“Arzunun ən böyüyü…”
Vətən müharibəsi şəhidi, leytenant,
Ramil Qurban oğlu Əliyevin əziz xatirəsinə
Bəzən şəhidlər haqqında nəsə yazmaqda o qədər çətinlik çəkirəm ki. Niyəsini soruşsanız deyərəm ki, taleləri kimi həyat yolları, xarakterləri, insani keyfiyyətləri, ali məqamları o qədər oxşardır ki, sanki eyni insanı təsvir edib, eyni şəhid haqqında danışıram. Onların hər hansısa biri haqqında yazılan məlumatları oxuduqca sanki gözlərimin önündən bütün şəhidlərin tərcümeyi-halı keçir. Bəzən düşünürəm ki, bu qədər insani keyfiyyətlər niyə məhz elə şəhidlərdə toplaşıb. Boşuna onlara “seçilmişlər” deyilmədiyini indi anlayıram. Allahın sevdiyi, seçdiyi, ən uca zirvəyə layiq gördüyü, imtahanı olmayan sevimli bəndələridir şəhidlər. Onları vəsf etməyə tam qadir olmasam da yenə də bu gün bir şəhidin xatirələrini, onun döyüş yolunu təsvir etmək, içimdə bir arzu kimi baş qaldırdı.
Vətən müharibəsi başlamamışdan, hələ igid oğullarımızın heç biri şəhid olmamışdan əvvəl Azərbaycanda bir-birini heç tanımayan, bir-birinin varlıqlarından belə xəbəri olmayan minlərlə insanlar, ailələr var idi. Bəlkə qulağa bir az ağır gələr amma şəhidlər sayəsində uzaqlar yaxın oldu, bu ortaq dərdlər insanları bir-birinə yaxınlaşdırdı. Şəhidlər hər kəsin balası oldu. Şəhid valideynləri isə hamımızın atası, anası. Dəyəri heç bir şeylə ölçülməyən atalar, analar tanıdıq, doğmalaşdıq.
Bəli, şəhid Ramil Əliyevin anası Gülnarə xanımı da məhz elə Ramil sayəsində tanıdım.
Bir gün şəhid Həmid Qasımovun nişanlısı, qəlbimdə ayrıca bir yeri olan Nuranə xanım mənə bir bənd şeir yolladı. “Müəllimə, – dedi, – Bu şeiri qəhrəman şəhidimiz Ramil Əliyevin dəyərli anası Gülnarə anam yollayıb. Ramil şəhid olmamışdan əvvəl yazıb. O istəyir ki, Ramilin bu şeirinin ardı tamamlansın”. Əlbəttə bir şəhid anasının məndən belə bir şey istəməsi, bunu məhz mənə etibar etməsi məni qürurlandırmadı deyil. Mən Gülnarə xanımla əlaqə saxlayıb, Ramil haqqında ən gözəl kəlmələri anasının dilindən eşitmək, lazım olan məqamları şeirdə təsvir etmək istədim. Beləcə Ramilin anası Gülnarə xanımla dialoqumuz başladı. Bu səmimi, təsvir edə bilməyəcəyim qədər mehriban, ana adını ən layiqli şəkildə daşıyan şəhid anası danışdıqca xatirələr çözələnir, gah ağlayır, gah qürurlanır, Ramilin necə bir oğul olduğunu izah etməyə çalışırdı. Bir gün səhərdən axşama kimi telefonda Gülnarə xanımın səsini bezmədən, usanmadan dinlədim. Şeiri yazıb tamamladım, amma tamamlanmamış çox şey qaldığını hiss edirdim. Aldığım bu məlumatlar bir şeirə sığmayacaq qədər çox, hər kəsin oxumasını istəyəcəyim qədər də qürurverici idi. Belə qərara gəldim ki, Ramil haqqında kiçik bir yazı yazım.
– Gülnarə xanım Ramildən danışdıqca döyünən ana qəlbinin çırpıntılarını sanki öz içimdə hiss edirdim. Balasını o qədər gözəl, o qədər içdən təsvir edirdi ki, sanki Ramil gözümün önündə canlanırdı.
