Region Xəbərləri 

“Lukaşenkonun Prezident İlham Əliyevlə Qarabağ və Şərqi Zəngəzura birgə səfəri Böyük Qayıdışa böyük inamı daha da artırdı…”

Son dövrlər, xüsusən də işğal altındakı torpaqlarımız azad edilərək ərazi bütövlüyümüzün bərpa olunmasından sonrabirçoxölkələrAzərbaycanla sıx siyasivəiqtisadiəlaqələrqurmağaböyükmaraqgöstərir.Deyə bilərik ki, nüfuzlu beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsinə təşəbbüslərin göstərilməsi, bir sıra dünya ölkələrinin dövlət və hökumət başçılarının Azərbaycana səfərlər etməsi, iqtisadi və siyasi əlaqələri əhatə edən mühüm sənədlərin imzalanması ölkəmizə olan inam və etibarın sübutudur.

Belarus Prezidenti Aleksandr Lukaşenkonun mayın 16-17-də  Azərbaycana səfəri, xüsusilə də dövlət başçısı ilə birgə işğaldan azad edilmiş torpaqlarımızı ziyarət etməsi, Füzuli və Şuşa şəhərlərinə səfər etməsi də bu ölkənin Azərbaycanın suverenliyinə hörmətlə yanaşmasının bariz nümunəsidir.

“Azərbaycanın Ermənistan istisna olmaqla MDB-yə digər üzv dövlətlərlə siyasi-iqtisadi əlaqələri yüksək səviyyədədir və bu dövlətlərlə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanıb. Azərbaycanla Belarus arasında ikitərəfli əlaqələr də möhkəm təməllər üzərində qurulub. Mayın 16-da Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri və Prezident İlham Əliyevlə görüşü əlaqələrimizin daha da inkişaf etdirilməsinə böyük zəmin yaradacaq”,- Prezident, Ali Baş Komandan İlham Əliyevin Belarus Prezidenti ilə görüşdən sonra mətbuata bəyanatında dediyi bu cümlələr də iki ölkə arasındakı mehriban münasibətləri bir daha təsdiqləyir.

Dövlət başçısı Belarus dövlətinin işğaldan azad edilmiş torpaqlarımızda planlaşdırılan fəaliyyətinə xüsusi diqqət ayırıb:

“Belarus şirkətləri Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında bərpa işlərində də iştirak edəcəklər. Belarus Respublikasının şəhərsalma sahəsində, eləcə də aqroşəhərciklərin tikintisində böyük təcrübəsindən faydalanmaq mümkün olacaq”.

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri çox mühüm hadisələrlə də yadda qaldı. Səfər çərçivəsində iki dost prezidentin – İlham Əliyevlə Aleksandr Lukaşenkonun səmimi söhbətləri, mətbuata verdikləri bəyanatlar, “Bakı Ekspo Mərkəzi”ndə XVII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı – “Caspian Agro” və XXIX Azərbaycan Beynəlxalq Qida Sənayesi – “InterFood Azerbaijan” sərgilərində olmaları, imzalanan yeni 8 sənəd, Qarabağa səfər, Füzuli və Şuşa şəhərlərinin baş planları ilə tanışlıq ölkələrimiz arasındakı əlaqələrin getdikcə daha dinamik inkişafına təkan verən mühüm məqamlar oldu.

Bu il uğurlu diplomatik münasibətlərinin 31 ili tamam olan Belarus-Azərbaycan əlaqələri artıq yeni inkişaf mərhələsindədir. Son illərdə fəal qarşılıqlı əlaqələr iki ölkəni bir-birinə o dərəcədə yaxınlaşdırıb ki, artıq nəinki regionda, həm də dünyada Belarus və Azərbaycanı çox yaxın, dost ölkələr hesab edirlər.

