Lənkəranın sitrus bazarından reportaj FOTO VİDEO
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bazarda yalnız sitrus məhsullarının topdan və pərakəndə satışı həyata keçirilir. Lənkəran və digər qonşu rayonların fermerləri, eləcə də ailə təsərrüfatları yetişdirdikləri sitrus məhsullarını “Sitrus bazarı” adlanan bu yerdə satışa çıxarırlar.
Yeni il qabağı bazarda respublikanın hər yerindən alıcılara rast gəlmək mümkündür. Alıcılar qiymətdən razı qalsalar da, bəzi satıcılar bu il qiymətin aşağı olduğunu bildirirlər. Burada məhsulun qiyməti bazara uyğun olaraq gündəlik dəyişir.
“Bu il məhsul bol olduğuna görə qiymətlər də normaldır. Əvvəllər yaxşı sitrus meyvəsini tapıb almaq üçün günlərlə vaxtımız gedirdi. Üstəlik kəndlərdən məhsulu baha alıb, baha qiymətə satmaq məcburiyyətində qalırdıq. Hazırda isə belə deyil. Bayram öncəsi isə bahalaşma heç vaxt bu bazara aid olmayıb” , – deyə digər rayonların bazarlarında satmaq üçün məhsul alan Nəsir Həmidov bildirir.
Satıcılar isə deyirlər ki, bazarın cənub zonası üçün iqtisadi əhəmiyyəti çox böyükdür. Fermerlərin məhsulları qalıb xarab olmur, elə burada satılır. Meyvə ağacdan dərilib, elə həmin gün də bazarda satışa çıxarılır. Buradan ölkənin digər rayon və bazarlarına da stirus meyvələri göndərilir.
Bazar nəzarətçisi Rahid Tağıyev bildirir ki, bazarda gün ərzində satışa yüz tona yaxın stirus meyvəsi çıxarılır. Buradan digər yerli, o cümlədən xarici bazarlara məhsul daşınır. Bazarın satıcılar üçün üstün cəhəti odur ki, burada yalnız dayanacaq üçün pul ödəməli olurlar, bu ödənişin məbləği də maşınlara görə tənzimlənir. Şəhid ailələri, qazilər üçün giriş pulsuzdur.