– “Ramil çox mehriban, böyük-kiçik yeri bilən, hər çətinə dözən, düşdüyü hər şəraitə asan uyğunlaşan biri idi. Onları necə əziyyətlə böyütdüyü, layiqli övlad olmaları üçün necə çırpındığımızı görür və bütün bunların bir gün bəhrəsini verəcəyinə inanırdı. Çox qeyrətli, çox mərd idi balam. Həmişə özündən böyük qardaşını düşünər, hər şeyin ən yaxşısını onun üçün arzulayardı. Hərb işini çox sevirdi. Elə bu sevginin nəticəsi idi ki, Ramil 2011-ci ildə sənədlərini Heydər Əliyev adına hərbi liseyə təqdim edir. 2011-2014-cü illərdə isə Azərbaycan Ali Hərbi Məktəbində təhsilini davam etdirir. Tez-tez evlə əlaqə saxlayar, ilk mənimlə danışardı. Həddindən artıq bağlı idi mənə. Hamı ilə danışıb bitirdikdən sonra yenidən anama verin deyərdi. Bəzən hövsələm olmaz, bunu hiss etdirməmək istəsəm də o dəqiqə narahatlığımı anlayar, səbəbini öyrənməyincə də əl çəkməzdi”.
1996-cı ilin mart ayının 22-də dünyaya gəlmişdi. Həmişə ona “Ramil sən mənim bayram payımsan” deyərdim. Bəzən – Ana artıq böyümüşəm elə deyəndə utanıram desə də, bilirdim ki, özünün də xoşu gəlir. Deyirdim sən nə qədər böyüsən, özün ailə, uşaq sahibi olsan da yenə də mənim ən şirin payım, “bayram payım” olaraq qalacaqsan.
Kəndimizin əhalisi həmişə içməli sudan əziyyət çəkmişik. Uzaq məsafələrdə yol qət edib, qollarımızda daşıdığımız ağır çəkili qabları görəndə həmişə narahat olurdu. Tez qabağımıza yüyürər, gah mənim, gah da qonşu qadınların qablarını daşımağa çalışırdı. Bir gün sizin bu əziyyətlərinə son verəcəyəm deyirdi. Qoy bircə işləyim, bu arzumu gerçəkləşdirəcəyəm deyirdi. Həmin o su xətti çəkildi. Çəkildi amma balam bunun şahidi olmadı. Atası Ramilin bu arzusunu gerçəkləşdirdi. İndi Ramilin adını daşıyan o çeşmədən insanların hər dəfə su götürdüyünü görəndə ürəyimdə izahı olmayan bir hiss keçirirəm. Bax, oğlum, bunlar hamısı sənin əsərindir deyirəm.
Hərbi formasını o qədər sevərdi ki, evə çatar-çatmaz, – Ana, qoy bir hələ formamı dəyişim, əzilməsin, sonra yeməyə keçərik deyərdi.
Mən bilirəm hərb işi ağırdı, çətindir. Lakin mən bir dəfə də olsun Ramilin bu peşədən şikayət etdiyini eşitmədim. Həmişə bu işdən qürurla danışar – “Ana, sən general anası olacaqsan, bax qolların belə qabaracaq, qürurlanacaqsan” deyib gülərdi. O general olsa da, olmasa da mən Ramilimlə, nəinki Ramillə hər iki övladımla həmişə qürur duymuşam.
O qədər düşüncəli idi ki, balam, bəzən bizim düşünə bilmədiyimiz bir şeyi dilinə gətirəndə qürur duyurdum. Allahım nə xoşbəxt anayam. Şükür sənə İlahi kasıbçılıqla, əziyyətlə böyütsək də övladlarım əziyyətlərimi hədər etmədi deyə dua edərdim.
İşə başlamışdı. İlk maaşını alıb evə göndərmişdi. Zəng vurub danışdı: Ana, o pulun müəyyən məbləğinə toxunma, qoy kənara, gəlim özüm danışacağam. İlk ağlıma gələn o oldu ki, yəqin sevdiyi var, bəlkə məni elçi göndərəcək. Ana ürəyim sevincdən çırpınmağa başladı. Səbirsizliklə gəlməyini gözlədim. Gəlib məni özü ilə birlikdə qızıl dükanına apardı. “Ana, iki arzum var idi. Birincisi ilk maaşımla sənə bir qızıl üzük almaq idi.” O iki arzusunun ikincisini və ən böyük arzusunu demədi. Sonralar onun dilindən o ən böyük arzunun “Şəhadət” olduğunu eşidəndə qəlbim sanki yerindən çıxdı. Niyə belə dedin ki, Ramil, niyə ana ürəyimə qor saldın. Ana, dedi: “Bir hərbiçinin işi vətənini, torpağını sonsuz məhəbbətlə sevmək, lazım gəldikdə son damla qanına qədər vuruşaraq şəhid olmaqdır”.
