Əsas səhifə 

Əgər güclü Azərbaycan qurmasaydıq heç vaxt ərazi bütövlüyümüzü bərpa edə bilməzdik

Dövlət başçısı İlham Əliyevin andiçmə mərasimindəki nitqində 20 ilin uğurları fonunda səsləndirdiyi hər bir çağırış ölkəmizin hər dövrün tələblərini yüksək səviyyədə yerinə yetirdiyini təsdiqləyir

“Əziz xalqımı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da Azərbaycanın hərtərəfli inkişafı, ərazi bütövlüyümüzün qorunması üçün əlimdən gələni əsirgəməyəcəyəm.” Dövlət başçısı İlham Əliyev fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimində son 20 ilin uğurlarını şərtləndirən amilləri bir daha diqqətə çatdırdı.

Prezident İlham Əliyevin bu vədi bizə 20 il bundan öncə ilk dəfə Prezident seçildikdən sonra andiçmə mərasimində Ümummilli Lider Heydər Əliyevə ünvanladığı müraciəti yada saldı: “Mən bu gün bu yüksək kürsüdən əziz Prezidentimiz cənab Heydər Əliyevə müraciət edərək deyirəm: “Əziz Prezident, əsəriniz olan müasir Azərbaycanı gücləndirəcəyik, zənginləşdirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik, Sizin yolunuzla yeni qələbələrə doğru gedəcəyik!” Dövlət başçısı İlham Əliyevin bu müraciətindən öncə 1 oktyabr 2003-cü il tarixdə Ulu Öndər Heydər Əliyev xalqa bu müraciəti etmişdi: “Üzümü Sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.”

Ümummilli Lider Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin son 20 ildə uğurlu davamının nəticələri göz önündədir. Azərbaycan dayanıqlı və davamlı inkişafı ilə dünyanın diqqətindədir. İqtisadi tərəqqi hər bir sahədə  uğurlu addımların atılmasını şərtləndirdi. Azərbaycana hansı sahədən diqqət yetirsək böyük inkişafın, tərəqqinin, yeniliyin şahidi oluruq. İqtisadi tərəqqi  ordu quruculuğu sahəsində mühüm addımların atılmasına yol açdı. 20 ilin mühüm uğurlarından biri kimi  düşünülmüş və məqsədyönlü  siyasətin nəticəsində məğrur, yenilməz xalq olmağımızla fəxr edirik. Azərbaycan xalqının başı uca, alnı açıqdır. Dövlət başçısı İlham Əliyev andiçmə mərasimindəki nitqində bu məqamları xüsusi vurğuladı. “2003-cü ildə ilk dəfə Prezident vəzifəsinə seçiləndə əziz xalqımı əmin etmişdim ki, qarşıda duran bütün vəzifələri icra etməyə, xalqın yüksək etimadını doğrultmağa çalışacağam. Bu illər uğurlarla dolu, qələbələrlə dolu illər olmuşdur. Çətinliklər də oldu, problemlər də oldu, ancaq Azərbaycan xalqı bir yumruq kimi birləşərək bütün çətinliklərə və problemlərə baxmayaraq, inkişaf və tərəqqi yolu ilə uğurla gedirdi” söyləyən Prezident İlham Əliyev bildirdi ki, biz doğrudan da bütün dünyaya böyük xalq olduğumuzu,  öz taleyimizi özümüzün  həll etdiyini sübut etdik. Verilən vədlər arasında təbii ki, ilk növbədə, ölkəmizin ərazi bütövlüyünün bərpası dayanır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz 44 günlük İkinci Qarabağ müharibəsində şanlı Zəfərə imza atdı. Tarixi Qələbəmiz  milli kimliyimizi, qürurumuzu özümüzə  qaytardı. Azərbaycan xalqı bir yumruq kimi birləşərək Vətən müharibəsi nəticəsində torpaqlarımızın böyük hissəsini azad etdi. Şəhidlərimizin və on minlərlə Azərbaycan gəncinin şücaəti, fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün azad Qarabağda yaşayırıq.

Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə  Azərbaycanın nail olduğu möhtəşəm uğurlar Ulu Öndər  Heydər Əliyevin arzularının həyata vəsiqə almasının təsdiqidir.  Dövlət başçısı İlham Əliyev daim çıxışlarında Azərbaycanın uğurlarından bəhs edərkən bildirir ki, bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi Azərbaycandır.

Bu gün Azərbaycan regionda inkişafın aparıcı qüvvəsinə, dünya birliyinin fəal üzvünə çevrilib. Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi mümkünsüzdür. İqtisadi müstəqillik Azərbaycanın siyasi müstəqilliyini şərtləndirdi. Dövlət başçısı İlham Əliyev  tarixi Zəfərimizdə iqtisadi və siyasi müstəqilliyimizin  rolunu xüsusi qeyd edir. Azərbaycanın beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyi, ən əsası bu gün tarixin arxivinə atılan Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi bazanın mövcudluğu Azərbaycan Ordusunun döyüş meydanında qələbəsinə yol açdı. Azərbaycan dünyaya sübut etdi ki, beynəlxalq hüququn norma və prinsipləri mövcuddur və onların icrası üçün vahid mexanizm olmalıdır. Bu qələbə dünyanın yeni xarici siyasətinin formalaşmasında, yeni reallıqların yaradılmasında əhəmiyyətli rol oynadı. Dövlət başçısı İlham Əliyev andiçmə mərasimində hədəfləri açıqlayarkən xarici siyasətimizlə bağlı bu məqamı xüsusi vurğuladı: “Biz bu yeni dövrdə xarici siyasət istiqamətində yeni üfüqlər açmalıyıq. Əgər əvvəlki dövrdə bizim xarici siyasətimizin əsas istiqaməti Ermənistan-Azərbaycan münaqişəsinin həlli idisə, bu gün artıq bu məsələ demək olar ki, gündəlikdə durmur.” Cənab İlham Əliyev onu da qeyd etdi ki, ona görə xarici siyasətimizin yeni istiqamətləri üstünlük təşkil etməlidir.

Prezident İlham Əliyev bu çağırışı ilə Qarabağ münaqişəsinin tarixə qovuşmasından keçirdiyi qürur hissini nümayiş etdirir. Bu çağırış bizi 44 günlük İkinci Qarabağ müharibəsinin gedişi dövründə xarici mətbuata çoxsaylı müsahibələrinin birində,  Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində  “Yəqin ki, Qarabağı azad etmək rəhmətlik atanızın vəsiyyətidir. Vəsiyyətini də yeri gəlmişkən Sizdən öyrənmək istərdik. Vəsiyyətini hazırda həqiqətən yerinə yetirirsiniz. Sizi də, Azərbaycan xalqını da Türkiyə xalqı adından təbrik edirik. Atanızın vəsiyyəti barədə nə söyləmək istəyirsiniz” sualına cavabını xatırlatmağı bir tələbə çevirdi. Cənab İlham Əliyev sualı belə  cavablandırmışdı:  “Bilirsiniz, mən hər zaman çalışmışam ki, atamın yoluna sadiq olum. 2003-cü ildə ilk dəfə Azərbaycan xalqı mənə etimad göstərəndə seçkilərdən əvvəl mən demişdim ki, əgər siz mənə bu inamı, etimadı göstərsəniz, mən Heydər Əliyev siyasətinə sadiq olacağam, bütün istiqamətlər üzrə onun yolu ilə gedəcəyəm. Şadam ki, sözümə sadiq oldum, sözümü tutdum. Bu gün Azərbaycanın sürətli və uğurlu inkişafı, beynəlxalq müstəvidə böyük hörmətə malik olması, ölkə daxilində sosial, iqtisadi, digər problemlərin həlli, böyük layihələrin həyata keçirilməsi, əlbəttə ki, Heydər Əliyev yolunun davamıdır. Təbii ki, dünya dəyişir. Dünyadakı güclər nisbəti də dəyişir. Bugünkü dünya 2003-cü ildəki dünya ilə əlbəttə ki, müqayisə edilə bilməz. Ancaq bizim strateji hədəflərimiz dəyişməz olaraq qalır. O da müstəqilliyi möhkəmləndirmək, müstəqil siyasətə sadiq olmaq, heç vaxt heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş əyməmək, öz qürurumuzu saxlamaq, qorumaq və ərazi bütövlüyümüzü bərpa etməkdir. Yəni, qısa desəm, atamın vəsiyyəti bundan ibarətdir.»

