Qərbi Azərbaycana qayıdış strateji hədəfdir
2020-ci il Vətən müharibəsində qazanılmış şanlı Zəfər, 2023-cü ildə lokal antiterror əməliyyatı nəticəsində suverenliyimizin tam bərpası, hazırda Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, keçmiş məcburi köçkünlərin öz evlərinə qayıdışı Qərbi azərbaycanlılarda da böyük ruh yüksəkliyi yaradıb. Odur ki, onlar yurd-yuvalarına qayıtmaq istiqamətində mübarizlərini davam etdirirlər. Yeri gəlmişkən, Qərbi azərbaycanlıların ata-baba yurdlarına qaytarılması, onların hüquqlarının bərpası hazırda beynəlxalq ictimaiyyət tərəfindən də dəstəklənməkdədir. Hətta bu məsələ ilə bağlı BMT-nin ali orqanlarına ünvanlanan çoxsaylı müraciətlər rəsmi sənəd kimi yayılıb. Bu, o deməkdir ki, Ermənistan ərazisindən məcburi çıxarılmış Qərbi azərbaycanlıların qayıdışI hazırda qlobal miqyasda müzakirə olunan məcburi köçkünlük problemlərinin bir hissəsinə çevrilib.
Bəli, Qərbi azərbaycanlılar öz əzəli torpaqlarına qayıtmaqda israrlıdırlar. Çünki yaxşı dərk edirlər ki, onların Ermənistana, əzəli yurd-yuvalarına qayıdışı beynəlxalq hüquqa əsasən mümkündür. Yeri gəlmişkən, Ümumdünya İnsan Hüquqları Bəyannaməsində qeyd olunub ki, hər bir insan öz ölkəsini istədiyi vaxt tərk edə və ya geri qayıda bilər. Bu, o deməkdir ki, Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıtmasına hüquqi və mənəvi haqları vardır. Amma rəsmi İrəvan ata-baba yurdundan didərgin salınmış azərbaycanlıların qayıdış hüququnu inkar etməkdə davam edir. Hətta Qərbi Azərbaycan İcmasının dəfələrlə Ermənistan hökumətini dialoqa çağırmasına da məhəl qoyulmayıb. Üstəlik, qarşı tərəf bildirir ki, guya qayıdış tələbləri qanuni deyil, regional təhlükəsizlik və sabitliyi pozmağa yönəlmiş təhdiddir. Hətta bu məsələyə Azərbaycanın işğal planı kimi yanaşırlar. Onlar unudurlar ki, azərbaycanlılar heç vaxt separatizm xəstəliyinə düçar olmamışlar. Soydaşlarımız yaşadıqları ölkələrin dövlətçiliyinə töhfə verib və bu gün heç bir ölkədə azərbaycanlılar heç bir dövlət üçün, heç bir başqa xalq üçün problem yaratmır. Bununla da Ermənistan və onun havadarları Qərbi azərbaycanlıların tarixi yurdlarına qayıdışı məsələsini beynəlxalq ictimaiyyətə manipulyasiya olunmuş şəkildə təqdim edirlər. Halbuki yurdlarından zorla çıxarılanlar Ermənistan həyatına inteqrasiya olunmaq, həmin ölkənin vətəndaşlıqlarını bərpa etmək istəyirlər. Onlar həm də bunu yalnız torpağa deyil, mənəviyyata və milli kimliyə qayıdış hesab edirlər.
Qərbi Azərbaycan məsələsi ölkəmizin qarşısında duran əsas prioritet istiqamətlərdən biridir. Yəni, tarixi Qələbədən sonra dövlət qarşısında duran əsas vəzifələrdən biri Qərbi Azərbaycandan didərgin salınmış soydaşlarımızın öz dədə-baba yurdlarına dönüşünün təmin edilməsidir. Vaşinqton görüşündən sonra erməni mediası belə bir fikir yaymağa çalışdı ki, guya Qərbi Azərbaycan İcması fəaliyyətini dayandırır, Azərbaycan Qərbi Azərbaycana qayıdış iddiasından imtina edir. Onlar bu yalan fikri ictimai rəyə sırımağa cəhd göstərirdilər. Buna cavab olaraq Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirdi ki, Prezident İlham Əliyevin noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağındakı tarixi çıxışı erməni mediasının və siyasətçilərinin yaydığı bu yanlış, qərəzli iddiaları tamamilə darmadağın etdi. Prezident İlham Əliyev həmin tədbirdə bir daha qətiyyətlə bəyan etdi ki, Qərbi Azərbaycana qayıdış məsələsi davam edəcək, insanlar öz ata-baba yurdlarına qayıdacaqlar, çünki bu, onların tarixi, mənəvi və hüquqi haqqıdır: “Biz öz tarixi torpaqlarımıza qayıtmalıyıq, tanklarla yox, avtomobillərlə qayıtmalıyıq”. Bu isə bir daha o deməkdir ki, Azərbaycan heç zaman bu strateji hədəfindən yayınmayacaq, deportasiyaya məruz qalan həmvətənlərimizin hüquqularının təmin olunması istiqamətində addımlar atmaqda davam edəcək. Yeri gəlmişkən qeyd edək ki, noyabrın 17-də Qərbi Azərbaycan İcması İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda Qərbi Azərbaycan İcmasının qarşıdakı dövr üçün fəaliyyət istiqamətləri üzrə konkret tapşırıqlar müəyyənləşdirilib və müvafiq işçi qruplarının formalaşdırılması barədə qərarlar qəbul olunub.
Xatırladaq ki, Qərbi Azərbaycanda – Ermənistan ərazisində 1918–1921, 1948–1953 və 1987–1991-ci illərdə daha sistemli və total şəkildə etnik təmizləmə həyata keçirilib və son nəticədə təcavüzkar ölkədə bir nəfər belə soydaşımız qalmayıb və Ermənistan monoetnik dövlətə çevrilib.
Qvami Məhəbbətoğlu, “İki sahil”

