Cəmiyyət 

22 iyul – Ümumdünya Beyin Günüdür

İnsanların bütün fəaliyyəti, işgüzarlığı, istedadı, dünya görüşü, ağlı, düşüncəsi, yaradıcılıq qabiliyyəti bilavasitə beyinlə bağlıdır. Orqanizmi təşkil edən milyonlarla hüceyrə, toxuma və üzvlərin – sistemlərin qarşılıqlı əlaqələri və yararlı iş əmsalları beyin vasitəsilə tənzim olunur. Görmə, eşitmə, qoxu, dadbilmə və digər vacib hissiyyatların dərk edilib, müvafiq cavab reaksiyalarının verilməsi də beyinin fəaliyyətindən asılıdır.
AZƏRTAC xəbər verir ki, beyin hüceyrələri uzun müddət oksigen çatışmazlığına məruz qaldıqda isə bir sıra təhlükəli xəstəliklərə – ürəyin işemik xəstəliklərinə, infarkta, insulta əlverişli zəmin yaranır.
Vaxtaşırı başağrıları, əsəbi gərginliklər, yaddaşın, yuxunun pozulmaları beyində oksigen çatışmazlığının ilkin əlamətləridir. Ahıl və qoca yaşlarda beyin damarlarının sklerozu daha bariz şəkildə təzahür edir. İnsanların qocalması, ilk növbədə, beyin damarlarının aterosklerozu nəticəsində yaranan oksigen çatışmazlığı ilə bilavasitə bağlıdır. Orqanizmi təşkil edən bütün sistemlərin beyinin müvafiq nahiyələrində xüsusi mərkəzləri mövcuddur. Bütün fəaliyyətlərimiz bu mərkəzlər vasitəsilə idarə və tənzim olunur.
Beyinlə əlaqəli xəstəliklərdən qorunma və beyin sağlamlığının vacibliyinə diqqət çəkmək məqsədilə Ümumdünya Nevrologiya Federasiyası 22 iyul tarixini Ümumdünya Beyin Günü kimi elan edib. Federasiya tərəfindən bu ilin mövzusu “Dağınıq skleroz” seçilib.
Aparılan geniş təbliğat kampaniyasında dağınıq sklerozdan əziyyət çəkənləri, onların yaxınlarını, səhiyyə işçilərini və müvafiq təşkilatları fəal olmağa, beyin sağlamlığının qorunmasına dair geniş maarifləndirmə tədbirlərini keçirməyə dəvət edirlər.

Daha çox xəbərlər