İdman 

Onlar Fransada tarix yazacaqlar

Olimpiya Oyunları dünyanın bütün dövlətlərinin diqqət mərkəzində olan ən mühüm və möhtəşəm idman tədbiridir. Müasir dövrdə hər bir dövlətin Olimpiya hərəkatında iştirakı, onu təmsil edən idmançıların Olimpiya Oyunlarında göstərdikləri nəticələr ölkənin təkcə idman sahəsindəki potensialını deyil, həm də ümumi inkişaf səviyyəsini nümayiş etdirir, beynəlxalq nüfuzuna təsir göstərir. Milli, irqi və dini mənsubiyyətindən asılı olmayaraq milyonlarla insanı bir yerə toplayan Olimpiya Oyunları həm də xalqlar arasında dostluq və qarşılıqlı anlaşma əlaqələrinin, dünyada sülhün və əmin-amanlığın möhkəmləndirilməsi işinə xidmət edən vasitə hesab olunur.

Azərbaycan idman ölkəsi kimi  beynəlxalq aləmdə geniş tanınır. Artıq neçə ildir ki, Azərbaycan müxtəlif idman növləri üzrə dünya və Avropa çempionatlarının və digər beynəlxalq tədbirlərin keçirildiyi  idman ölkəsinə çevrilib.  Hətta  Odlar yurdu Bakı-2015, I Avropa Oyunları, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları, “Formula I”, Avropa Gənclər Olimpiya Festivalı, bədii gimnastika üzrə XXXV Avropa çempionatı və digər mötəbər idman tədbirləri ilə adını tarixə əbədi yazıb. Yeri gəlmişkən onu da qeyd edək ki, bir neçə ay öncə Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası Bakı şəhərini 2026-cı il üçün dünyanın “İdman paytaxtı” seçib. Qeyd edək ki, 2025-ci ilin sonunda Belçikanın Brüssel şəhərində, Avropa Parlamentində Bakı şəhərinin dünyanın “İdman paytaxtı” olaraq rəsmi təqdimat mərasiminin keçirilməsi planlaşdırılır. Bütün bunlar isə o deməkdir ki,  Azərbaycan dünya idman tarixinə öz imzasını atmağı bacarıb.

İdmançılarımız bu və digər ölkələrdə keçirilən müxtəlif növ yarışlarda da kifayət qədər qələbələr əldə ediblər. İndi də idmançılarımızın idman sahəsində yeni tarix yazmaq şansı yaranıb. Belə ki, iyulun 26-dan avqustun 11-dək  Fransanın paytaxtı Parisdə XXXIII Yay Olimpiya Oyunları keçiriləcək. Oyunlarda 10500 idmançı medallar uğrunda mübarizə aparacaq. Bu mötəbər yarışda ölkəmizi  48 nəfər 15 idman növü üzrə təmsil edəcək. Onların arasında Marina Stadnik­, Hacı Əliyev, Hidayət Heydərov, Zöhrə Ağamirova kimi dünya idman aləmində kifayət qədər tanınan  idmançılarımız da var. Onu da qeyd edək ki, ölkəmiz bu mötəbər yarışda ilk dəfə komanda idman növündə iştirak edəcək.

Məlumat üçün bildirək ki, milli komandamızın 4 ildən bir keçirilən Olimpiya Oyunlarında debütü “Atlanta-1996” Qış Olimpiya Oyunlarına təsadüf edib. Azərbaycan bu yarışda 9 idman növü üzrə 23 idmançı ilə təmsil olunub, bir gümüş medal qazanıb. 2000-ci ildə Avstraliyanın Sidney şəhərində keçirilən XXVII Yay Olimpiya Oyunlarında ölkəmiz 3 medal (2 qızıl, 1 bürünc), 2004-cü ildə Yunanıstanın Afina şəhərində keçirilən XXVIII Yay Olimpiya Oyunlarında 5 medal (1 qızıl, 4 bürünc),  2008-ci ildə Çinin Pekin şəhərində keçirilən XXIX Yay Olimpiya Oyunlarında 7 medal (1 qızıl, 2 gümüş, 4 bürünc),  2012-ci ildə Böyük Britaniyanın London şəhərində keçirilən XXX Yay Olimpiya Oyunlarında 10 medal (2 qızıl, 2 gümüş, 6 bürünc medal) qazanıb.

Azərbaycan komandası medalların sayına görə ən böyük uğurunu Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən “Rio-2016”da qazanıb. Həmin Olimpiadaya 56 idmançı ilə qatılan komandamız 1-i qızıl, 7-si gümüş və 10-u bürünc olmaqla ümumilikdə 18 medala sahib olub. 2021-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçirilən XXXII Yay Olimpiya Oyunlarına 44 idmançı ilə Tokioya yollanan Azərbaycan 3 gümüş və 4 bürünc medal əldə edib. Gümüş medalların 2-si (Rafael Ağayev,İrina Zaretska) karate, 1-i (Hacı Əliyev) güləş, bürünc mükafatlardan  2-si (Rafiq Hüseynov, Mariya Stadnik) güləş, 1-i (İrina Kindzerska) cüdo, 1-i (Alfonso Domingez) boks yarışlarında qazanılıb. Komandamız medalların sayına görə 31-ci, əyarına görə isə 67-ci sırada qərarlaşıb.

Parisdə keçiriləcək  XXXIII Yay Olimpiya Oyunları idmançılarımız üçün daha  əlamət olacaq. Belə ki, onlar bu yarışda ilk dəfə  suveren, ərazi bütövlüyü tam bərpa olunmuş Azərbaycanın  təmsilçiləri kimi çıxış edəcəklər. Şübhəsiz, məhz bu amil onlara yeni idman uğurları əldə etməkdə, ölkəmizə qarşı qərəzli mövqe nümayiş etdirən, təcavüzkar Ermənistanı silahlandırmaqda davam edən Fransada şərəfli tarix yazmaqda əlavə stimul olacaq.

Yeri gəlmişkən qeyd edək ki, hələ iki il öncə Prezident İlham Əliyev Macarıstanda keçirilmiş güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərini qəbul edərkən demişdi  ki, Yay Olimpiya Oyunlarında da biz bir daha ölkəmizin gücünü, idman gücünü göstərəcəyik.

Şübhə etmirik ki, idmançılarımız onlara bəslənilən ümidləri doğruldacaq, bayrağımızı fəxri kürsüdə qürurla dalğalandıracaqlar və Azərbaycan idmanının uğur salnaməsini daha da zənginləşdirəcəklər. Bunu əminliklə söyləmək olar. Axı onlar beynəlxalq təşkilatların, böyük dövlətlərin 30 ilə edə bilmədiyi Qarabağ problemini 44 günə və 23 saat davm edən lokal antiterror əməliyyatı ilə həll etmiş əsgər və zabitlərimizin  həmvətənləridirlər. Bununla da idmançılarımız suverenliyimiz və ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş şəhidlərimizin ruhlarını şad edəcəklər.

Yeri gəlmişkən qeyd edək ki,  bu gün  ölkəmizdə idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Şübhəsiz bu, ilk növbədə, Prezident İlham Əliyevin idmana göstərdiyi qayğının nəticəsidir. Dövlətimizin başçısı dəfələrlə bəyan edib ki, bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi daim diqqətdə saxlanılacaq. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da bu sahənin inkişafını həmişə diqqətdə saxlayır.Bir məsələni də vurğulayaq ki, 1997-ci il iyulun 31-də cənab İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçiləndən sonra ölkəmizin idman tarixində qələbə və zəfərlərlə dolu yeni səhifələr yazılmağa başlayıb.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Daha çox xəbərlər