Cəmiyyət 

Dadı, qoxusu cəlbedicidir, bəs keyfiyyəti?

Kolbasa məhsulları alarkən mütləq bunlara diqqət edin

Sosial şəbəkələrdə tanınmış və güvənilən kolbasa markalarından birinin içindən plastmas qırıntılarının çıxması görüntüləri yayılandan sonra insanlarda kolbasa məhsullarının keyfiyyəti və düzgün istehsalı məsələsinə yenidən müəyyən şübhələr yaranıb.

Belə olan halda müasir standartlar əsasında hazırlanan kolbasa məhsulunu seçmək üçün nələrə diqqət etməliyik? Hansı hallarda bu məhsulların keyfiyyətli və ya keyfiyyətsiz olduğunu bilmək olar?

Azad İstehlakçılar Birliyinin(AİB) sədri Eyyub Hüseynov məsələ ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, ölkədə 20-dən çox kolbasa istehsalçısı var: “Lakin onlardan bir neçəsi kolbasanı müasir standartlarla, yüksək gigiyenik tələblərə cavab verən təmiz ətdən hazırlayır. Təsadüfi deyil ki, 2011-ci ildə Amerika İstehsalçılar Birliyi Azərbaycan mallarının rəqabətə davamlılıq layihəsini həyata keçirmək üçün Azad İstehsalçılar Birliyinə müraciət edərək dəstək istədi. Biz də beynəlxalq ekspertlərin köməyi ilə 2 kolbasa istehsalı müəssisəsinə Azərbaycan  İstehlakçılarının  Qida  Təhlükəsizliyi  Nişanını (AİQTN) şamil etdik. Təəssüf ki, hazırda bu bazar həddindən artıq zibillənib. Yaxşı kolbasa istehsalçıları isə öz bazarlarını qorumaq üçün heç bir iş görmürlər. Bazarlarda kiloqramı 4 manata təklif olunan etiketsiz mallar barədə birliyə çoxlu zənglər də daxil olur. Təəssüf ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi qidanın yalnız təhlükəsizliyini təmin edir, lakin onun keyfiyyətinə baxan yoxdur. Müasir tələblərə cavab verən zavod istehsalı olan kolbasanın içindən plastmasın çıxması əlbəttə, arzuolunan deyil. Lakin insanlar birmənalı olaraq bilməlidir ki, həmin müəssisələrdə müəyyən səbəblərdən məsələn, zavod təmirə dayanarsa, belə hal baş verə bilər. Bəzən nəzarət itir və belə hallar baş verə bilir. Həmçinin xaricdən qiyməti baha, keyfiyyətsiz, dadı və qoxusu yaxşı, əslində isə içində ətdən başqa hər şey olan məhsulların gətirilməsi ilə məşğul olanlar da yerli istehsalçılara təzyiq edirlər”.

E.Hüseynov qeyd etdi ki, istehlakçılar kolbasa və sosiska məhsulları alarkən ilk növbədə tarixinə fikir verməlidir: “Buraxılma və son istifadə tarixi daha az olan məhsullara üstünlük vermək məsləhətlidir. Xarici məhsullardan isə almaqdan çəkinmək lazımdır. Çünki dadı və qoxusu insanlara cəlbedici gəlsə də, onların tərkibi daha çox kimyalaşdırılmış olur. Etiketi olmayan məhsulları isə qətiyyən istifadə olunmamalıdır. Əgər məhsulun üzərində əlaqə nömrəsi qeyd edilibsə, həmin müəssisəyə zəng edərək mövcudluğundan əmin olduqdan sonra insanlar belə məhsullara üstünlük verə bilərlər”.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən isə bildirildi ki, sözügedən məhsulları alarkən əsas etiket məlumatlarına diqqət etmək önəmlidir: “Alıcılar məhsulda qeyd edilən istehsal tarixi, müddəti, istehsalçı barədə məlumatlara, bundan başqa məhsulların xüsusi şəraitdə saxlanmasına, temperatur rejiminə, mal qonşuluğu prinsipinə əməl olunub-olunmamasına diqqət yetirilməlidir. Əgər məhsulla bağlı istehlakçılarda suallar yaranarsa, Agentliyin “1003- Çağrı Mərkəzi”nə zəng vura bilərlər”.

Sayalı Abasova

Daha çox xəbərlər