YAP Bərdə rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaradılmasının 33 illiyi münasibətilə Bakıya səfər edib, Ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, Zəfər muzeyində və Hərbi Qənimətlər Parkında olublar.
Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya və Aparatın kollektivi YAP fəalları, şəhid anaları, ailələri və qazilərlə birlikdə YAP -ın yaradılmasının 33 illiyi münasibətilə Bakıda Ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Böyük oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.
Sonra tədbir iştirakçıları 8 Noyabr Parkında və Zəfər muzeyində olub, Vətən müharibəsi şəhidlərinin adları yazılmış lövhə, ayrı-ayrı bölmələr üzrə bütün ekspozisiya ilə tanış olublar. Şəhid övladlarının ad, soyadını Zəfər muzeyinin ekspozisiyada görərək duyğulu anlar yaşayan şəhid ailələri və tədbir iştirakçıları bu cür unudulmazlıq üçün Müzəffər Lider cənab İlham Əliyevə və ölkənin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevaya bir daha minnətdarlıqlarını ifadə ediblər.
Hərbi Qənimətlər parkı şəhid anaları və tədbir iştirakçıları üçün marağa səbəb olub.
Tədbirdə Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü, suverenliyimiz uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya çıxış edərək YAP -ın yaradılmasının 33 illiyi münasibətilə tədbir iştirakçılarını təbrik edib, Ulu öndər Heydər Əliyevin parlaq və aydın ideyalarından güc alan Yeni Azərbaycan Partiyasınin keçdiyi şərəfli yoldan danişib. Bildirib ki, amalı xalqımızın tarixinə böyük Zəfər, Qələbə tarixi bəxş etmiş Yeni Azərbaycan Partiyası Müzəffər Liderimiz cənab İlham Əliyevin rəhbərliyi altında xalqımızın ən böyük siyasi istinadgah yeridir və daim böyük qalibiyyət əzmindədir.
Daha sonra çıxış edən YAP Bərdə rayon təşkilatının ilk üzvlərindən Prezident təqaüdçüsü Tərlan Musayeva, övladları şəhid olandan sonra YAP-a üzv olan şəhid anaları Arzu Hüseynova, Radə Qurbanova, Xuraman Naibova, Vətən müharibəsi zamanı Tərtərdə cəbhə xəttində həkim olaraq fədakarlıq etmiş Aidə Bayramova, gənc partiya fəalı, rayon Tarix Diyarşünaslıq Muzeyinin direktoru Kəmalə Rəfibəyli Yeni Azərbaycan Partiyasının məram və məqsədi ilə daim xalqla bir olduğu böyük nailiyyətlərə imza ataraq əsl ümumxalq partiyası olduğunu xüsusi vurğulayıb, belə bir Partiyanın üzvü olmaqdan qürur duyduqlarını bildiriblər.
Qarabağ Regional Mədəniyyət İdarəsi Bərdə şəhər Uşaq İncəsənət və Musiqi məktəblərinin müəllimləri Reyhan Rəcəbova və Məhəmməd Mustafayev öz ifaları ilə tədbiri rövnəqləndiriblər.
Tədbir çay stolu arxasında davam etdirilib.







