Təhsil 

150 balla tələbə olanlar – qəbul şərtləri dəyişdirilsin, yoxsa…

Ekspert: “Həmin şəxs əmək bazarına daxil olanda diplomlu işsiz olacaqsa, bu artımı müsbət cəhət saya bilmərik”

Universitetlərdə boş qalan yerlərə qəbulun nəticələri açıqlandı. Əvvəlki illərlə müqayisədə bu il qəbul olanların sayı daha çoxdur. Bəs ölkədə ali təhsilli şəxslərin sayının artmasını müsbət hal, təhsilin inkişafı kimi şərh etmək olarmı?

Kamran Əsədov Bakını tərk etdi - O, İstanbuldan iş təklifləri alıb

Kamran Əsədov 

“Yeni Müsavat” xəbər verir ki, təhsil eksperti Kamran Əsədov Teleqraf.com-a açıqlamasında bunun əksini düşündüyünü söyləyib: “Bu il ali təhsil müəssisələrinə plan yerləri ciddi şəkildə artdı. Qəbul olanlar da əvvəlki illərlə müqayisədə çoxdur. 2010-cu ildə 29 min nəfər ali təhsil müəssisələrinə qəbul ola bilirdi. Bu gün artıq onların sayı 60 mindən çoxdur. Son 14 ildə say kəskin artıb. Ancaq qəbul olanların çox olmasını uğur kimi dəyərləndirə bilmərik. Plan yerlərinin sayı çox olduğuna görə qəbul da çoxdur. Biz əsas keyfiyyətə baxmalıyıq. Əgər 150 balla tələbə qəbulu həyata keçiririksə, həmin şəxs əmək bazarına daxil olanda diplomlu işsiz olacaqsa, bu artımı müsbət cəhət saya bilmərik. Bu il universitetlərə qəbul olanların artması ona görə deyil ki, təhsildə hansısa ciddi irəliləyiş etmişik. Sadəcə, plan yeri artıb, bu səbəbə qəbul olanlar çoxdur”.

Onun fikrincə, bu ilki rəqəm artımının heç bir halda keyfiyyət göstərici kimi qəbul və təqdim etməməliyik:

“Əmək bazarının ehtiyacı nəzərə alınmadan qəbulun həyata keçirilməsi sadəcə statistikada kəmiyyət göstəricisi olaraq görülə bilər. Sual olunur, əmək bazarında onların neçəsi işlə təmin olacaq? Qəbul imtahanında müəyyən ixtisaslara bağlı konkret keçid balı qoymaq lazımdır. Azərbaycanda qəbul qaydalarının formatı dəyişməlidir. İmtahanlar daha sadələşməlidir”.

Nadir İsrafilov: “İxtisası, peşəni seçə bilərdik, vəzifəyə təyinat isə  bizlik deyildi...”<span class="qirmizi"></span>

Nadir İsrafilov 

Təhsil eksperti Nadir İsrafilov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb:

“Bu il ali məktəblərə qəbul olunanların sayında ötən illərlə müqayisədə rekord göstərici müşahidə olundu, xeyli tələbə ali təhsil müəssisəsinə daxil oldu. Lakin bu məsələyə birtərəfli yanaşılmır. Bəziləri bunu təhsilin keyfiyyəti ilə, bəziləri isə universitetlərin, plan yerlərinin artması ilə əlaqələndirir.

Təhsilin keyfiyyəti ilə bağlı deyə bilərəm ki, bəzi illərdə ali təhsil müəssisələrinə daxil olanların sayı artır, lakin bəzən plan yerləri boş qalır. Bu il də müəyyən plan yerlərinin boş qalma halları oldu. Hesab edirəm ki, tələbə sayının çoxalmasının və yaxud azalmasının təhsilin keyfiyyətinin  artması və ya azalması ilə izah etmək düzgün yanaşma deyil. Çünki təhsilin keyfiyyəti 1-2 il ərzində arta və yaxud aşağı düşə bilməz. Bu, bir sıra səbəblərlə şərtlənir. Ona görə də məsələyə dərhal münasibət  bildirmək, nəticə çıxartmaq doğru olmazdı.

Tələbə sayının artması məsələsinə gəldikdə, hazırda ölkədə əsasən hər kəsə ali təhsilin əlçatan olması kursu götürülüb. Bu, hər yüz nəfərə düşən  tələbənin sayına görə dünyanın aparıcı ölkələri ilə rəqabətə daxil olmaq baxımından faydalı, əhəmiyyətlidir. Amma keyfiyyət məsələsinə gəldikdə, əlbəttə ki, 150 balla ali təhsil müəssisəsinə qəbul olunmanı keyfiyyət göstəricisi hesab edə bilmərik. 150 bal klassik 5 ballıq şkala ilə 2-yə bərabər göstəricidir.

