Cəmiyyət 

İndi daha əlçatan…

70 mindən artıq ailə ünvanlı sosial yardım proqramı ilə əhatə olunub

Ölkəmizdə son 20 ildə bütün sahələrdə olduğu kimi, sosial sahədə də sistemli və kompleks islahatların həyata keçirilməsi təmin edilib. Həyata keçirilən tədbirlər Prezident İlham Əliyevin sosial siyasətinin başlıca hədəfinin əhalinin rifahının təminatı olduğunu, bu siyasətin əsasında vətəndaş amili, sosial ədalət və humanizm prinsiplərinin dayandığını bir daha təsdiq edir. Həyata keçirilən müxtəlif tədbirlər, islahatlar və maliyyə təminatının gücləndirilməsi əhalinin sosial müdafiəsinin gücləndirilməsinə təkan verir.

Sosialyönümlü siyasətin nəticəsidir ki, təkcə ötən il minimum əməkhaqqı və sosial müavinətlər iki dəfə, minimum pensiya 70 faiz artırılıb. Yeni iş yerlərinin açılması, məşğulluq imkanlarının genişlənməsi nəticəsində əhalinin işsizlik göstəricisi 5 faizə enib.

Ölkəmizdə həyata keçirilən siyasət ilk növbədə vətəndaşın rifahının yaxşılaşdırılmasına yönəlib. Müxtəlif resurslardan əldə edilən gəlirlər ilk növbədə əhalinin sosial xərclərinə yönəldilir. Məşğulluq imkanlarının artması, eyni zamanda, yeni iş yerlərinin yaradılması sahəsində ardıcıl və nəticəyönümlü fəaliyyətlə paralel olaraq, dövlət aztəminatlı ailələrə də müxtəlif dəstək mexanizmləri axtarıb tapır. Bunlardan biri də uzun illərdir ki, tətbiq olunan ünvanlı sosial yardımdır.

Ünvanlı dövlət sosial yardımı –  aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanun əsasında təyin edilən bu müavinət və yardımın məbləği ölkə üzrə ehtiyac meyarının həddinə uyğun olaraq müəyyən edilir və hər il ehtiyac meyarı artıqda bu yardımın məbləği də yüksəlir. Belə ki, ailənin orta aylıq gəliri müəyyən edilir və hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan məbləğ hesablanaraq ünvanlı yardım qismində onlara ödənilir. Hazırda ölkəmizdə 70 mindən artıq ailəyə ünvanlı sosial yardım ödənilir ki, bu da təxminən 300 minə yaxın vətəndaş deməkdir. Ünvanlı sosial yardımın aylıq orta məbləği təxminən 450 manat təşkil edir ki, 4 nəfərlik ailə üzrə nəzərə aldıqda bir nəfərə düşən yardımın həcmi 113 manata bərabərdir. Bugünkü günə 270 minə yaxın şəxs ünvanlı sosial yardım proqramı ilə əhatə olunub. Bu yardımın əhatə dairəsi genişləndirilməkdədir.

Azərbaycanda sosial sahədə elektron texnologiyaların geniş tətbiqi bu sahədə maksimum şəffaflığı təmin etməyə imkan verir. Ölkəmiz bu sistemi daim yeniləyir və təkmilləşdirir. Ünvanlı dövlət sosial yardımı ilə də bağlı prosedur qaydaları təkmilləşdirilib.

Yeni prosedurlara əsasən, həmin proqrama qoşularaq yardım almaq istəyən şəxslərin elektron qaydada müraciətləri zamanı əvvəllər mövcud olan bir sıra tələblər tam aradan qaldırılacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yenidən qurulmuş “Ünvanlı yardım” elektron sistemində artıq həmən tələblərin aradan qaldırılması alt-sistemdə öz əksini tapıb. Belə ki, yeni dəyişikliklərin qüvvəyə minməsindən sonra yardım üçün müraciət edənlərdən ailə üzvlərinin pensiya, müavinət, təqaüd, kompensasiya, işsizlikdən sığorta ödənişi almaları, əmək haqqı üzrə gəlirlərin olması tələb olunmayacaq. Eləcə də tələbə, şagird, işsiz, keçmiş məcburi köçkün, hərbi xidmətdə olmaları, daşınmaz əmlakı, torpaq pay mülkiyyəti, sahibkarlıq fəaliyyəti, nəqliyyat vasitəsinin olması kimi tələblər də aradan qaldırılır. Habelə, kommunal xərcləri, telefon nömrələri və xərcləri, vətəndaşın sərhəd keçməsi, cəzaçəkmə müəssisəsində olması da nəzərə alınmaycaq. Yardım üçün müraciət edən şəxslərin əlilliyinin olması və ya əlilliyi olan şəxsə qulluq etməsi, 3 yaşadək uşağa qulluq etməsi, buna, habelə hamiləlik və doğuma görə məzuniyyətlə əlaqədar ödənişlər alması, özünüməşğulluq proqramına qoşulması kimi məsələlər də artıq keçmişdə qalır.

Bu məlumatlar müvafiq qurumların informasiya sistemlərindən əldə olunacaq. Şəxsin müraciəti təsdiqləndikdən sonra məlumatlar müvafiq qurumlardan sorğulanacaq. Bu da müraciətin texniki xəta olmadan tamamlanmasına imkan yaradacaq. Yardımla bağlı müraciəti ilkin ərizə formasında yaddaşda saxlamaq və sistemə göndərmədən düzəliş etmək imkanı da yaradılıb. Müraciət zamanı hansı məlumatların daxil edilməli olduğu da infolövhələrdə əks olunacaq. Ailənin maddi-məişət şəraiti yoxlanarkən abonent və sayğac nömrələri, həyətyanı sahə ilə bağlı məlumatların və s. “Ərizə-bəyannamə”də düzgün qeyd edilmədiyi aşkarlandıqda da operativ qaydada düzəliş və yenidən baxılma imkanı yaradılacaq.

Ünvanlı yardımla bağlı optimallaşdırma tədbirlərinin və yardıma əlçatanlığın daha asan və maneəsiz təmin edilməsi üçün elektron resurslar sistemi də təkmilləşdirilir. Belə ki, ünvanlı yardımla bağlı müraciət prosedurunun asanlaşdırılması məqsədilə yeni “Ünvanlı yardım” e-sisteminə giriş yalnız “Digital (ASAN) Login” üzərindən mümkün olacaq. Bu, yeni e-sistemdən daha təhlükəsiz, texniki xəta olmadan istifadə edilməsinə, ünvanlı yardım üçün vətəndaşların müraciətləri zamanı kənar şəxslərin vasitəçi qismində qanunsuz müdaxiləsinin qarşısının alınmasına da xidmət edir. Vətəndaşlar “Digital (ASAN) Login”i digital.login.gov.az portalında elektron qaydada qeydiyyatdan keçməklə əldə edə bilərlər.

Nigar Orucova, “İki sahil”

Daha çox xəbərlər