Cəmiyyət 

Niyə insanlar sevgi yoxsulluğu yaşayır?

Bəli, illərdir müşahidələrim, qarşılaşdığım insanların davranışı, hərəkəti, ünsiyyəti sadəcə bir fikri yaradır məndə, niyə insanlar sevgi yoxsulluğu yaşayır. Uzun illər muxtəlif müəssisələrdə çalışıb, fərqli vəzifələr icra edən biri olaraq bu günkü zəngin dövrümüzün çağında insanların hər şeylə təminatlı, varlıqlı olduğlarına, heç bir çətinlik və yoxluq çəkmədiklərinin şahidiyəm. Bu şahidlik məni illərin çətinliyini görən, yoxsulluğun nə olduğunu bilən, ərzaqsızlığın, mavi qasız evlərin, gecələri elektrik enerjisizliyinin qaranlığında böyüyüb ərsəyə gələn bir gənc olaraq düşündürür, bu gün həyatımızda sadəcə bir şeyinin yoxsulluğunu yaşayırıq oda Sevgi Və Hörmətin!  

Özüm-özümə suallar verirəm niyə, axı niyə… çox uzaqlara getmirəm, 90-cı illərə xəyalən yol salıram düşüncəmdə… Mən çox kiçik bir qız idim. Baba-nənəmin qayğısı ilə böyüyürdüm. Biz tərəflərin əslini soruşanda Əlincə çaylıyıq deyirdik. Bu Əlincə çayı ən ucqar kənd olan Boyəhmədən aran kəndimiz Gülüstana qədər gəlib çıxan bu məsafədə 16 kəndi də əhata edib son mənzili Araz çayına qovuşması idi. Bir-birinə yaxın yeləşən bu kəndlərimizdə həm çayın birləşdirməsi, həm ərazi olaraq uzaq olmaması insanlarını da bir-birinə böyük sevgi, hörmətlə bağlamışdı. Böyüdüyüm ailəmdə ancaq adını eşitdiyim əlincəçaylıların bizim evin ən əziz insanı, qonağı olduğunu görərdim. Hansı kənddən gəlməyinin fərqi yox idi. Minbir hörmətlə qarşılayıb, kasıb süfrəsinin, nənəmin sözü ilə desəm “Allahın verdiyi ruzidən” nəyimiz vardısa qonağımızın qarşısına qoyardıq. O qonağı elə mehribançılıqla yola salardıq ki, qonağımız bu sevgi, hörmət qarşısında bizə necə minnətdarlıq edəcəyini bilməzdi. Saf, ürəkdən gələn o səmimi hisslər necədə gözəl idi…

Evimizdə çox şəraitimiz yox idi. Qablarımızı binamızın həyətinə gələn bir bina üçün ümumi olan kranda növbəli aparıb yuyardıq. Gənclərimiz, böyüklərə hər zaman sıra yerini verərdi, çox böyük ehtiram, sevgi göstərədi. Səmimi dostluqlar vardı, dost yolunda candan keçən dostluqlar. Çox şahidi olurdum ailəmdə, ətrafdakıların dost dərdinə şərik olub, dərdinə dərman tapmağa çalışması, heç nə belə edə biməsə də, “səmimi sarılıb, yanındayam hər zaman”- deyilməsi… nələri həll etmirdi ki… İndiyə baxıram insanlar nə qədər mal-mülk, var-dövlət sevər olub ki, bu gün nə ailə sevgisi, hörməti qalıb, nə də dost, yoldaş səmimiyyəti… İnsanların qəlbini xainlik, kin-küdrət bürüyüb. Nə böyük məsləhəti var, nə kiçiyin dinləməsi. Bütün ətrafım böyük sevgisizliyə, hörmətsizliyə bürünüb günü-günə verib, zaman ötürür. Hey düşünürüəm bu zaman belə ötüb bizi hara aparır… bircə onu deyə bilərəm ki, bizi-bizdən qoparır… bu qopma hər yaxşı hissimizi, ən əsası sevgimizi, hörmətimizi, ən yaxşı dəyərlərimizi məhv edir.

Çarə axtarıram… Sual verirəm? Axı niyə… bircə onu bilirəm ki, mən varlıqlı olmaq yerinə kasıb sevgi dolu, hər kəsin qəlbində səmimi sevgisi olan, hörmət edən ətrafı olan qızcığazı artıq əlimdə çıraqla axtarıram!

Düşünürəm həyat nə qədər qısadır bu günkü dövrümüzdə, sağlıqlar gedib, hər adda, dərdi bilinməyən xəstəliklər, ölümlər bu gün hər evin qapısını döyər olub. Dünyanın yolu, axarı dəyişib büsbütün. Elə bunlara nəzər salıb hər kəsə səslənirəm. Bu çətin dünyanı qurtaran da yenə bizlərik! Gəlin səmimiyyəti, dostluğu, yoldaşlığı, hörməti itirməyək. Bu çətin dünyamıza sevgimizlə sarılaq. Gələcək nəsli də sevgi, hörmətlə böyüdək!

Səriyyə Salahova,
Culfa Rayon Mədəniyyət Sarayının direktoru

Daha çox xəbərlər