Xarici siyasətimizin istiqamətləri: Tərəqqi, təkamül, hədəflərə çatmaq!
Təkcə daxili siyasətdə deyil, diplomatiyada da varislik prinsipinə sadiq Prezident İlham Əliyev coxvektorlu, müstəqil və milli maraqlara əsaslanan qarşılıqlı əməkdaşlıq ənənələrini sürətlə dəyişən dünyanın geosiyasi reallıqlarına uyğun davam etdirir
Müstəqil dövlətlərin daha çox diqqət göstərdikləri məsələ milli mənafelərə əsaslanan praqmatik xarici siyasət kursunu dünya hadisələrinin çağırışlarına uyğun müəyyənləşdirib, hədəflərə doğru düzgün istiqamətləndirməkdir. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi Azərbaycanın xarici siyasətinin beynəlxalq səviyyələrdə dəstəklənməsi, bütün dövlətlərlə bərabər hüquqlu, qarşılıqlı anlaşma şəraitində inkişafı nəticəsində ölkəmiz Qərblə Şərq arasında körpü rolunu uğurla davam etdirir. Ölkəmizin xarici siyasət strategiyasının başlıca vəzifələri ikitərəfli və çoxtərəfli səviyyələrdə əməkdaşlıq əlaqələrini təkmilləşdirmək, zəngin enerji resurslarını dünya bazarlarına çıxarmaq, nəqliyyat infrastrukturunun coğrafiyasının genişlənməsi üçün müəyyənləşdirilən qlobal laiyhələrin icrasını təmin etməkdir. Dünya birliyinin Azərbaycana münasibətində təkamül, xarici siyasətimizin təməli olan ATƏT-in 1994-cü il Budapeşt və 1996-cı il Lissabon sammitlərində ölkəmizin milli mənafelərini əks etdirən prinsiplərin dəstəklənməsi ilə dünya birliyinə inteqrasiya edən respublikamızın xarici siyasətinin hüquqi bazası möhkəmləndi. 2020-ci ilin 10 dekabr tarixində keçirilən Zəfər paradında «Biz uzun illər bütün beynəlxalq tədbirlərdə bu məsələ ilə bağlı həqiqətləri çatdırırdıq, böyük iş aparılmışdır və bu işin səmərəsi oldu. Baxmayaraq ki, biz ərazi bütövlüyümüzü döyüş meydanında qazandıq, hesab edirəm ki, son illər ərzində apardığımız siyasi və diplomatik səylər öz bəhrəsini verdi, bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıdı və bunu dəstəklədi» sözləri ilə ölkəmizin dünya dövlətləri, beynəlxalq təşkilatlarla əməkdaşlığını yüksək dəyərləndirən Prezident İlham Əliyevin vurğuladığı kimi, BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, UNESCO, Avropa İttifaqı, NATO, MDB, İqtisadi Əməkdaşlıq Təşkilatı, Avropa Şurası və digər qurumlarla möhkəmlənən əməkdaşlıq sayəsində ölkəmizin beynəlxalq sferada mövqeyi möhkəmlənir.
2011-ci ilin oktyabr ayında diplomatiya tarixində ilk olaraq Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi ölkəmizin dünyada qazandığı etimadın, qlobal təhlükəsizliyə verdiyi töhfəsinin göstəricisi idi. BMT-dən sonra dünya birliyində ən çox üzvü olan, ən böyük siyasi platforma kimi nüfuzu artan Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələrin beynəlxalq səviyyədə dəstəklənməsi ölkəmizin diplomatik uğurlarını daha da artırdı.
Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi xarici siyasəti layiqincə davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazandığımız Zəfər, torpaqlarımızın işğaldan azad edilməsi, tam bərpa olunan suverenliyimizin dünya dövlətləri tərəfindən dəstəklənməsi xarici siyasətimizin məntiqi nəticəsidir.
Postmünaqişə dövründə davam etdirilən, bölgədə sülhün təminatına yönələn Azərbaycanın xarici siyasəti nəticəsində regionda yaranan reallıqlara artan maraq ölkəmizin beynəlxalq səviyyədə etimad göstərilən nüfuzunun nəticəsidir. Beynəlxalq aləmdə belə artıq aforizmləşmiş Azərbaycanın sivilizasiyalararası dialoq məkanı kimi tanınması illərin sınağından çıxmış və təsdiqlənmiş reallıqdır. Respublikamızda keçirilən Qlobal Bakı forumlarında, dialoqlarda Avropa ilə Şərq ölkələri təmsilçilərinin iştirakı, aktual problemlərin birgə müzakirəsi, insanlıq naminə bəşəri dəyərlərin qorunması ilə bağlı çağırışların vəhdət halında səslənməsi etibarlı tərəfdaş kimi tanınan Azərbaycanın diplomatik uğurları olmaqla, ölkəmizin dünyada sabitliyin qorunmasına töhfəsidir.
