Cəmiyyət 

İlk qarın intizarında

Deyirlər ki, qar yağacaq…

Neçə gündür ki, sinoptiklər bu barədə proqnoz verir, xəbər saytları, efir dalğaları həmin xəbərdarlıqları yayırlar.

AZƏRTAC da Milli Hidrometeorologiya Xidmətinin havanın dəyişəcəyi barədə məlumatlarını əhaliyə çatdırıb. Küçələrdə vıyıldayan külək, havada uçuşan yarpaqlar, üz-gözümüzə sığal çəkən sazaq da bundan xəbər verir.

Əslində burda qeyri-adi heç nə yoxdur – yaz gül-çiçəyi, yay yandırıb-yaxan günəşi, payız tökülən yarpaqları, qış isə yağan qarı ilə gözəldir. Bəs onda sakinləri qayğılandıran, necə deyərlər, “kürkümüzə birə salan” nədir?

Şübhəsiz ki, istilik sistemlərinin normal olmamağı, şaxtadan çatlayan su boruları, küçədə ilişib qalan maşınlar, onsuz da basabas, tünlük olan metro, sərnişin əlindən barmaq basmağa yer olmayan ictimai nəqliyyat, çörək növbələri…

Hər il yağan qara təəssüf ki, Bakının hazır olmadığını görürük. Səbəblər, izahlar, şərhlər müxtəlifdir – ağla batanı da var, batmayanı da. Sakinlərə səbəblər yox, qarlı günlərlə bağlı xoş xatirələr, xoş təəssüratlar lazımdır.

Yağacaqsa bu, ilin ilk qarı olacaq. İlk olan şey həmişə gözəldir – ilk addım, ilk görüş, ilk məhəbbət kimi.

Deyirlər ki, qar yağacaq… Zəfər qarı. Öz yerinə-yurduna dönənlər üçün Vətən qarı, doğma torpağa ələnən bolluq-bərəkət qarı.

Nə gözəl! Yağacaqsa qoy yağsın. Qarsız qışın nə ləzzəti? Qoy dünyaya bolluq-bərəkət ələsin, təbiətə təmizlik gətirsin, ağaclara ağ qumaşdan don biçsin, uşaqları sevindirsin, havadakı mikrobları öldürsün, eybi yox, lap kürəyimizdə qartopu göynərtisi də hiss edək…

Bakı ilk qarın intizarındadır…

Daha çox xəbərlər