Körpə təbəssümü, sevinci bütün xoşbəxtliklərin təməlidir
Uşaqların hüquqlarını təmin edən ilk Bəyannamə 1924-cü ildə qəbul edilmişdir. Birinci Dünya müharibəsinin şahidi olan, gördüklərindən dəhşətə gələrək körpələrin müdafiəyə ehtiyacı olduğunu anlayan, Avstriya, Macarıstan və Almaniyadakı qıtlığın təsirlərini aradan qaldırmaq üçün Uşaqları Xilas Təşkilatını quran ingilis islahatçı, sosioloq Eglantyene Jebb Uşaq Hüquqları Bəyannaməsinə çevrilən sənəd hazırlayır. Onun təşəbbüsü və iştirakı ilə qəbul olunan sənəddə deyilirdi ki, bəşəriyyət uşaqları ən yaxşı nemətlərlə təmin etməyə məcburdur.
Uşaqların Beynəlxalq Müdafiəsi Günü 1950-ci ildən BMT Baş Assambleyasının qərarı əsasında qeyd olunur. Həmin gün keçirilən Qadınların Beynəlxalq Konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər irəli sürülüb və həmin tədbirdə 1 İyun tarixin dilindən, dinindən, rəngindən , irqindən asılı olmayaraq planetimizin kiçik sakinlərinin müdafiəsinə həsr etmək qərara alınıb.
…Uşaqlıq illəri həyata ilk, ürkək baxışımızın, maraq dünyamızın bələdçisi olmaqla heç vaxt unudulmayan acılı- şirinli xatirələrin silinməyən yaddaşıdır. Tanrının taleyimizə yazdığı ömür yollarında daim xatırlanan həyat salnaməmizdir. Daşlı-kəsəkli bu yolda, uşaqlıq çağlarımızda baş verənləri hələ formalaşmamış təfəkkürlə tam mənası ilə anlamasaq da daim xatırlanan, ən yaddaqalan hadisələr o dövrdə yaşananlar olur.
Dünyanın əksər ölkələrində olduğu kimi, həmin gün Azərbaycanda da təntənə ilə qeyd edilir. Prezident İlham Əliyevin Sərəncamına əsasən 2009-cu ilin «Uşaq İli» elan olunması, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması ana və uşaqların hüquqlarının müdafiəsi, sağlamlıqlarının qorunması, istirahətlərinin səmərəli təşkili, gələcəyimiz üçün yüksək intellektə malik nəsil yetişdirmək baxımından önəmli idi.
Ölkənin kiçik vətəndaşlarının fiziki sağlamlığını, təhsilini, istirahətini fəaliyyətinin əsas istiqamətləri kimi diqqətdə saxlayan, maraqlı layihələri ilə uşaqlara bir dünya sevinc bəxş edən Heydər Əliyev Fondunun xətti ilə keçirilən tədbirlər daha maraqlı və əhatəlidir. Fondun prezidenti, İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə icra olunan layihələrin əksəriyyəti ana və uşaqların sağlamlıqlarının qorunmasına, təhsilin inkişafına həsr olunur. Fondun «Uşaq evləri və internat məktəblərinin inkişafı» proqram və layihələrinə uyğun həyata keçirilən yenidənqurma və bərpa işlərinə, fiziki və əqli inkişafı zəif körpələrə diqqətlə yanaşan Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva fiziki cəhətdən qüsurlu, zəif inkişaf etmiş uşaqlar üçün nəzərdə tutulan layihələrə xüsusi əhəmiyyət verir. Uşaqların sağlamlığı üçün Fond tərəfindən həyata keçirilən «Talassemiyasız həyat naminə», «Diabetli uşaqlara ən yüksək qayğı», «Kor və zəif görən uşaqların İKT-yə çıxışının təmin olunması» kimi layihələr, Bakıda Talassemiya Mərkəzinin, tələbatı ödəyəcək qədər ehtiyata malik Qan Bankının yaradılması xeyirxahlıq, vətənpərvərlik hisslərini birləşdirən humanist təşəbbüslərdir.
«Hər bir uşağın ailəyə ehtiyacı var» kampaniyasını başlatmaqla uşaqların ailələrə verilməsi kimi önəmli layihənin həlli istiqamətində milli- mənəvi dəyərlərimizi əks etdirən tədbirlərin keçirilməsinə nail olan Mehriban xanımın təşəbbüslərinin əsasında bir vəzifə dayanır: Vətən üçün sağlam düşüncəli, layiqli, bacarıqlı övladlar tərbiyə etmək. BMT-nin «2030-cu ilədək Dayanıqlı İnkişaf Sahəsində Gündəliyi»”ndə əks olunan və 2016-cı ildən qüvvəyə minmiş Dayanıqlı İnkişaf Məqsədləri uşaqların rifahının yüksəldilməsi istiqamətində fəaliyyətin daha da gücləndirilməsini zəruri edir. Prezident İlham Əliyevin təsdiqlədiyi «Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası»” ölkəmizdə uşaq hüquqları sahəsində mövcud bazanı təkmilləşdirməklə, uşaqların müdafiəsinin işlək mexanizminin yaradılması, erkən uşaqlıq dövründə onların inkişafına dövlət dəstəyi göstərilməsi, çətin həyat şəraitində olan uşaqların müdafiəsi, uşaqların sağlam mühitdə böyüməsi və tərbiyəsi, onlarla bağlı həyata keçirilən tədbirlərin monitorinqi və qiymətləndirilməsi sisteminin inkişafı kimi əsas istiqamətləri əhatə edir. Sayı artan uşaq-idman məktəblərinin yetirmələri ölkəmizi ən məsul yarışlarda təmsil edir, Vətənə qələbələrlə qayıdırlar.
