Gündəm 

AŞPA daşı ətəyindən tökməsə…

Son üç ildə baş verən mühüm hadisələr – Azərbaycanın öz ərazilərini Ermənistanın işğalından azad etməsi və suverenliyinə tam nail olması nəticəsində Çənubi Qafqazda yeni reallıqlar yarandı. Təəssüf ki, bu, Avropa Şurası Parlament Assambleyası (AŞPA) kimi beynəlxalq təşkilatların, Fransa kimi ölkələrin ürəyincə olmadı. Hətta heç bir real fakta əsaslanmadan AŞPA-nın qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsi təsdiqlənmədi. Bununla qurumun rəhbərləri ikili siyasət yürütdüklərini, Ermənistanı himayə etdiklərini, Azərbaycana qarşı qərəzli olduqlarını bir daha nümayiş etdirdilər. AŞPA-nın bu mövqeyini başqa cür qiymətləndirmək mümkün deyil.

İndi Azərbaycan nümayəndə heyətinin AŞPA-da təmsil olunmaması  ermənipərəstlərin əl-qolunu tamamilə açıb. Odur ki, onlar əllərinə düşən hər fürsətdə ölkəmizə qarşı hər cür yalan və iftira püskürməkdədirlər.  Ermənistan Milli Assambleyasının “Mənim şərə­fim” fraksiyasının rəhbəri Hayk Mamicanyan AŞPA-nın sessiyası­nın plenar iclasında bildirib ki, guya Azərbaycanın Dağlıq Qarabağın separatçı rejiminin keçmiş rəh­bərlərini həbs etməyə heç bir hüququ yoxmuş. Uzun illər Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərinin işğalı faktına qarşı heç bir tədbir görməyən, öz yurd-yuvalarından zorla qovulan, didərgin düşən və doğma yurdlarına qayıtmaq hüququndan məhrum olan bir milyondan çox azərbaycanlı məcburi köçkünün hüquqlarını müdafiəsinə qalxmayan bu qurum  böhtançıya heç bir cavab verməyib. Heç ona “sus” deyən də olmayıb. Halbuki nümayəndə heyətimiz həmin tədbirdə iştirak etsəydi, tutarlı faktlarla onu susdurardı.

Bəs Azərbaycanın nümayəndə heyəti bu qurumda fəaliyyətini bərpa edə bilərmi? Bəzi ölkələr rəsmi Bakıya qarşı olan bu haqsızlığa kəskin etirazını bildirir. Məsələn,  Ukrayna, Sebiya, Türkiyə kimi ölkələr AŞPA-nı Azərbaycana qarşı atılan bu haqsız addıma görə qınayıblar. Bu günlərdə isə Ərəb Parlamentinin sədri Adel bin Abdul Rahman Əl-Asumi də AŞPA-nın sədri Teodoros Rousopoulosa qurumun Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiya olunmamasına dair qəbul etdiyi qətnamə ilə əlaqədar məktub ünvanlayıb. Azərbaycanın  həm Avropa, həm də dünya miqyasında mədəni müxtəlifliyin qorunmasında, həmçinin sivilizasiyalararası dialoqun təşviq olunmasında əhəmiyyətli rol oynadığının vurğulandığı məktubun sonunda deyilir ki, Ərəb Parlamenti bir daha Azərbaycan parlament nümayəndə heyətinin səlahiyyətlərinin təsdiq olunmaması ilə bağlı təəssüfünü bildirir, AŞPA-nın əsasını təşkil edən dialoqa və əməkdaşlıq prinsiplərinə zidd olan bu qətnaməyə yenidən baxılmasında AŞPA sədrinin şəxsi və peşəkar dəstəyinə ümid edir, AŞPA ilə Azərbaycan Milli Məclisini tez bir zamanda birbaşa dialoqa səsləyir.

Qeyd edək ki, Azərbaycanla bağlı səsvermədə AŞPA-nın 46 üzv ölkəsinin 306 deputatından cəmi 90 nəfəri iştirak edib, bunun da 76-sı ölkəmiz əleyhinə səs verib. Analitiklərin fikrincə, AŞPA-nın növbəti sessiyasında dost və tərəfdaş ölkələrin bir qrup deputatının Azərbaycanın səsvermə hüququnun qaytarılması məsələsini yenidən gündəmə gətirməsi nəzəri cəhətdən mümkündür. Çox güman ki, digər ölkələrin AŞPA-dakı nümayəndələri də belə addımlar atacaqlar.  Amma bir məsələ var ki, AŞPA rəhbərliyi Azərbaycanın qurumdan uzaqlaşdırılmasının təşkilat və ümumiyyətlə, Avropa üçün zərərli olduğunu anlayaraq məsələyə yenidən baxılmasında maraqlı olacaqmı? Olmasa, məsələ öz həllini necə tapacaq? Bu suala Prezident İlham Əliyev fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən aydınlıq gətirmişdi.  Belə ki, həmin tədbirdə Azərbaycan nümayəndə heyətinin hüquqlarının bərpa edilməli olduğunu deyən dövlətimizin başçısı diqqətə çatdırmışdı ki, Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmayacağı təqdirdə, rəsmi Bakı tərəfindən də Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılacaq.

Daha çox xəbərlər