdikləri yerlər, hərbi sursatların növləri və digər texniki hallar minalanmanın mütəmadi olaraq davam etdirildiyini, hər il yenilərinin basdırıldığını deməyə əsas verir. Nəticədə Vətən müharibəsindən ötən müddətdə 340 nəfər minaya düşüb. Onlardan 50-si mülki şəxs və 15-i hərbçi olmaqla 65 nəfər həlak olub, 111-i mülki şəxs, 164-ü hərbçi olmaqla 275 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar içərisində 9-u uşaq və gənc, 1 nəfər isə qadındır. Ümumilikdə 1991-ci ildən bu yana 3418 nəfər azərbaycanlı minaların partlamasından zərər çəkib. Sonuncu dəfə dekabrın 5-də işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndində Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Vaqif Əkbərov və dekabrın 7-də Şuşa şəhərinin Tar sexi adlanan ərazisində elektrik təsərrüfat sahəsində çalışan Rahim Həbibov xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək ağır xəsarət alıblar.
Ərazilərimizin düşmən tərəfindən minalarla kütləvi şəkildə çirkləndirilməsi faktoru işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərinin daha sürətlə həyata keçirilməsinə də ciddi maneə yaradır. Baxmayaraq ki, Ermənistan tərəfindən əvvəlcə 2021-ci il iyunun 12-də Gürcüstanın vasitəçiliyi ilə Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələr, daha sonra isə 2021-ci il noyabrın 26-da Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında keçirilmiş üçtərəfli Soçi görüşünün nəticəsi olaraq dekabrın 4-də digər ərazilərin mina xəritələri Azərbaycana təhvil verilib. Ancaq mütəxəssislərin qısa araşdırmalarından sonra məlum oldu ki, bu xəritələrin dəqiqliyi təxminən 25 faizdən çox deyil. Bəzi hallarda isə xəritələr ümumiyyətlə, reallığı əks etdirmir. Ağdam rayonunun Sarıcalı kəndində baş vermiş mina partlayışı da verilmiş xəritələrin heç nəyə yaramadığını sübut edir. Halbuki hərbi ekspertlərin yekdil rəyi daha dəqiq xəritələrin olduğu qənaətini yaradır. Deməli, Ermənistan sülh çağırışlarına yanaşmada səmimidirsə beynəlxalq hüququn tələblərinə və humanizm prinsiplərinə əməl edərək həmin dəqiq xəritələri Azərbaycana təqdim etməlidir.
Faktlardan da göründüyü kimi, Ermənistanın təhvil verdiyi xəritələrin dəqiq olmaması ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsini ləngitməklə yanaşı, insan faktoru baxımından da ciddi təhlükə kimi qalmaqdadır. Təbii olaraq 30 ildən artıqdır ev-eşiyindən didərgin düşmüş keçmiş məcburi köçkünlər doğma yerləri görməyə can atır, nəticədə bəzi hallarda onların icazəsiz minalardan təmizlənməmiş ərazilərə, xüsusilə qəbiristanlıqlara daxil olmaları faciələrlə nəticələnir. Bundan başqa, minaların mövcudluğu həmin ərazilərdə hərbi qulluqçularımızın, dövlət qurumlarının bərpa-quruculuq işləri həyata keçirən çoxsaylı əməkdaşlarının da normal fəaliyyətinə problemlər yaratmaqadır.
Problemin aradan qaldırılması istiqamətində görülən işlərə gəlincə, 2020-ci ilin noyabr ayından bu günə qədər aparılan minatəmizləmə əməliyyatları nəticəsində ümumilikdə 115 min hektara yaxın ərazi minalardan və müharibənin partlayıcı qalıqlarından təmizlənib. Ümumilikdə 110 min 500-ə yaxın mina və müharibənin digər partlayıcı qalıqları, o cümlədən 30 min 800-dən artıq piyada əleyhinə mina, 18 min 600-dən artıq tank əleyhinə mina və 62 minə yaxın partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib. ANAMA-nın icra olunan əməliyyatlar barədə həftəlik məlumatında bildirilir ki, agentlik əməkdaşları tərəfindən təkcə 4 dekabr – 10 dekabr tarixlərində işğaldan azad edilmiş ərazilərdə 84 tank əleyhinə, 87 piyada əleyhinə mina və 340 partlamamış hərbi sursat aşkarlanıb.
Onu da qeyd edək ki, bu gün Azərbaycanda minatəmizləmə işləri dünyada mövcud olan ən müasir texnologiyalardan istifadə edilməklə həyata keçirilir və bu fəaliyyətin 90 faizi ölkənin daxili resursları hesabına aparılır. Ancaq prosesin sürətlənməsi, ərazilərimizin mina və partlamamış döyüş sursatları ilə çirklənməsi probleminin daha effektli aradan qaldırılması üçün dəqiq xəritələrə ehtiyac var. Bu xəritələr isə hələ də Ermənistandadır…

