Əsas səhifə 

Məqsədlər artıq reallığa çevrilib

Dövlət başçısı İlham Əliyev 2-ci Şuşa Qlobal Media Forumunda Azərbaycanın iqtisadi uğurlarının təqdimatı olan Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa işləri ilə bağlı Azərbaycan cəmiyyətinin   nikbin olduğunu bildirdi

İyulun 22-də 2-ci Şuşa Qlobal Media Forumu öz işini başa çatdırdı. Forumun əhəmiyyəti həm tədbir iştirakçılarının rəylərində, həm də dünya mətbuatında aparılan geniş müzakirələrdə özünün aydın ifadəsini tapır. Həmçinin hər bir çıxışı gələcəklə bağlı çağırışlarla zəngin olan dövlət başçısı İlham Əliyevin Forumda irəli sürdüyü təkliflər, açıqladığı hədəflər geniş müzakirə edilir. Bu reallıq inkaredilməzdir ki, yalnız Azərbaycanın ev sahibliyi etdiyi  deyil, digər tədbirlərdə də əsas diqqət Azərbaycana yönəlir. Dövlət başçısı İlham Əliyev 2-ci Qlobal Media Forumundakı çıxışında Azərbaycanın davamlı inkişafında əhəmiyyətli rol oynayan yeni neft strategiyasından bəhs etdi.  Bildirdi ki, 1994-cü ildə Ulu Öndər Heydər Əliyev  tərəfindən tarixi qərar qəbul edildi. “Əsrin müqaviləsi” imzalanandan iki həftə keçməmiş dövlət çevrilişinə cəhd edildi və bunun səbəblərindən biri məhz bu müqavilə idi. Ondan sonrakı geosiyasi gedişatların da təməlində məhz bu dayanırdı. Bu müqavilə Azərbaycana əsl müstəqillik gətirə biləcək bir müqavilə idi və onu o vaxt biz də bilirdik, dostlarımız da bilirdi, bizi istəməyənlər də bilirdi. Bu, bizim üçün bir nəfəs borusu, bir oksigen borusu idi.  Bu mühüm məqam da diqqətə çatdırıldı ki, 1994-cü ilin sentyabr ayında müqavilə imzalandı, 3-4 aydan sonra parlamentdə ratifikasiya edildi, qanun kimi qüvvəyə mindi və 1997-ci ilin noyabr ayında “Çıraq-1” platformasından ilk neft çıxarıldı. Ondan iki il sonra Bakı-Supsa kəməri tikildi, daha sonra Ulu Öndər öz əlləri ilə Bakı-Tbilisi-Ceyhanın təməlini qoydu. Yəni, bütün bunlar o vaxt da, bu gün də bizim gördüyümüz işlərin nə qədər uzunmüddətli olduğunu bir daha göstərir.

Təbii ki, bu addımlar Azərbaycanın bugünkü reallıqlarının əsası oldu. Tarixən neft ölkəsi kimi tanınan Azərbaycan bu gün qaz, elektrik enerjisi  ixracatçısı kimi dünyanın diqqətindədir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatçısıdır. Ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri dünyanın enerji xəritəsini yenidən tərtib edir. Azərbaycan qazına tələbat artır. Enerji sektorunda bu  mühüm hadisəni  da qeyd etmək istərdik ki,  2022-ci ilin iyul ayında dövlət başçısı İlham Əliyev və Avropa Komissiyasının Prezidenti  enerji sahəsində strateji tərəfdaşlıq haqqında saziş imzaladı. Qarşıya konkret hədəflər  qoyuldu. Cənab İlham Əliyev Forumda iştirakçıların suallarını cavablandırarkən bildirdi ki,  Azərbaycan qazının Avropaya nəqlini iki dəfə artırmaq öhdəlik deyil, bu, bizim hədəfimizdir. Biz bu hədəfə doğru irəliləyirik. 2021-ci ildə biz Avropaya 8 milyard kubmetr qaz nəql edirdik. Bu il təkcə Avropaya 13 milyard kubmetrə yaxın həcmdə nəql ediləcək. Ümumi həcm isə 25 milyard kubmetr olacaq. 2027-ci ildən  danışırıqsa, biz Avropaya ixracı 16 milyard kubmetrə çatdırmalıyıq. Bu resursların Avropaya mövcud şəbəkə – Cənub Qaz Dəhlizi, həm də onun interkonnektorları vasitəsilə çatdırılması planlaşdırılır.