Dövlətimizin başçısı bu məqamı da xüsusi qeyd etmişdi ki, əlbəttə ki, ərazi bütövlüyümüzün bərpası bizim üçün bir nömrəli vəzifədir. Biz buna nail olmaq üçün böyük səy göstərdik – siyasi, iqtisadi, diplomatik, hərbi. Bizim ordumuz faktiki olaraq yenidən quruldu. Bu gün ordumuzun potensialı bütün dünyanın gözü önündədir: «Mənə verilən məlumata görə, inkişaf etmiş bəzi ölkələrin hərbi mütəxəssisləri də artıq bizim təcrübəmizi öyrənirlər. Mən əminəm ki, bu təcrübə kitablarda da, tədqiqatlarda da əksini tapacaq. Ona görə atamın yoluna sadiq qalaraq bu şərəfli missiyanı icra edirik. İnşallah, sona qədər başa çatdıracağıq.»

Əminliklə söylənilən bu fikirlər artıq reallıqda öz əksini tapır. Dövlətimizin başçısı, Ali Baş Komandan bu missiyanı da şərəflə yerinə yetirdi. Cənab İlham Əliyev daim bildirirdi ki, mən nəyi nə zaman və necə etmək lazım olduğunu bilirəm. Ölkə Prezidenti bütün təzyiqlərə baxmayaraq qətiyyətli mövqeyindən bir addım da belə geri çəkilmədi, işalçı Ermənistanın baş nazirinin irəli sürdüyü 7 şərtə cavab olaraq yalnız bir şərti  qoydu ki, o da torpaqlarımızdan çıxmaları idi. 300-ə qədər yaşayış məntəqəsi, 5 şəhər, 4 qəsəbə, xeyli sayda strateji yüksəkliklər işğaldan azad edildikdən sonra diz çökən Ermənistan çıxılmaz vəziyyətdə qaldı. Ya tamamilə məhv olmalı idi, ya da Bəyanata imza atıb məğlubiyyətini etiraf etməli idi. 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanat Azərbaycanın 30 ilə yaxın dövrdə gözlədiyi  anın dünyaya təqdimatı oldu.

Bu Qələbə gözlənilən idi. Hər kəs  Qarabağ münaqişəsinin həllində  hərb yolunun seçiləcəyi  təqdirdə Ermənistanın sarsıdıcı məğlubiyyətə uğrayacağına əmin idi. Çünki   dövlət başçısı  Ali Baş Komandan İlham Əliyev möhkəm təmələ əsaslanaraq  elə bir ordu formalaşdırdı ki,  onun qarşısında Ermənistanın duruş gətirməsi tamamilə mümkünsüz idi. Bu illər ərzində  Azərbaycan keçmiş  ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlara sadiqlik nümayiş etdirib Ermənistanın bu prosesdəki imitasiyasını böyük səbirlə izləməklə yanaşı, ordu quruculuğu məsələlərini xüsusi diqqət mərkəzində saxladı. Müharibə şəraitində yaşayan ölkə üçün güclü, qüdrətli ordunun olması vacib idi. Tarixi Zəfərimiz ordumuzun imkanlarını nümayiş etdirdi.

