Region Xəbərləri 

Azərbaycan-Misir əməkdaşlığında yeni körpülər

Misir Azərbaycanın tərəfdaş olduğu ölkələrdən biridir. İki ölkə arasında diplomatik münasibətlər 1993-cü ildə qurulub və həmin ilin aprel ayında Azərbaycanda Misirin diplomatik səfirliyi fəaliyyətə başlayıb. Ölkəmizin Misirdəki səfirliyi isə 1994-cü ildə açılıb. Bu dövlətimizin Afrika qitəsindəki ilk səfirliyi hesab olunur. İki ölkə arasındakı əlaqələrin inkişafına Qarabağ münaqişəsinin həlli məsələsində Misirin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi də öz müsbət təsirini göstərib. Misir beynəlxalq arenada Dağlıq Qarabağ məsələsi ilə bağlı Azərbaycanın haqlı mövqeyinə dəstəyini ifadə etməklə yanaşı, münaqişənin həlli məsələsində Misir Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib və
üzv olduğu beynəlxalq təşkilatlarda ədalətli mövqeyini daim müdafiə edib. Misir Ərəb Respublikası Zəfər
savaşı günlərində və ondan sonra da Azərbaycanın haqlı mövqeyinə dəstək verib. İslam Konfransı Təşkilatı
və digər beynəlxalq qurumlarda da Azərbaycan həmişə rəsmi Qahirənin dəstəyini qazanıb. Bundan başqa,
Misir dəfələrlə Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki yenidənqurma işlərində maraqlı olduğunu
ifadə edib.
İki respublika arasında münasibətlərin şaxələndirilməsində dövlət rəsmilərinin səfərləri də mühüm rol oynayıb. Ümummilli lider Heydər Əliyevin 1994-cü ilin sentyabrında BMT-nin Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransında iştirak etmək üçün Qahirəyə işgüzar səfəri iki dövlət arasında uzunmüddətli əlaqələrə təkan vermişdir. Ümummilli lider çıxışında Misir ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində 7 aprel 1994-cü ildə “Azərbaycan Respublikası Hökuməti ilə Misir Ərəb Respublikası Hökuməti arasında iqtisadi və elmi-texniki əməkdaşlıq haqqında Saziş”in icrasını təmin etmək üçün Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında Sərəncam imzalayıb. Ulu Öndər Heydər Əliyevin əlaqələri inkişaf etdirmək istiqamətində həyata keçirdiyi siyasətin nəticəsi olaraq 2005-ci il noyabrın 6-13-də Misirdə Azərbaycan və 2006-cı il noyabrın 20-28-də Azərbaycanda Misir mədəniyyət günləri keçirilib. Hələ 2002-ci ilin oktyabrda Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiya yaradılıb ki, bunun da fəaliyyəti nəticəsində əlaqələrin inkişafı istiqamətində mühüm addımlar atılıb. Komissiyanın fəaliyyətinin nəticəsi olaraq indiyədək ölkələrimiz arasında 50-yə yaxın sənəd imzalanıb, 21 sənəd layihəsi isə müzakirə mərhələsindədir. Azərbaycanda ticarət, sənaye və xidmət sahələrində Misir investisiyalı 14 şirkət fəaliyyət göstərir. İki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük potensial var. Enerji sahəsində əməkdaşlığımız çoxşaxəlidir və bu əlaqələrin genişləndirilməsi üçün tədbirlər həyata keçirilir, SOCAR Misirin Dövlət Neft Şirkəti ilə əməkdaşlıq edir. Əlaqələrimiz turizm sahəsində də inkişaf edir və son illər Misirdən Azərbaycana gələn turistlərin sayı 50 faiz artıb.
8 iyun 2024-cü ildə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Qahirəyə genişmiqyaslı səfəri iki ölkə arasındakı münasibətlərin daha da möhkəmləndirilməsi və genişləndirilməsi üçün yeni imkanlar açır. Son illərdə Azərbaycan və Misir arasındakı münasibətlərdə müxtəlif sahələrdə əhəmiyyətli irəliləyişlər əldə edilib. Prezident İlham Əliyevin Misirə rəsmi səfəri, iki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün yeni imkanlar açmış oldu. İki ölkə arasında qarşılıqlı səfərlər, ticarət və investisiya əlaqələri, eləcə də mədəniyyət və təhsil sahələrində əməkdaşlıq genişlənib. Enerji, kənd təsərrüfatı, turizm və tikinti sektorlarında əməkdaşlıq imkanları genişdir. Prezident İlham Əliyevin səfəri zamanı iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində bir sıra müqavilələr imzalanıb. Bu müqavilələr, ikitərəfli ticarətin həcminin artırılmasına və qarşılıqlı investisiyaların təşviqinə töhfə verəcəkdir.
İki ölkə arasındakı münasibətlərin inkişafı, regional və qlobal səviyyədə sülh və sabitlik üçün xüsusi əhəmiyyət kəsb edir.
Türkan Şadlinskaya – Bərdə Heydər Əliyev Mərkəzinin elmi işçisi

Daha çox xəbərlər