Hazırkı dövrün əsas çağırışı bərpaolunan enerji sektoruna investisiyaların yatırılmasıdır. Azərbaycan bu sahədə böyük potensiala malikdir. “Azərbaycan bərpaolunan enerji sahəsində böyük nailiyyətlərə imza atıb” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki,  ən böyük Günəş Elektrik Stansiyasını – 230 meqavat gücündə stansiyanı istifadəyə verdik. İndi isə 240 meqavatlıq külək elektrik enerjisi stansiyası ilə bağlı işlər yekunlaşır və tezliklə  240 meqavatlıq Günəş Elektrik Stansiyasının açılışı olacaq.  Birinci layihə “Masdar” şirkəti, ikinci layihə isə “Acwa Power” şirkəti tərəfindən həyata keçirilir. Üçüncüsü isə BP tərəfindən inşa ediləcək. Yəni, bunlar dünyanın aparıcı enerji şirkətləridir. Bununla yanaşı, ötən ay Bakıda  üç Günəş və külək elektrik stansiyasının təməli qoyuldu. Ümumi həcm bir qiqavatdır. Böyük potensialımız var.  Texniki baxımdan dənizdə külək enerjisi potensialı 157 qiqavatdır. Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına görə, iqtisadi baxımdan quruda Günəş və külək stansiyalarının potensialı göstərir ki,  27 qiqavat həcm istehsal edə bilərik. Həcm böyükdür.

Bu faktı da qeyd etmək istərdik ki, Azərbaycan bəlkə yeganə ölkədir ki, regionda və postsovet məkanında Avropa İttifaqı dövlətləri ilə, Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlıq haqqında bəyannamələr  imzalayıb. Avropa İttifaqının 10 üzvü Azərbaycanın strateji tərəfdaşıdır. Ölkəmiz  İslam Əməkdaşlıq Təşkilatının,  “OPEC Plus” formatının üzvüdür. Azərbaycan neft hasil edən ölkələrlə fəal şəkildə işləyir. İrəli sürdüyü təkliflərdə bu mühüm məqam yer alır ki,  neftlə zəngin ölkələr maliyyə mənbələrinin toplanılmasında, səfərbər edilməsində necə daha vacib rol oynaya bilər.

Bunları qeyd etməklə möhkəm təməlin uğurların davamlılığında əsas faktor olduğu təsdiqlənir. Ümummilli Lider Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə önəm verməsi düşünülmüş və uzaqgörən siyasətinin nəticəsi idi. Ulu Öndər iqtisadiyyatı güclü olan dövlətin hər şeyə qadir olduğunu xüsusi qeyd edərək dünya təcrübəsinə əsasən belə bir çağırışı da səsləndirdi ki, heç bir ölkə səylər birləşdirilmədən, təcrübə mübadiləsi aparılmadan təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. “Əsrin müqaviləsi”  Azərbaycanın təkcə iqtisadi deyil, ümumiyyətlə, bütün sahələrdə davamlı uğurlarının əsasıdır. Bu saziş  Azərbaycanın iqtisadi və siyasi müstəqilliyini təmin etdi, beynəlxalq münasibətlər sistemində  rolunu artırdı, etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirərək əməkdaşlığın coğrafiyasının regional çərçivədən çıxaraq beynəlxalq miqyas almasına yol açdı. “Əsrin müqaviləsi”nin  Azərbaycana qazandırdığı uğurların ümumiləşdirilmiş ifadəsi tarixi Zəfərimizdir.