Çox təəssüf ki, planetimizdə uşaqlıq qayğılarını mənalı keçirmək istəyindən məhrum , körpəlik illərinin sevincini yaşamadan «böyüyən», çiyinləri möhnətdən vaxtsız əyilən uşaqların əzab-əziyyətləri bu gün də davam edir. Aclıqdan, xəstəlikdən, terrordan əziyyət çəkən, oyuncaqları giliz olan uşaqların gələcək taleləri hələ də sual altındadır. Münaqişə ocaqlarında yaşayanların uşaqları da valideynləri kimi müharibə qorxusu ilə üz-üzə dayanır, barıt qoxusu ilə nəfəs alırlar. Belə ağrılı –acılı günləri Azərbaycan xalqı da 32 il bundan əvvəl yaşamışdır. 1992-ci ilin fevralın 26-da Ermənistanın faşist cəlladlarının Xocalıda törətdikləri soyqırımda qətlə yetirilənlərin 63 nəfəri uşaq idi. Həmin qətliamda 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirmisdir. İkinci Qarabağ müharibəsində qazandığımız Zəfərlə xalqımıza Qələbə sevincini yaşadan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sülhsevər siyasətinin əsasında belə bir amal dayanır ki, müharibə olmasın, insanlar qətlə yetirilməsinlər, körpələr valideynsiz, ata-analar övladsız qalmasınlar. Çox təəssüf ki, ekranlardan həyəcanla, çox vaxt göz yaşları ilə izlədiyimiz üzücü kadrlar günümüzün acı reallığı kimi davam etməkdədir. Qanlar içərisində can verən körpələrin səsini güllə ilə susduran, murdar nəfəslərinə, şəxsi maraqlarına qurban edənlər daş qəlbli, insanlıq duyğularından xəbərsiz «böyük əmilərdir.»
Heç kim anadan terrorçu, oğru, quldur, başkəsən doğulmur. İnsanları yetişdirən yaşadığı mühit, müasiri olduğu zaman, şahidi olduğu hadisələrdir. Çox təəssüf ki, hələ də atəş səsindən diksinən, barıt qoxusundan boğulan, valideynlərini itirən uşaqların sayı artmaqdadır. Ukraynada, Qəzzada davam edən müharibələrdə, hərbi əməliyyatlarda ən çox əziyyət çəkənlər də, gülüşləri hıçqırıq içərisində boğulanlar da uşaqlardır. Afrikada, Şərq ölkələrində aclıqdan, xəstəlikdən əziyyət çəkən körpələrin böyümədən həyatlarını başa vurmalarında dünyamızda söz sahibi olmaq istəyənlər, milli münaqişələri qızışdıran, terrorçu birləşmələri silahlandıran supergüclər məsuliyyət daşıyırlar. Görkəmli yunan filosofu Pifaqorun «Uşaqlarınızın göz yaşlarını qoruyun ki, onlar bu yaşları sizin qəbrinizin üstündə axıda bilsinlər» sözlərinin qaniçənlərin, uşaq cəlladlarının yadına salmağın yeri və zamanıdır. Ekoloji tarazlığın pozulmasından, atmosferin, suyun çirklənməsindən, yaşıllığın azalmasından, ərzaq çatışmazlığından, münaqişələr zamanı kənd və şəhərlərin dağıdılmasından ən çox əziyyət çəkənlər, həyatın gözəlliklərini duymayanlar da bir tikə çörəyə möhtac körpələrdir. Doğma ocağının istisinə alışmamış körpələrin miqrant həyatı yaşamağa məcbur qalması milli-mənəvi dəyərlərin də məhvinə səbəb olur. Bu cür mənzərələr bütün xalqları, millətləri, gələcəyimiz üçün məsuliyyətini başa düşən hər kəsi düşündürməlidir. «SOS» siqnalı dünyanın hər yerində, daha gur səslənməlidir. Gələcəyimizi güclü , sağlam nəslə etibar etmək üçün hər bir sakin insanlıq borcunu yerinə yetirməli, sülhə, sabitliyə tərəfdar olmalı, dünyamıza sahib çıxmalıdır. Uşaqların gülüşü bizim xoşbəxt gələcəyimiz deməkdir. Bütün analar, uşaqlar müharibəsiz dünya istəyir. Müdriklərdən qalma «Ata qucağı yurd yeri, ana qucağı doğma, isti ocaqdır» sözlərinin hikmətini uşaqlardan əsirgəməyək. Bayramınız mübarək, körpə balalar!
Çöhrənizdəki sevinc, dodaqlarınızdakı təbəssüm, gülüş daimi olsun!
Xuraman İsmayılqızı, “İki sahil”