 

Mətbuata bəyanatında İlham Əliyev mövcud münasibətlərdən, yüksələn hərtərəfli əlaqələrdən danışaraq bir xatırlatma da edib. Dövlət başçısı Belarus şirkətlərini Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştirak etməyə çağırıb.

Aleksandr Lukaşenko isə dost ölkəyə dəstək verməyə hazır olduqlarını bəyan edərək bildirib ki, Belarus bütün dövrlərdə əsl dost kimi Azərbaycanın yanında olub. İndi isə ermənilərin viran qoyduqları torpaqların dirçəldilməsi, Böyük qayıdışın reallaşması üçün dost ölkəyə hərtərəfli yardıma hazırdır:

“Azərbaycan son illər böyük nailiyyətlər əldə edib. Hər şeydən əvvəl özünün əsas problemini – uzun müddət səhraya çevrilmiş torpaqların qaytarılmasını həll edib… Torpaqlarınızı qaytarmağınız və onu dirçəltməyiniz əsrlər boyu, uzun illər yaddaşlarda qalacaq. Bütün bunları ona görə deyirəm ki, əgər həmin torpaqların dirçəldilməsi üzrə bu böyük prosesdə bizə yer tapılarsa, onda bu yükün altına girməyə hazırıq və bu, sizin üçün sərfəli olacaq. Məsuliyyətlə bildirirəm ki, biz bunu böyük məmnuniyyətlə və dünyada heç kimin edə bilməyəcəyi səviyyədə edəcəyik. Çünki Belarusun və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var”.

Belarus Prezidenti regionda yaranan yeni reallıqları da dəyərləndirərək deyib ki, Cənubi Qafqaz qeyri-sabit regiondur. Amma Tanrıya şükür olsun ki, burada Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur. Azərbaycan  Qafqaz regionunu nəzarətdə saxlamağa qadirdir: “Bu, artıq təkcə Azərbaycana görə məsuliyyət daşımaq demək deyil, Siz artıq bütün Qafqazdakı vəziyyətə cavabdehsiniz, biz – Qafqazda yaşamayan xalqlar buna çox böyük ümid bəsləyirik. Ona görə də bu, sizin üçün əlavə yük deməkdir, halbuki öz problemləriniz də var, lakin yenə də, nə etmək olar. Zaman Sizi seçib, bizdə belə deyirlər və Siz lider olaraq Qafqaz regionuna görə məsuliyyət daşıyırsınız”.

Belarus dövlətinin başçısı Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması prosesinin o qədər də asan məsələ olmadığını söyləyərək deyib ki, artıq dirçəliş dövrüdür və qardaş Azərbaycan xalqına bu ağır dirçəliş dövrünü itkilərsiz başa vurmağı və qarşıya qoyulan planları yerinə yetirməyi arzu edir: “Əminəm ki, Siz bunu edəcəksiniz, həm də istərdim ki, tez edəsiniz, Siz bunu bacarırsınız. Siz bütün dünyaya göstərdiniz ki, Sizdən əvvəlki nəsillərin dövründə həll olunmayan ən mürəkkəb məsələləri həll etməyi bacarırsınız”.

Qarabağa səfər, Füzulidə, Şuşada erməni barbarlığına şahidlik, baş planlara əsasən Füzuli və Şuşa şəhərlərində görülən möhtəşəm quruculuq işləri, yəqin ki, Aleksandr Lukaşenkonu həm kədərləndirdi, həm də qürurlandırdı. Cəmi 3,5 ilə Azərbaycan Prezidentinin reallaşdırdığı layihələri canlı görmək və bütün yeni infrastrukturla tanış olmaq Aleksandr Lukaşenkoda son dərəcə pozitiv əhavali-ruhiyyə yaratdı. Bu, onun bir gün öncə mətbuata bəyanatında İlham Əliyev haqqında söylədiyi dəyərli fikirlərini bir daha təsdiq etdi.