“Əsrin müqaviləsi”nin imzalanmasından 23 il sonra neft-qaz sahəsində növbəti böyük uğura imza atıldı. 2017-ci ilin sentyabr ayının 14-də Bakı şəhərindəki Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında kontraktın imzalanması mərasimi keçirildi. Tam əminliklə demək olar ki, “Yeni əsrin müqaviləsi” adlandırılan bu kontraktın imzalanması  Azərbaycanın artan nüfuzunun, möhkəmlənən mövqeyinin  təqdimatı oldu.  2014-cü ildə təməli qoyulan Cənub Qaz Dəhlizinin 2018-ci ilin mayında rəsmi açılışı oldu. Həmin ilin iyun ayında bu layihənin əsas tərkib hissəsi olan TANAP istifadəyə verildi. 2020-ci ilin dekabr ayının sonunda isə Cənub Qaz Dəhlizinin daha bir seqmenti TAP istifadəyə verildi. Bununla da Azərbaycanın çoxtərəfli əməkdaşlığının başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizinin icrası başa çatdı. BTC və BTƏ neft-qaz layihələrinin davamı olaraq gerçəkləşən Cənub Qaz Dəhlizi Azərbaycanın enerji sektorunda qazandığı uğurların davamlılığından xəbər verir. Azərbaycan regional inkişafın aparıcı qüvvəsi kimi  dünyanın enerji təhlükəsizliyinin təminatında da  fəal rol oynayır. Bu fikir böyük inamla qeyd edilir ki, hazırda Azərbaycanın iştirakı olmadan bölgədə hansısa qlobal iqtisadi və siyasi layihənin həyata keçirilməsi mümkünsüzdür. Azərbaycan bütövlükdə Cənubi Qafqaz iqtisadiyyatının 85 faizinə sahibdir. Ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 310 milyard dollardır  ki, onların da 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasından sonra Azərbaycana artan maraq uğurlarımızın xronologiyasında özünün aydın ifadəsini tapır. Ölkəmizdə sabitliyin, əlverişli biznes mühitinin yaradılması nəticəsində Azərbaycan yeni tərəfdaşlar, dostlar qazanır. Bu gün böyük fəxr hissi ilə qeyd etdiyimiz mühüm hadisələrdən biri Qarabağın tacı Şuşanın da Azərbaycanın enerji tərəfdaşlarını bir araya gətirərək yeni əməkdaşlıq formatlarının yaradılmasına şahidlik edir. Hazırkı dövrün əsas çağırışı olan bərpaolunan enerji sektorunda əməkdaşlıqla bağlı imzalanan sənədlərə azad Şuşamız da şahidlik edir. Bütün bunlar “Əsrin müqaviləsi”nin ölkəmizə bəxş etdiyi uğurlardır.

Bu gün işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri də “Əsrin müqaviləsi”nin ölkəmizə qazandırdığı uğurların göstəricisidir. Azərbaycanın iqtisadi və maliyyə imkanları qarşıya qoyulan hər bir hədəfə  zamanında və yüksək səviyyədə nail olmağa əsas verir. Bütün sahələrdə ilklərə imza atan Azərbaycan dirçəliş modeli ilə də dünyanın diqqətindədir. Belə ki, bütün işləri sıfırdan öz daxili imkanları hesabına həyata keçirən ölkəmiz müharibədən dərhal sonra bərpa işlərinə başlamaqla dünya hərb tarixində ilkə imza atdı. Çünki müharibədən sonra bərpa işlərinə başlanılması mümkünsüzdür. Azərbaycan bu addımı ilə həm bu torpaqların əsl sahibi olduğunu, həmçinin iqtisadi imkanlarını təqdim etdi. Bu ərazilərdə üç Beynəlxalq Hava Limanının tikilməsi çoğrafi mövqeyinin təqdimatında öz sözünü deyir. Azərbaycan tranzit imkanları ilə hər zaman diqqətdədir. Dörd ilə yaxın müddətdə iki Beynəlxalq Hava Limanının-Füzuli və Zəngilan hava limanlarının istifadəyə verilməsi, Laçın Beynəlxalq Hava Limanının gələn ilin əvvəli üçün nəzərdə tutulması Azərbaycanın iqtisadi imkanlarının təqdimatıdır. Füzuli Hava Limanının tikintisi 8 aya başa çatdırıldı. Dövlət başçısı İlham Əliyev 2-ci Şuşa Qlobal Media Forumunda bu reallığı xüsusi vurğuladı ki, bu regionun xalqları özümüzü təhlükəsiz hiss edəcəyik. Münaqişələr və qarşıdurmalar keçmişdə qalıb: “Füzuli hava limanından buraya səfər edərkən siz gördünüz ki, biz nəhəng yenidənqurma proqramı həyata keçiririk və sizin gördükləriniz, bəlkə bu işlərin heç beş faizi deyil. Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa işləri ilə bağlı biz çox nikbinik və Azərbaycan cəmiyyəti də olduqca nikbindir və bu işlərə çox həvəslə yanaşır. Bu, hər bir ölkənin müvəffəqiyyətə nail olması üçün əsas amildir. Burada rahatlıq və təhlükəsizlik vacib amildir. Eyni zamanda, gözləntilər vacibdir. Cəmiyyət görür ki, uzun illər can atdığı məqsədlər artıq reallığa çevrilibdir.”

