Anadilli mətbuatın inkişafı
Hər il iyulun 22-si ölkəmizdə Milli Mətbuat Günü kimi qeyd olunur.
Azərbaycanın ictimai-siyasi həyatının ən mühüm hadisələrindən biri olan milli mətbuatın formalaşması XIX əsrin ortalarına təsadüf edir. Milli mətbuatımızın bünövrəsi 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin ilk nömrəsinin nəşri ilə qoyuldu. Bütün Qafqazda böyük əks-səda doğuran bu qəzetin naşiri də, redaktoru da, korrektoru da Azərbaycan milli maarifçilik hərəkatının banilərindən biri, təbiətşünas alim Həsən bəy Zərdabi idi. Xalqımızın milli şüurunun oyanmasında, milli birliyin formalaşmasında misilsiz xidmətlər göstərən qəzetin ərsəyə gəlməsində Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və başqa ziyalıların böyük xidmətləri olmuşdur. Cəmi 56 nömrəsi çıxan “Əkinçi” dövrünün mütərəqqi ideyalarının, maarifçiliyin təbliğatçısı olub, ziyalıları azərbaycançılıq məfkurəsi ətrafında bir araya gətirmişdir.
Azərbaycan xalqının milli oyanışında və ictimai fikir tarixində önəmli hadisə olan anadilli mətbuatımızın yaradılmasının növbəti ili də ölkəmizdə təntənə ilə qeyd edilir. Xalqımız özünün mətbu söz tarixinə bir daha nəzər salır, maarifçilik və istiqlal düşüncəsinin yayılmasında, dövlət müstəqilliyinin bərpasında və möhkəmlənməsində milli jurnalistikamızın oynadığı misilsiz rolu göz önünə gətirdikcə, haqlı olaraq, qürur duyur.
Milli mətbuatımızın qaranquşu olan “Əkinçi” qəzeti bağlandıqdan sonra Həsən bəy Zərdabiyə bir daha ana dilində jurnalistika ilə məşğul olmaq imkanı verilmədi. “Ziya” və “Kəşkül” kimi nəşrlərin fəaliyyəti də uzun sürmədi. Bundan sonra 12 il ana dilində heç bir nəşr işıq üzü görmədi. XIX əsrin sonu və XX əsrin əvvəllərində Azərbaycan ziyalıları ana dilində qəzet və ya jurnallar çıxarmaq üçün dəfələrlə hökumət dairələrinə müraciət etdilər. Lakin çar hökuməti Azərbaycanda maariflənmə kimi, mətbuatın da inkişafına mane olur, buna imkan vermirdi. Ona görə də Azərbaycan əhalisi Yaxın Şərq ölkələrində çıxan mətbuat orqanlarını mütailə edirdi.
Lakin çar hökuməti müsəlman vətəndaşların yad təsirlərin altında qalmasına da göz yuma bilməzdi, ona görə də bu sahədə bəzi güzəştlərə getmək məcburiyyətində qaldı. Belə bir dözülməz şəraitdə çarizmin irəli sürdüyü maneələri aşmaq cəhdi XX əsrin ilk illərində fədakar maarifçi Məhəmməd ağa Şahtaxtlıya nəsib oldu. O, Parisdən qayıdaraq 1902-ci il aprelin 2-də Rusiyanın Mətbuat işləri üzrə baş idarəsinə xahişnamə ilə müraciət etdi. Böyük çətinliklərlə ana dilində “Şərqi-Rus” adlı qəzetin Tiflisdə nəşrinə icazə ala bildi. Böyük maarif fədaisi burada “Məhəmməd ağa Şahtaxtinski mətbəəsi” adlı bir mətbəə də təşkil etdi.
1903-cü il martın 30-da xalqımızın mədəniyyəti tarixində, mətbuatımızın tarixində əlamətdar bir hadisə baş verdi: həmin gün ziyalılarımızın çoxdan bəri həsrətlə gözlədikləri əsrin ilk milli mətbuat nümunəsi meydana çıxdı. “Şərqi- Rus” qəzetinin ilk nömrəsinin işıq üzü görməsi xəbəri böyük əks-səda verdi.
Cəlil Məmmədquluzadənin bir jurnalist kimi yetişməsində “Şərqi-Rus” ilk yaradıcılıq məktəbi rolunu oynamışdır. “Xatiratım”da o, bu hadisəyə belə qiymət verir: “Möhtərəm ədibimiz M.Şahtaxtlı öz qəzetinin idarəsinə cəlb etməklə məni qəzet dünyasına daxil etdi”.
“Şərqi-Rus” iki ildən az bir müddət çap olunmasına baxmayaraq, Azərbaycan ictimai fikri tarixində, milli mətbuatımızın tarixində böyük bir hadisə olmuşdu. Böyük naşir “Şərqi-Rus”un fəaliyyəti ilə XX əsr Azərbaycan milli mətbuatına yol açdı. Bu qəzet, eyni zamanda, “Molla Nəsrəddin” jurnalının baş məşqinə çevrilmişdi.
1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyev Azərbaycanın müstəqillik tarixinin əsasını qoydu. Heydər Əliyevin siyasi iradəsi və böyük səyləri nəticəsində plüralizmi, söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırıldı, Azərbaycan Prezidentinin 6 avqust 1998-ci il tarixli Fərmanı ilə senzura ləğv edildi.
Prezident İlham Əliyevin 31 iyul 2008-ci il tarixli Sərəncamı ilə Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyası kimi mühüm bir sənədin təsdiqindən sonra milli mətbuatın müstəqilliyinin dəstəklənməsi, redaksiyalara yardım mexanizminin təkmilləşdirilməsi, müasir texnologiyaların tətbiqi, cəmiyyət və mətbuat arasında səmərəli əməkdaşlığın gücləndirilməsi, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılması, sosial təminatının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlərə başlanılmışdır.
Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində qazandığımız qalibiyyət medianın inkişafına impuls vermis, yeni mərhələnin başlanmasını şərtləndirmişdir. Vətən müharibəsindən az sonra Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı özündə köklü dəyişiklikləri əks etdirməklə qarşımıza yeni və daha məsuliyyətli vəzifələr qoymuşdur.
E. Ağayeva,
YAP Xətai rayon təşkilatının “Q.Nəbi 6a” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü

