Əsas səhifə 

Bizim siyasətimiz beynəlxalq hüquqa əsaslanır – ŞƏRH

Müstəqil siyasətimiz hər bir hədəfə zamanında nail olmağımızı təmin edir

Prezident İlham Əliyev bu ilin fevralında keçirilən növbədənkənar prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində  qarşıdakı dövrün hədəflərini açıqlayarkən bildirdi ki, təbii ki, yeni dövrə qədəm qoyarkən böyük ümidlərlə yaşayırıq: «Əminəm ki, bütün Azərbaycan xalqı böyük ümidlərlə yaşayır və biz, əlbəttə, elə işləməliyik, elə addımlar atmalıyıq ki, bu ümidlər çin olsun.» Ölkə Prezidenti növbəti illərdə qarşıda dayanan əsas vəzifələrdən biri kimi Silahlı Qüvvələrimizin daha da gücləndirilməsini bildirdi. Hazırda Silahlı Qüvvələrimizin gələcək inkişafı ilə bağlı lazımi addımlar atılır, silah-sursat, texnika alınır, yeni silahlı birləşmələr yaradılır. Xüsusi Təyinatlı Qüvvələrin sayı bir neçə dəfə artırılıb. Yeni yaradılmış “Komando” silahlı birləşmələrində hərbçilərin sayı minlərlə ölçülür və bu proses davam edir. Dövlət başçısı İlham Əliyev bildirir: «Biz elə Ordu yaratmışıq ki, – bundan sonra da bu işlər davam edəcək, – heç kim bizə sataşa bilməz və gələcəkdə də belə bir fikirdə ola bilməz…Ermənistanın nə qədər havadarları olsa da, heç kim bizi dayandıra bilməz. Bizim siyasətimiz beynəlxalq hüquqa əsaslanır. Bizim Ermənistan ərazisinə iddiamız yoxdur, ancaq onlar da öz iddialarını geri döndərməlidirlər. Bizdən əsassız iddialarla şantaj dili ilə danışmaq onlara baha başa gələcək və onu yəqin ki, hər kəs görür. Beləliklə, ordu quruculuğu prosesi davam etdiriləcək. Bizim dövlət büdcəmizdə bu gün də ən böyük xərclər hərbi xərclərdir və hərbi xərclərlə bərabər, Qarabağ və Şərqi Zəngəzurun bərpasıdır.”

Sərhədlərimizi daha da güclü qorumalıyıq

Müzəffər Ali Baş Komandan İlham Əliyev  bu çağırışı da etdi ki, biz, eyni zamanda, sərhədlərimizi daha da güclü qorumalıyıq. Bu istiqamətdə də önəmli addımlar atılmışdır. Əlbəttə, sərhəd infrastrukturunun qurulması xüsusi əhəmiyyət daşıyır: «Sərhədimiz elə möhkəm bağlı olmalıdır ki, bir quş belə uça bilməsin. Sərhədlərimizin qorunması, eyni zamanda, bizi xarici risklərdən qoruyacaq. Çünki ölkə daxilində risklər yoxdur. Bütün mümkün olan potensial risklər ölkəmizin hüdudlarından kənarda yerləşir və formalaşır. Təhlükəsizlik tədbirlərinin bundan sonra da görülməsi vacib vəzifə kimi qarşıya qoyulur. Biz özümüzü təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və sərhədlərimizin möhkəmləndirilməsi nəticəsində həm fiziki risklərdən qorumalıyıq, həm də özümüzü ideoloji risklərdən qorumalıyıq.” Dövlətimizin başçısının bildirdiyi kimi, ideoloji risklər sərhəd tanımır. Ona görə əsas vəzifə gənc nəslin vətənpərvərlik, milli ənənələr ruhunda tərbiyə olunmasıdır. Gənc nəslin tərbiyə edilməsi bizim gələcəyimizin təmin edilməsi deməkdir.

Azərbaycanla Türkiyə arasında hərbi sahədəki əməkdaşlıq hazırda ən yüksək səviyyədədir

