Cəmiyyət 

Qızılca zamanı ağırlaşmalar hansı hallarda baş verə bilər? – AÇIQLAMA

Azərbaycan ərazisində əks-epidemik və profilaktik tədbirlərin aparılması işləri gücləndirilib. Ölkədə qızılca əleyhinə vaksinasiya ilə bağlı ciddi tədbirlərin  həyata keçirilməsi, belə ki  peyvənd  təqviminə uyğun 12 aylıqda və 6 yaş uşaqlar arasında peyvəndlərin davam etdirilməsi, qızılca peyvəndindən kənarda qalan və ya qızılca xəstəliyi keçirməyən  uşaqların, 40 yaşadək  böyük yaşlı əhalinin  peyvəndlənməyə  cəlb edilməsi, eyni zamanda, qızılca hadisələrinin aktiv aşkar olunması, infeksiya ocaqlarında əks-epidemik tədbirlərin  aparılması  nəticəsində 2024-cü ilin yanvar ayından  Azərbaycanda qızılca  xəstəliyinin  səviyyəsində  azalma müşahidə olunur.

Bunu “İki sahil”ə özəl açıqlamasında Respublika Gigiyena və Epidemiologiya Mərkəzi bildirib.

Qurumdan verilən məlumata görə,  qızılca yüksək kontagiozluğa malik olan xəstəlikdir. Yoluxma birbaşa təmas zamanı hava-damcı yolu ilə baş verir. Qızılca xəstəliyinə yoluxma riski immuniteti zəif olan şəxslər, hamilələr, 5 yaşına qədər uşaqlarda daha yüksəkdir. Xəstəliyin ilk əlamətləri qızılca virusu insana keçdikdən təxminən 8-12 gün sonra görünür. Qızılcanın ilkin simptomlarına – yüksək qızdırma, quru öskürək, zökəm, konyunktivit, gözlərin işığa həssaslığı (işıqdan qorxma) aiddir. Sonrakı mərhələdə ağızın selikli qişasında başlayan, mərkəzi ağ, qıraqları qırmızı səpgilərin yaranması müşahidə olunur. İki-üç gündən sonra dəridə, əvvəl qulağın arxası, başın tüklü hissəsində, üzdə səpgilər əmələ gəlir. Növbəti günlərdə səpgilər boyunda, sinədə, əllərdə, 1-2 gündən sonra isə aşağı ətraflarda müşahidə olunur. Əgər şəxs özündə bu əlamətlərdən bir neçəsini müşahidə edərsə, həmçinin səpgili şəxslə təmasda olubsa, bu zaman qızılca xəstəliyindən şübhələnməli və dərhal ərazi üzrə tibb müəsisəsinə müraciət etməlidir.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən o da qeyd olunub ki, qızılca zamanı ağırlaşmalar baş verə bilər və onlar əsasən ikincili infeksiyanın (bakterial infeksiyaların) qoşulması ilə bağlıdır. Kiçik yaşlı uşaqlarda əsasən tənəffüs orqanları tərəfindən ağırlaşmalar – laringitlər, larinqo-traxeobronxitlər, pnevmoniyalar rast gəlinir. Böyüklərdə meninqitlər, meninqoensefalitlər və polinevritlər kimi ağırlaşmalar qeyd oluna bilər.

Daha çox xəbərlər