Xatırladım ki, bir müddət əvvəl qərar alınmışdı ki, 350 bal keçid bal hesab olunsun. Çünki klassik 5 ballıq şkala ilə 350  bal kafi hesab olunurdu. Lakin sonra elə bir vəziyyət yarandı ki, 350 bal toplayanların sayı kifayət etmədi, ona görə də 350 bal 250-yə, daha sonra isə 150 bala  düşdü. Hətta müəyyən illərdə 100 balla ali təhsil müəssisəsinə daxil olanlar oldu ki, bu da klassik 5 ballıq şkala ilə 0 bal hesab olunur. Belə çıxır ki, 0 bal toplayan ali məktəbə qəbul olunur.

Hazırda ya keyfiyyət, ya da kəmiyyət məsələsinin üzərində qərarlaşmışıq.  Ali təhsil müəssisələrində plan yerini  doldurmaq üçün məcburiyyət qarşısında qalırıq ki, keçid balını aşağı salaq. Və yaxud keçid balını artıranda plan yerləri dolmur, ona görə də burada müəyyən problemlər yaranır.  Beləliklə də hər il şəraitə uyğun vəziyyət dəyişdirilir. Aşağı balla tələbə qəbul edəndə burada keyfiyyətdən söz aça bilmərik, yüksək keçid balla qəbul edəndə də plan yerləri boş  qalır. Yəni, bu cür problemlər var”.

Nadir İsrafilov irəli sürülən bir sıra təkliflərdən də söz açıb:

“Test tətbiq olunduqdan sonra dünya təcrübəsini hələ də öyrənməkdə davam edirik. Məsələn, hazırda müzakirələr var ki, dünyanın bir çox ölkəsində attestatla qəbul olduğu kimi bizdə də bu təcrübə həyata keçirilsin. Keçid balını artıranda xeyli abituriyent keçid balını toplaya, universitetə daxil ola bilmir, nəticədə xarici ölkələrdəki attestatla qəbul elan edən universitetlərə üz tutur. Bu zaman da xaricə beyin axını baş verir.

Bütün bunları nəzərə alaraq, DİM sədri Məleykə Abbaszadə müəyyən təkliflər verir ki, ali təhsil məktəblərinə  qəbul qaydaları ilə bağlı yeniləşmə, dəyişikliklər aparılsın.

O da məlumdur ki, bu il xeyli sayda 500-600 bal toplayan abituriyent ali məktəblərə qəbul oluna bilmədi. Amma 200 bal toplayanlar tələbə adını qazana bildi. Burada əsasən ixtisas seçimi ilə bağlı məsələ problem yaradır. Ona görə də imtahanlarda, qəbul qaydalarında müəyyən sadələşdirilmə aparılmalıdır. Ümumi rəy hazırda onun üzərində qurulub ki, ali məktəblərə qəbul məsələsində sadələşdirilmə aparılsın.  Həmçinin təkliflər irəli sürülür ki, hərbi xidmət yaşı bir il artırılsın. Çünki ali məktəblərə qəbul oluna bilməyənlər hərbi xidmətə gedir, hərbi xidmətdən geri döndükdə isə artıq təhsil bilgilərini ya unudur, ya da hansısa çatışmazlıqlar yaranır.

Və yaxud təkliflər var ki, ali məktəblərə qəbul sadələşdirilsin. Dünyanın bir çox aparıcı ölkələrində buraxılış və qəbul imtahanları birlədirilib, bir imtahan keçirilir. Təsəvvür edin, bizdə buraxılış imtahanı keçirilir, daha sonra qəbul imtahanı, ondan sonra isə ixtisas seçimi aparılır, az sonra isə tədris başlayır. Yəni, abituriyent bütün yay boyu imtahanlar, ixtisas seçimi kimi məsələlər ilə məşğul olur. İnsanın dincəlməyə, istirahətə də ehtiyacı var. Şəxsən mən də hesab edirəm ki, qısa müddət ərzində iki dəfə imtahan keçirilməsi heç cür məqsədə uyğun deyil.

Hər halda, bu istiqamətdə iş getməli və optimal variant tapılmalıyıq ki, biz ya keyfiyyətə, ya da kəmiyyətə üstünlük verməliyik”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Daha çox xəbərlər