Günümüzün bu reallıqlarını da xüsusi qeyd etməliyik ki, bölgədə sülh və təhlükəsizliyin təminatında xüsusi yeri olan Azərbaycanla Türkiyə arasında hərbi sahədəki əməkdaşlıq hazırda ən yüksək səviyyədədir. Hər iki ölkə arasında imzalanan «Azərbaycan və Türkiyənin Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması haqqında Birgə Bəyannamə»dən sonra əlaqələrin yeni istiqamətlər üzrə davamının nəticəsidir ki, qardaş ölkədə hərbi sahədə təhsil almaq istəyən azərbaycanlı gənclərin sayı artır. Azərbaycan Türkiyənin hərbi təhsil sahəsində ən sıx əməkdaşlıq etdiyi və Türkiyə Silahlı Qüvvələri tərəfindən təhsil dəstəyinin təmin edildiyi ölkələr arasında ön sıradadır. «Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi»ndə də hərbi əməkdaşlığın möhkəmlənməsinə  xüsusi diqqət göstərilir. Qeyd edilir ki, tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaq. Cənab İlham Əliyevin “Mən İkinci Qarabağ müharibəsindən sonra demişdim ki, Azərbaycan Ordusu bundan sonra Türkiyə modeli əsasında inkişaf edəcək və biz bunu indi əyani şəkildə görürük” fikirləri iki ölkə arasında hərbi əməkdaşlığın hazırkı inkişaf səviyyəsinə işıq salır.  Bu məqamı da qeyd edək ki, bu günlərdə Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşü çərçivəsində  Azərbaycan Prezidenti İlham Əliyevin, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə  üçtərəfli görüş keçirildi.  Azərbaycan, Pakistan və Türkiyə arasında bütün tərəflərin qarşılıqlı maraqlarına xidmət edən və regional güc birliyini şərtləndirən bu əməkdaşlıq mexanizmi və həmin görüşdə müzakirə olunan məsələlər ölkələrimiz arasında əlaqələrin bütün sahələri əhatə etdiyini göstərir. Görüşdə “Üç qardaş” şüarı altında keçirilən hərbi təlimlərin əhəmiyyətinin vurğulanması və üç ölkənin Silahlı Qüvvələri tərəfindən birgə təlimlərin bundan sonra da mütəmadi qaydada keçirilməsi təklifinin irəli sürülməsi, müdafiə sənayesi sahəsində birgə istehsalın təşkili məsələsinin gündəmə gətirilməsi üç ölkə arasında hərbi-siyasi sahədə əlaqələrin bundan sonra daha da dərinləşəcəyini deməyə imkan verir.  Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan respublikalarının Müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən, Qazaxıstanın Aktau şəhərində bu günlərdə  keçirilən “Birləşdik-2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimi də hərbi sahədə əməkdaşlığın genişlənməsi fonunda dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşan Azərbaycan Ordusunun  gücünün artırılmasının prioritetliyini açıqlayır.

Dayanıqlı sülhün və təhlükəsizliyin şərtləri…

Regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycan tarixi Zəfərə imza atdıqdan dərhal sonra Ermənistana sülh təklifini etdi. Bu reallığı daim önə çəkirik ki, Ermənistanın havadarlarının tapşırıqları əsasında hərəkət etməsi sülh müqaviləsinin imzalanması prosesini uzadır. Amma hazırkı dövrdə sülh qaçılmazdır.  Cənab İlham Əliyev sözügedən Forumda “Sizcə sülh sazişi nə zaman imzalanacaq” sualını da cavablandırdı. Dövlətimizin başçısı bildirdi ki, xarici işlər naziri tərəfindən verilən məlumata görə, sülh sazişinin mətni 80-90 faizi razılaşdırılıb. Hazırda iki məsələ var. Birincisi, Ermənistan bizim təkliflərə müsbət cavab verməlidir ki, həm Ermənistan, həm Azərbaycan birgə ATƏT-ə müraciət etsin ki, Minsk qrupu ləğv edilsin. Çünki artıq uzun müddətdir bu qrup fəaliyyətsizdir.  Minsk qrupunun fəaliyyətdə olması üçün heç bir səbəb yoxdur. Çünki həmsədrlər de-fakto bir-biri ilə müharibədədir. Onların ikisi digərinə qarşı bir yerdədirlər. Fransa burada bütün imkanlardan məhrum edilib. Onlar nəinki vasitəçi, heç bu regionda ola bilməzlər. Onlar Cənubi Qafqaz regionunda razılığımız olmadan mövcud ola bilməzlər. Ermənistan Minsk qrupunu hələ də fəaliyyətdə saxlamaq istəyirsə, bu o deməkdir ki, Ermənistanın hələ də Azərbaycana qarşı ərazi iddiası var və bu, çox ciddi bir faktordur. Növbəti şərt odur ki, Ermənistan konstitusiyasında dəyişikliklər edilməlidir. Ermənistan konstitusiyasında müstəqillik barədə müddəa var və orada Azərbaycanın ərazi bütövlüyünə qarşı təhlükə, təhdid var. Orada Ermənistanın və dırnaqarası “Dağlıq Qarabağ”ın birləşməsindən söhbət gedir. Yəni, bu müddəa o konstitusiyada olduğu müddətdə sülh sazişi mümkün deyil: “Ermənistanın daxili işlərinə bizim hər hansı müdaxiləmizdən söhbət gedə bilməz. Ancaq konstitusiyada belə bir maddənin olması sülh sazişini mümkünsüz edir. Çünki konstitusiya hər hansı bir beynəlxalq müqavilədən üstün sənəddir.”

Təhlillər Azərbaycanın daim irəli baxdığını, ədalətə və beynəlxalq hüquqa söykənən müstəqil siyasətinin hər bir hədəfə zamanında nail olmasını  şərtləndirdiyini təsdiqləyir. Reallıq budur ki, sülh müqaviləsinin imzalanması Ermənistan üçün daha vacibdir. Gündə bir dayı axtarışında olmaqdansa, sülh müqaviləsini imzalamaqla gələcək inkişafı üçün imkanlar yaradar.

Yeganə Əliyeva, “İki sahil”

Daha çox xəbərlər