Gündəm 

Sahibkarlarımız Qarabağda və Şərqi Zəngəzurda…

Son iki ildə onlara 14,4 milyon manat güzəştli kredit verilib

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına  Böyük Qayıdışı Azərbaycan dövlətinin  milli prioriteti elan edən Prezident İlham Əliyev postmüharibə dövründə bu istiqamətdə böyük işlər həyata keçirib. Məhz dövlət başçısının siyasi iradəsinin nəticəsidir ki, onilliklər boyu düşmənin viran qoyduğu ərazilərimizdə indi həyat qaynamağa başlayıb.

Bu gün Qarabağ və Şərqi Zəngəzurda dövlətimiz tərəfindən 10 min kvadratkilometr ərazidə böyük tikinti-quruculuq işləri aparılır. Xüsusilə burada böyük infrastruktur layihələri həyata keçirilir. Dəmir yolları, avtomobil  magistralları,  tunellər çəkilir, beynəlxalq hava limanları tikilib istifadəyə verilir, «ağıllı kənd» və  «ağıllı şəhər»lər salınır. Qısa zaman kəsiyində Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarının istifadəyə verilməsi isə görülən işlərin möhtəşəmliyini bir daha nümayiş etdirir.

Məlumdur ki, Qarabağ və Zərqi Zəngəzur iq­tisadi rayonları təbii sərvətlərlə zəngindir. Məhz bu səbəbdən də işğalçı Ermənistan 30 ildir ki, bizim bu torpaqlarımızdan on milyonlarla dollar həcmində təbii sərvətlərimizi talan edərək xarici ölkələrə ötürüb.  Həm də bu zaman erməni vandalları  cənnət məkan yurdumuzun ekoloji tarazlığını barbarcasına pozublar. Fauna və floraya vurulan maddi zərərin həcmi təxminən 15 milyard manatdan çoxdur. Onların bərpası üçün ölkəmizə bir xeyli vəsit və vaxt lazımdır.

Lakin bütün bunlara rəğmən indiki məqamda Azərbaycan dövləti  işğaldan azad edilmiş ərazilərdə iqtisadiyyatın canlanması məqsədilə investisiya cəlbediciliyinin artırılmasını da ön plana çıxarıb. Xüsusilə burada zəngin təbii sərvətlərin, faydalı qazıntıların işlənilməsi böyük perspektivlər vəd edir.

Qarabağ və Zərqi Zəngəzur iq­tisadi rayonlarında müxtəlif növ mi­neral yataqlar var. Bölgə sink, qur­ğuşun, mis, qızıl, pirit və dəmir ya­taqları ilə zəngindir. Müasir istehsal texnologiyalarından istifadə etməklə bu yataqların istismarı yaxın illərdə Azərbaycan iqtisadiyyatına böyük töhfə verə bilər. Bölgə həm də mi­neral su ehtiyatları ilə zəngindir. Həmin sular tərkibində olan müalicəvi elementlər ilə qiymətlidir. Bir sözlə,bölgədə aqrar sektorun inkişaf etdiril­məsi, emal müəssisələrinin yaradıl­ması və onların modernləşdirilməsi üçün sahibkarlara geniş imkanlar açılıb.

İşğaldan azad olmuş ərazilərdə sahibkarların da yeni infrastrukturun qurulmasında iştirakalrı üçün münbit şərait yaradılıb. İndi Qarabağ və Şərqi Zəngəzurda 100-ə yaxın sahibkar həm də tikinti sektorunda çalışır. Burada tikilən sosialyönümlü müəssisələrin, təhsil ocaqlarının inşasında onların fəaliyyəti danılmazdır. Eyni zamanda,  hazır­da Qarabağ və Şərqi Zəngəzurda  fəaliyyət göstərən sənaye, kənd təsər­rüfatı müəssisələrinin maliyyələsməsində İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu (SİF) da yaxından iştirak edir. Fond aq­rar sektorda emal müəssisələrinin yaradılması və mövcud emal müəssisələrinin modernləşdirilməsi və ya genişləndirilməsi üçün güzəştli kre­ditlər verir. Bu siyahıya aqropark və fermer təsərrüfatlarının yaradılma­sı və ya genişləndirilməsi, ətlik və südlük  cins iribuynuzlu və digər heyvandarlıq komplekslə­rinin, əkinçilik, intensiv bağçılıq və tingçilik təsərrüfatlarının,  pambıqçılıq, və üzümçü­lük təsərrüfatlarının yaradılması və sair daxildir.

SİF-in İdarə Heyəti­nin sədri Osman Xaliyev 2023-cü il üzrə Fondun fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə dair mətbuat konfransında bildirib ki, hesabat ilində Fond tərəfindən ümumi dəyəri 459,9 milyon manat olan 3276 in­vestisiya layihəsinin maliyyələsdirilməsinə 193,8 milyon manat güzəştli kredit verilib. Güzəştli kre­ditlərin 72 faizi regionların, 28 faizi isə Bakı şəhəri və Abşeron iqtisadi rayonunun payına düşür.

Həmçinin bildirib ki, SİF 2022-ci ildən etibarən işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara da dəstək göstərir. Belə ki, 2022–2023-cü illər ərzində işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən yerli sahibkarla­rın 7 layihəsinin maliyyələşdirilməsi üçün Fond tərəfindən 14,4 milyon manat güzəştli kredit verilib. Cari il ərzində də işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən sahibkarların dəstəklənməsi  prioritetlərdən biri kimi qalır.

Qeyd edək ki, tətbiq olunan güzəştlər iri sahibkarlarla yanaşı, kiçik və orta sahibkarların da işğaldan asad olunmuş ərazilərə investisiya yatırmaq marağını artıracaq. Onla­rın bölgəyə marağını artıracaq digər amil isə buranın logistik mərkəzə çevrilməsi­dir. Yəni, Qarabağ və Şərqi Zəngəzur iq­tisadi rayonlarının beynəlxalq və re­gional nəqliyyat-logistika mərkəzinə çevrilməsi sahibkarların qlobal ba­zarlara çıxış imkanlarını artıracaq. Bu, işğaldan azad edilmiş ərazilərin inkişaf etdirilməsində əhəmiyyətli rola malik olacaq. Həmçinin iki əsas məsələnin həllinə–dayanıqlı məs­kunlaşmanın aparılması və bölgənin ümumi iqtisadi fəaliyyətə rein­teqrasiyasına xidmət edəcək.

Daha çox xəbərlər