Bərpa-quruculuq işləri soydaşlarımızın Böyük Qayıdışı ilə tamamlanır. Forumda bu statistik rəqəm də tədbir iştirakçılarının diqqətinə çatdırıldı ki, azad edilmiş ərazilərdə artıq 8 minə yaxın əhali yaşayır. İlin sonuna qədər bu rəqəm 20 minə çatacaq. Bir neçə ay əvvəl  23 binadan ibarət yaşayış kompleksi istifadəyə verildi. Bunlar  üç, dörd, beşmərtəbəli binalardır.

O da məlumdur ki, əsas hədəf Böyük Qayıdış Proqramının birinci mərhələsinin başa çatacağı 2026-cı ilə qədər 140 min soydaşımızın  doğma yurd-yuvalarına qayıdışını təmin etməkdir. Artıq 4 şəhər və 4 kənd sakinlərinə qovuşub. Sentyabr ayında Xankəndi şəhərinə köç başlayacaq. Bu il Şuşa, Xocalı, Xankəndi, Cəbrayıl və Kəlbəcər şəhərlərinə qayıdış nəzərdə tutulub. Bu il Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümündə şuşalılar, 28 May-Müstəqillik Günündə isə xocalılar doğma yurd-yuvalarına qayıtdılar. Bu qayıdış mərhələli şəkildə davam etməkdədir. Hazırda işğaldan azad edilmiş bütün torpaqlarımız quruculuq meydanına çevrilib. Qısa zamanda belə böyük miqyasda işlərin görülməsi özündə mühüm məqamları ehtiva edir.

Dövlət başçısı İlham Əliyev Forumda tədbir iştirakçılarının  suallarını əsaslı şəkildə cavablandırmaqla həm Azərbaycanda, həm də regionda baş verən hadisələri, yenilikləri onların diqqətinə çatdırdı. Belə formatda tədbirlərin təşkili dolğun məlumatların əldə edilməsinə geniş imkanlar yaradır. Dezinformasiyaların geniş vüsət aldığı, ciddi problemlərə yol açdığı bir zamanda belə Forumun keçirilməsi həm ev sahibliyi edən, həm də iştirakçı ölkələrin reallıqlarının təqdimatına öz töhfəsini verir. Tədbir iştirakçıları Şuşada, Füzulidə görülən işlərlə yaxından tanış oldular. Erməni vəhşiliklərini yaxından izləmək, onların şahidinə çevrilmək, həmçinin Azərbaycanın  möcüzə kimi dəyərləndirilən inkişafını izləmək hər bir iştirakçıya ölkəsinə zəngin məlumatlarla dönmək imkanı yaratdı.