Belarus Prezidentinin  Azərbaycana son səfəri zamanı ən diqqətçəkən məqamlardan biri də dost ölkənin Qarabağda yaşayış məntəqəsi salmağı planlaşdırması barədə informasiya oldu. Belarusun memarlıq və tikinti naziri Ruslan Parxamoviç Şuşada jurnalistlərə açıqlamasında dedi ki, yaşayış məntəqəsi Ağdam rayonunda salınacaq. Bura 420 ailə üçün nəzərdə tutulub. Həmin yaşayış məntəqəsinin layihələndirilməsində, tikililərin memarlıq üslubunda Belarus koloritindən də istifadə ediləcək.

İşğal zamanı Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyən Belarus  quruculuq dövründə də Azərbaycana öz sayğısını nümayiş etdirir. Bu, dost qayğısının təzahürüdür, bu, iki ölkə arasında möhkəm bağların, gündən-günə güclənən əməkdaşlığın bariz təcəssümüdür.

 

Ümumiyyətlə, ali qonaqların Qarabağa səfərləri artıq ənənə halını alıb. Bu, qonaqlara işğalçının törətdiyi vandalizm aktlarını, Azərbaycan dövlətinin quruculuq siyasətini və sülh gündəliyini nümayiş etdirmək imkanı verir.

Onu da qeyd edək ki, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri təkcə ölkəmizdə yox, Belarusun özün də, Rusiyada da, bəzi Avropa ölkələrində də diqqət mərkəzinə düşüb…

Azərbaycan Prezidenti İlham Əliyevilə Belarus lideri Aleksandr Lukaşenkonun görüşündə qeyd olunub ki, Belarusun çox yaxşı şəhərsalma, müasir texnologiyaları və aqroşəhərciklərin tikintisi təcrübəsi var. Azərbaycan rəhbəri deyib ki, birinci dərəcəli vəzifə keçmiş məcburi köçkünləri tikiləcək doğma evlərinə mümkün qədər tez qaytarmaqdır. “Həmçinin onları müvafiq işlə təmin etmək lazımdır ki, azad olunmuş ərazilərə qayıdanlar da yüksək əməkhaqqı olan işlərdə çalışsınlar”, – Prezident belə deyib.

Beləliklə, bir çox başqa ölkələr kimi, Belarus şirkətləri də Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştirak etməyə dəvət olunublar. Bu, olduqca böyük layihədir. Söhbət Avropadakı bir neçə cırtdan dövlətin ərazisindən böyük əraziyə malik mahalların yenidən qurulmasından, tikilməsindən, müasir standartlara cavab verən, hər cür infrastruktura malik yaşayış məskənlərinə çevrilməsindən gedir. Azərbaycan bütün bu işləri təkbaşına etsə, bu, uzun vaxt aparar, ona görə də başda Türkiyə olmaqla, digər dost ölkələr bu işə cəlb edilməkdədir. Belarus da o sıradadır…

İnanırıq ki, inşallah, o gün gələcək, Azərbaycanın işğaldan azad edilmiş bölgələrində aparılan bərpa və quruculuq işləri yüksək səviyyədə tamamlanacaq, 1 milyona yaxın keçmiş məcburi köçkünün hər biri öz doğma dədə-baba yurdlarında daimi yaşayış yeri və işlə təmin ediləcək. Və Qarabağ, Şərqi Zəngəzur torpaqları əsrarəngiz təbii mənzərələri, gözəllikləri ilə yanaşı, öz müasir infrastrukturu, yüksək turizm potensialı ilə nəinki ayrı-ayrı dövlət başçıları və rəsmilərinin, müxtəlif ölkə vətəndaşlarının qonaq və turist kimi həmin cənnətməkanlara kütləvi axınına səbəb olacaq…

Nərgiz Həsənova, YAP Bərdə rayon təşkilatı fəalı,E.Əsədov adına Türkmən kənd tam orta məktəbinin direktoru.

 

 

Daha çox xəbərlər