Qurban bayramında ət bahalaşacaqmı?
İyunun 16-da və 17-də Azərbaycanda Qurban bayramıdır. Hamı indidən bu əziz bayramı təmtəraqlı keçirmək üçün hazırlaşır. O gün imkanı olanlar diri, imkansızlar isə qurbanlıq ət alacaqlar. Təbii ki, bayramın ən əsas komponenti ət olmalıdır. Bəs bayram günlərində qiymətlər necə, əlçatan olacaqmı? Bu sual indi bir çoxlarını düşündürməkdədir. Bazarlardakı əhval-ruhiyyədən belə anlaşılır ki, bayram günlərində ətin qiyməti bir qədər də qaldırılacaq. Qiymət artımının səbəblərindən biri bayramdırsa digəri ölkənin ət ehtiyatlarının durumu ilə bağlıdır. Çünki ölkəmizin ət ehtiyatları əhalinin bu məhsula olan ehtiyacını tam ödəmir. Təzəlikcə məlum olub ki, ət idxalında bəzi yeni maneələr yaranıb. Nəzərə almalıyıq ki, Azərbaycan Rusiyadan və Gürcüstandan ət idxal edir.
Rusiyanın Samara şəhərində xırdabuynuzlu heyvanlar arasında yayılan brüsellyoz xəstəliyi ilə əlaqədar bölgədə karantin tətbiq edilib. Bununla əlaqədar xəstə heyvanların müalicəsi, kəsilməsi və sağılması qadağan olunub. Gürcüstan bazarına tətbiq olunan məhdudiyyətdən sonra Rusiya bazarında yarana biləcək problem də qoyun ətinin qiymətində artıma səbəb ola bilər. Yəni, Azərbaycana idxal olunan qoyun ətinin qiyməti bahalaşa bilər. Rusiya mətbuatı yazır ki, xırdabuynuzlu heyvanlar arasında brüsellyoz xəstəliyi böyük sürətlə yayıldığından regionda karantin elan edilib. Xəstə heyvanlar müalicə olunduğundan iribuynuzlu mal-qaranın, keçi və qoyunların sağılması və kəsilməsi qəti qadağan edilib.
Məlumdur ki, Gürcüstan da Azərbaycanın əsas xırdabuynuzlu heyvan idxalı bazarıdır. Belə ki, 2023-cü ildə Gürcüstandan ölkəyə 16 milyon 414 min dollar dəyərində 218 min 191 baş diri qoyun idxal edilib. Əvvəlki illə müqayisədə Gürcüstandan diri qoyun idxalı 24 faiz və ya 42,3 min baş artıb. Ötən il Gürcüstandan Azərbaycana diri qoyun idxalı ölkəyə gətirilən ümumi qoyunların 68 faizinı təşkil edib. Sual oluna bilər ki, niyə özümüz ölkəmizi ət məhsulları ilə təmin edə bilmirik?

Bu suala cavab tapmaq üçün təsərrüfatlardakı vəziyyəti araşdırmaq lazım gəlir. Xırdabuynuzlu heyvanların sayına baxsaq, yəni, həmin sayı 2015-2016-cı illərlə müqayisə etsək, görərik ki, həmin dövrdə saxlanılan keçi qoyunun sayı təxminən 8,8 milyon baş idi. 2023-cü ilin axırına baxanda isə xırdabuynuzlu heyvanların sayı 7,8 milyon başa düşdüyünü görürük. Bir milyon baş heyvan azalıb. Bu, kiçik rəqəm deyil. Əhalinin ət istehlakına baxanda 2015-2016-cı illə müqayisədə 2023-2024-cü illərdə bizim ət istehlakımız (qoyun, keçi əti) əksinə 20 faiz artıb. Bir tərəfdən qoyunların sayı azalıb, digər tərəfdən qoyun ətinə daha çox tələbat artıb.
Sadə həqiqətdir ki, heyvandarlığın inkişafı bol şirəli yemlə və örüşlə mümkün olur. Qoyunun, keçinin azalmasının səbəbi həm də otlaq sahələrinin azalmasıdır. Çünki vaxt keçdikcə kəndlər, yaşayış məntəqələri inkişaf edir, evlər tikilir, onlara həyətyanı sahələr ayrılır. Bundan əlavə yeni bağlar salınır, əkin sahələri genişləndirilir. Bir çox rayonlarda kəndlər üçün ayrılmış örüş sahələri başqa məqsədlər üçün istifadə edilir. Bunların hamısı qoyunların otlaq yerinin azalmasına gətirib çıxarıb. Əvvəllər Bakıətrafı ərazilərdə də çox yer çöllük idisə, indi evlər tikilib, həyətyanı sahələr götürülüb və infrastruktur yaradılıb. Yəni, otlaq yerlərinin sayı və sahəsi başqa məqsədlər səbəbindən xeyli azalıb. Otlaq yerlərinin azalmasının ikinci səbəbi isə şoranlaşma, iqlim dəyişikliyi, plantasiyaların düzgün kultivasiya edilməməsi ilə bağlıdır ki, bu da torpağın şoranlaşmasına səbəb olan amillərdəndir. Göyçay, Ağdaş, Ağsu, Yevlax rayonlarında torpaqların bir hissəsi şoranlaşıb. Digər tərəfdən, insanlar iş yeri tapmaq üçün şəhərlərə meyilləndiklərinə görə şəxsi və yardımçı təsərrüfatla məşğul olmurlar. Digər bir məqam həm də yemin bahalaşmasıdır. Otlaq bahalaşır, yem bahalaşır, bununla da xərc artır, beləliklə, ətin maya dəyəri yüksəlir ki, bu da bahalaşmaya səbəb olur. Mayda-iyunda ot ucuzdur deyirik, ancaq insanlar heyvandarlıqla təkcə may-iyunda məşğul olmur ki. Bunun payızı, qış ayları da var. Soyuq fəsillərdə ot, saman, arpa, yonca daha da bahalaşır ki, bu da izafi xərcləri kəlləçarxa çıxarır. Belə qiymət artımı heyvandara sərf etmədiyinə görə mal-qaranı satıb başqa işlə məşğul olur.
Qiymətlərin artmasına bir səbəb də qonşu Gürcüstanda ət ixracına qoyulan məhdudiyyətdir. Bütün bunlara görə qarşıdan gələn yay aylarında, o cümlədən Qurban bayramı günlərində fürsət gözləyən işbazların panikası ilə ətin qiymətinin daha da artacağı gözlənilir. Çünki qiymət artımının bir səbəbkarı da onlardır. Əgər bu dövrdə işbazlar ətin qiymətinə müdaxilə etməsələr ola bilər ki, qiymətlər sabit qalsın. Təki elə olsun…
Vəli İlyasov, “İki sahil”