Bu ilin mühüm uğuru Azərbaycanın COP29-a ev sahibliyidir. Bu mühüm hadisə Azərbaycanın iqlim dəyişmələrinin yaratdığı problemlərə qarşı mübarizəyə töhfələrinin təqdimatıdır. Forumda bu məqam da qeyd edildi ki, dünyada iqlim dəyişmələrinin qarşısının alınması, ekoloji sabitliyin və tarazlığın yaradılması, dayanıqlı inkişafın təşviq edilməsi və bu istiqamətdə əhəmiyyətli nəticələrin əldə olunmasında media xüsusi rol oynayır. Bu səbəbdən media və kommunikasiya vasitələrinin mövcud proseslərdə düzgün istifadə edilməsi, hədəf auditoriyaya hesablanan təsirli mesajları ötürməsi,  məsuliyyət hisslərini formalaşdırması iqlim dəyişmələrinə qarşı birgə  qabaqlayıcı tədbirlərin görülməsi və ya belə tədbirlərin effektivliyinin artırılmasında zəruridir. Panel sessiyalarda, həmçinin iqlim hərəkatında medianın rolu, yaşıl dünya naminə səmərəli məlumatlandırma mexanizmlərinin hazırlanması, iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində ictimai gündəmin yaradılmasında medianın əhəmiyyəti kimi mövzularda müzakirələr aparıldı. Aparılan müzakirələr bir daha bu reallığı təsdiqlədi ki, 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyinin, 3 beynəlxalq təşkilatın və 82 media qurumunun nümayəndələrinin qatıldıqları Forum iştirakçılar üçün birgə müzakirə və hərəkət platforması rolunu oynayır. Bu platformalardan səmərəli istifadə etməklə bütün dövrlər üçün aktuallığını saxlayan dezinformasiyalara qarşı mübarizəyə  töhfələr vermək olar. Forumun iştirakçılarının rəylərində də bu məqam xüsusi qeyd edilir.  ABŞ Qlobal Siyasət İnstitutunun prezidenti Paolo von Şirak bildirib ki, Şuşa forumu son dərəcə vacib zamanda keçirilən tədbirdir. Dezinformasiya xəstəlik kimidir. Dərmanı olmayan bir epidemiyaya bənzəyir. Bu gün texnologiyanın inkişafının  belə dezinformasiyanın qarşısını ala bilməməsi təəssüf hissi doğurur. Dezinformasiyanın xərçəng və ya bir növ COVID pandemiyası adlandıran ABŞ Qlobal Siyasət İnstitutunun prezidenti  qeyd edib ki, COVID zamanı bir müddət bir peyvənd hazırlandı, çox böyük bir çaxnaşma yaşandı, insanlar ölürdü və bu barədə nə edəcəyimizi bilmirdik: “Çünki tibb elmi tamamilə bu virusun qarşısında aciz idi. Demək istədiyim odur ki, pis niyyətlə istifadə edilən süni intellektə bərabər bir peyvənd tapa biləcəyimizə dair heç bir fikrim yoxdur.”

Təbii ki,  bu kimi fikirləri xeyli sayda sadalamaq olar. Əsas olan hədəf və ona nail olmaq üçün birgə səylərin göstərilməsidir. Dezinformasiyaların yaratdığı problemləri öz üzərində hiss edən Azərbaycan dövləti daim real faktlara, tarixi həqiqətlərə söykənən təbliğatını uğurla davam etdirir. Tarixi Zəfərimiz yalanın həqiqət üzərində qələbəsinin mümkünsüzlüyünü bir daha təsdiqlədi. Özlərinə saxta tarix yazıb yalanlarını həqiqət kimi qəbul etdirməyə çalışan ermənilər və erməni diasporu sonda ədalətin zəfər çaldığının şahidinə çevrildilər. Yalan üzərində qurulan təbliğatın ömrü heç zaman uzun ola bilməz. Ermənilərin daim fakt qarşısında aciz qaldıqları məlum olaylardandır. Bircə faktı qeyd etmək kifayətdir ki, Azərbaycana qarşı əsassız torpaq iddiası ilə çıxış edən Ermənistan dost, qardaş ölkə olan Türkiyəyə qondarma “erməni soyqırımı” məsələsini irəli sürür. Qardaş Türkiyə dünya arxivlərinin açılması və tarixçilərdən ibarət Türkiyə-Ermənistan komissiyasının yaradılmasını təklif edəndə işğalçı dövlət  “bu məsələ ilə tarixçilər deyil, siyasətçilər məşğul olur” münasibəti ilə tarixi faktlar qarşısında nə qədər aciz olduqlarını nümayiş etdirdilər.

Ümumiləşdirilmiş şəkildə qeyd etsək, bu gün dövlət başçısı İlham Əliyevin Forumdakı çağırışlarının hər biri dünya mətbuatında geniş müzakirə edilir. Bütün bunlar Azərbaycanın söz sahibliyinin, Prezidentimizin nüfuzunun, ona göstərilən etimadın göstəricisidir.

Yeganə Əliyeva, “İki sahil”    

Daha çox xəbərlər