Son vaxtlar danışanda elə hey təlimdəyik deyirdi. Hər dəfəsində də “İnşallah bu təlimlərdən uğurla çıxaram, arzuma çataram” deyirdi. Ramil şəhid olduqdan sonra müharibəyə hazırlaşdıqlarını, dediyi təlimin müharibəyə hazırlıq, həmin o uğurlu sonun isə şəhadət olduğunu dərk etdim.
Döyüşə getməmişdən mənə bir çanta vermişdi. Demişdi ki, bu çantanı saxla vaxtı çatanda açarsan. Mənə qəribə gəlmişdi, hətta gülmüşdüm: “Axı mən hardan biləcəyəm ki, vaxtı çatıb açmalıyam”. “Biləcəksən, darıxma ana” dedi.
Sentyabr ayının 28-də Füzuli istiqamətində gedən döyüşlərdə Ramil şəhadətə ucalır. Ən böyük arzusu şəhadət olan, bu arzusuna layiqincə qovuşan balamın nəşinə noyabr ayının 16-da qovuşa bildik.
Aradan həftələr keçdi. Ramilin yoxluğu üstümə sanki bir dağ kimi çökmüşdü. Heç nəyi onsuz təsəvvür edə bilmirdim. Artıq 40 mərasimini də vermişdik. Bir gün Ramillə bağlı nə isə sənəd hazırlamaq lazım idi. Lakin çatışmayan bəzi sənədlər var idi. Birdən hardansa ağlıma həmin çanta gəldi. Var gücümlə yerimdən qalxdım. Çantanı gətirib açdıq. Lazımi sənədlər orda idi. Əlimə balaca bir kağıza yazılmış bir bənd şeir keçdi. Cismim sanki buz kəsilmişdi. Onunla bağlı xatirələr, dediyi hər kəlməsi necə hazırlaşdığı, hər dəfəsində bunu üstüörtülü şəkildə mənə xatırlatması bir film lenti kimi gözümün önündən keçdi. Balam əslində şəhid olacağını, bu şərəfli yolun yolçusu olduğunu bilirmiş, bunu hiss edibmiş. Ramilin 24 illik ömrünü sığdırdığı həmin o dörd misra bunlar idi:
Bir gün şəhid olsam vətən, elimdə,
Qoymayın nəşimi düşmən əlində.
Gözləyin yolumu Araz sahilində,
Öz ata yurduma göndərin məni.
Həmin o dörd misradan qopub gələn, onun demək istəyib də deyə bilmədiyi digər misraları da biz qələmə aldıq:
Batmayın kədərə, batmayın yasa,
Ömür dediyimiz bəzən çox qısa
Xatirəm silinməz izlər saldısa
Hər vaxt təbəssümlə yad edin məni.
Bilirəm çox böyük bir addım atdım
İllərlə xəyalın qurdum, yaratdım
Şəhidlik arzumdu, arzuma çatdım
Ən uca zirvədə zənn edin məni.
Anam gözlərindən tökməsin yaşlar
Qəlbini almasın qoy qara qışlar
Enməsin sinəyə dik duran başlar
Vüqarlı qalaya döndərin məni.
Atam heç bükməsin dərddən belini
Ağaran görmüyüm qəmdən telini
Darıxsan səmaya qaldır əlini
Bircə salavatla şad edin məni
Arxa dayağımdın, dostum, sirdaşım
Enişli, yoxuşlu yolda yoldaşım
Hər vaxt məğrur dayan, məğrur qardaşım
Mən də zirvələrdən seyr edim səni.
Nazını çəkdiyim bütün el-obam
Güznütüm, ay mənim alınmaz qalam
Gedirəm, mən artıq bu yerdə yoxam
Vuran qəlbinizdə hiss edin məni.
Mən inanıram ki, illər keçsə də sizin xatirəniz yaddaşlardan silinməyəcək, hətta daha da əziz tutulacaq. Vətən şəhidləri ilə tanınar, tökülən qanlar hesabına vətən olar. Unutmayaq ki, torpaq su ilə qarışanda palçıq, qan ilə qarışanda vətən olur.
Haqqı heç bir şeylə ödənməyən müqəddəs şəhidlərim, ən az şəhidlər qədər müqəddəs dəyərli şəhid ataları, şəhid anaları qarşınızda baş əyirəm. Haqqınız halal edin!
Müəllif: Kəngərli Rayon MKS-nin Qabıllı kənd
kitabxana filialının müdiri Xuraman Cəfərli