Tarixi Zəfərimizdən sonra Azərbaycanın imza atdığı digər qələbələr də ölkəmizin bu sahəyə diqət və qayğısını nümayiş etdirdi. Ötən ilin 19 sentyabr tarixində Silahlı Qüvvələrimizin həyata keçirdikləri bir günlük lokal antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa olunması da bunun bariz nümunəsidir. Cənab İlham Əliyev andiçmə mərasimində birdaha bu kimi məsələlərə diqqəti yönəldərək bildirdi ki,  bir çox ölkələr bu gün hərbi sahəyə diqqət yetirməyə başlamışlar. Biz isə bunu artıq 20 ildən çoxdur ki edirik və bu gün bizdə əldə edilmiş təcrübə, o cümlədən döyüş təcrübəsi əvəzolunmazdır.  Ordumuz təlimlərdə paradlarda yox, döyüş meydanında öz gücünü göstərmişdir. Ermənistan və ona hərbi cəhətdən dəstək verənlər bilməlidirlər ki, bizi heç nə dayandıra bilməz. Əgər ölkəmizə  qarşı ərazi iddialarına son qoyulmazsa, əgər Ermənistan öz qanunvericiliyini normal qaydaya salmazsa, təbii ki, sülh müqaviləsi olmayacaq. Bu, bir daha onu deməyə əsas verir ki, ordu quruculuğu, hərbi potensialın gücləndirilməsi əsas vəzifədir: “Bu gün onu da bildirməliyəm ki, bir çox ölkələr üçün bu, əsas vəzifə kimi artıq qəbul olunub, onların hərbi doktrinalarında, onların büdcə xərclərində və digər addımlarda da bunu əyani şəkildə görmək olur. Bizim üstünlüyümüz ondan ibarətdir ki, Ordumuz döyüş meydanında öz gücünü göstərib, Ordumuzda çox yüksək mənəvi ruh var, bizim peşəkarlığımız artır və biz Ermənistanı döyüş meydanında məğlub etmişik. Ona görə bu amil həmişə mövcud olacaq.”

Cənab İlham Əliyev nitqində bu hədəfi də açıqladı ki, neokolonializmə qarşı mübarizə aparan ölkələrin yanında olmalıyıq. Neokolonializmi və o eybəcər tarixdən qalan amili Yer üzündən tamamilə silmək üçün öz dəstəyimizi göstəririk və göstərəcəyik: “Bunu neokolonializmin başında duranlar da bilsinlər ki, onlar əbəs yerə bizimlə soyuq savaşa çıxıblar. Biz geridə qalmayacağıq, biz heç vaxt müdafiə mövqeyində olmamışıq. Bizə qarşı atılan addımlara adekvat addım atacağıq və bizə qarşı məkrli planlar hazırlayanlar, əminəm ki, peşman olacaqlar.

Bu gün qürurla yeni dövrün yeni hədəflərindən bəhs edirik. Bu yeni dövrün müəllifi qalib Prezidentimizdir. Cənab İlham Əliyev nitqində böyük inamla qeyd etdi ki, indi  yeni dövr başlayır. Biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Bu dövrün böyük nailiyyətləri olacaq, mən buna şübhə etmirəm. Çünki son illərin tarixi onu göstərir ki, qarşıya qoyduğumuz bütün vəzifələr icra edildi: “Əlbəttə ki, bütöv Azərbaycan bu dövrə qədəm qoymuş, bütövləşmiş birlik nümayiş etdirmiş, o cümlədən bu seçkilərdə böyük birlik nümayiş etdirmiş xalq böyük uğurlara imza atacaq. Mənim buna şübhəm yoxdur. Azərbaycan cəmiyyətində hökm sürən çox müsbət ab-hava bizi daha da gücləndirir. Güclü Azərbaycan bizim həmişə hədəfimiz olub. Əgər güclü Azərbaycan qurmasaydıq, əgər kimdənsə istər siyasi, istər iqtisadi sahədə asılı olmuş olsaydıq, heç vaxt biz ərazi bütövlüyümüzü bərpa edə bilməzdik.”

Əsas olan budur ki, biz məğrur, öz tarixinə sahib çıxan, bir qarış belə torpağını düşmənə verməyən, mübarizəsindən geri dönməyən xalq olduğumuzu nümayiş etdirdik. Bu qürur qarşıdakı dövr üçün stimulverici amil rolunu oynayır. Son üç ildən artıq dövrün  uğurları bunu deməyə əsas verir. Dövlət başçısı İlham Əliyevin ailə üzvləri ilə birlikdə Xankəndi şəhərində səs verməsi hər birimiz üçün böyük qürurdur.  30 il işğal altında qalan, amma heç zaman əyilməyən, qürurunu sındırmayan torpaqlarımız bu kimi  qürurverici, özündə böyük siyasi və rəmzi mənanı əks etdirən  hadisələrin yaşanmasından sevinclidir. Müzəffər Ali Baş Komandanın hər zaman bəyan etdiyi kimi, bu torpaqlar bizimdir və burada əbədi olacağıq.

Daha çox xəbərlər