Bakıda keçirilən BMT və onun Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı-SPECA Azərbaycanın sivilizasiyalar arasında münasibətlərin möhkəmləndirilməsindəki rolunun bariz nümunədir. SPECA-ya üzv dövlətlərin- Azərbaycanın, Əfqanıstanın, Qazaxıstanın, Qırğızıstanın, Tacikistanın, Türkmənistanın və Özbəkistanın, eyni zamanda müxtəlif beynəlxalq təşkilatlarda Avropa təsisastları ilə birlikdə təmsil olunmaları ölkələrarası əməkdaşlığı genişləndirməklə Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq imkanlarını artırır. Artıq dünyanın tranzit qovşağı kimi dəyərləndirilən Azərbaycan dünya birliyində qlobal nəqliyyat layihələrinin etibarlı təşəbbüskarı kimi tanınır. Bərpa olunan enerji mənbələri sahəsində imkanların artırılmasına yönəlmiş qlobal layihələr iqtisadi əlaqələri genişləndirir, enerji sisteminin dayanıqlılığının və təhlükəsizliyinin artırılması naminə səyləri birləşdirir. Prezident İlham Əliyev «Dünyada uğursuz, asılı, iki və ya daha çox stulda oturmaq istəyən, bir neçə ağaya xidmət edən, özünü daha böyük dövlətlərin qarşıdurma arenasına çevirən ölkələrin sayı az deyi» sözləri ilə taleyi xarici ağalarının əlində olan itaətkar dövlətləri sülh naminə birliyə dəvət edir. Qərb və Şərq dəyərlərini bəşəri ideyalar ətrafında birləşdirməklə humanizm prinsiplərinin mütləq qələbə çalacağına inamını ifadə edir.
Azərbaycanın türkdilli, İslam dövlətləri ilə həmrəyliyinin, strateji tərəfdaşlığının ortaq və oxşar tarixi əlaqələrdən, eyni dinə mənsubluğundan qaynaqlandığı bəllidir. Xarici siyasətini bütün dövlətlərlə qarşılıqlı hörmət, biri-birinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında davam etdirən ölkəmizin Avropa, ərəb ölkələri ilə əməkdaşlığı da sağlam münasibətlər zəminində davam etdirilir. Azərbaycanın xarici siyasətinin əsas prioritelərindən olan türk dövlətləri arasında birik və həmrəyliyin gücləndirilməsi əsas prinsip kimi önəmini qoruyur. Türk Dövlətləri Təşkilatında (TDT) uğurla təmsil olunan Azərbaycanın qardaş ölkələrlə məhdud və geniş heyətdə qarşılıqlı fəaliyyəti nəticəsində İslam həmrəyliyi daha da möhkəmlənir. «Xudafərin»” və «Qız Qalası»” hidroqovşaqlarının istifadəyə verilməsi ilə ölkəmizin enerji xəritəsinin coğrafiyasının genişləndiyini diqqətə çatdıran Prezident İlham Əliyevin vurğuladığı kimi, bu cür layihələr iqtisadi, siyasi, mənəvi, İslami dəyərlərə bağlılıq baxımından daha önəmlidir. Qarışılıqlı əməkdaşlığın nəticəsi olan bu cür layihələr bölgənin sabitliyi, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi baxımından daha önəmlidir.
Enerji təhlükəsizliyi sahəsində Qərb ölkələri ilə əməkdaşlığa prioritet kimi diqqət yetirən, Avropa bazarını ən sərfəli əməkdaşlıq məkanı adlandıran Prezident İlham Əliyevin dünyada dəstəklənən enerji diplomatiyası, şaxələndirmə siyasəti Azərbaycanın beynəlxalq səviyyədə önəmini daha da artırır, mövqeyini möhkəmləndirir. Avropa üçün sabit və mühüm enerji mənbəyi hesab edilən ölkəmizin Səudiyyə Ərəbistanının, İtaliyanın tanınmış şirkətləri ilə əməkdaşlığı «yaşıl enerji» gündəliyini daha da aktuallaşdırır. Bəllidir ki, Azərbaycan təkcə zəngin karbohidrogen ehtiyatlarına malik ölkə deyil, eyni zamanda, Mərkəzi Asiyadan Avropa istiqamətində göndərilə biləcək karbohidrogen məhsullarının nəqlində mühüm tranzit ölkə kimi də mühüm önəm daşıyır. Son illərdə Avropanın doqquz ölkəsi ilə enerji sahəsindəki əməkdaşlığını genişləndirən ölkəmizin şaxələndirmə siyasətinə qoşulan qitə ölkələri də daxil olmaqla digər dövlətlər də Azərbaycanın bölgədə müstəqil siyasət yeritməsini, enerji asılılığı olmayan bir dövlət kimi söz sahibliyini etiraf edirlər.
Ölkəmizə səfəri zaman «Siz suverenliyə gəldikdə nümunə ölkəsiniz. Suveren mövqe və fikirlərə gəldikdə, mən hər zaman belə ölkələri yüksək qiymətləndirirəm. Siz ədalətsizliyə sinə gərirsiniz» sözlərinə əlavə olaraq Prezident İlham Əliyevə səmimi duyğularını « Siz beynəlxalq hüququ müdafiə edən şəxsiyyətsiniz. Siz praqmatik şəxsiyyətsiniz və Sizin xarici siyasətiniz təkcə bir istiqamətdə köklənməyib. Siz ərazi bütövlüyünün nə dərəcədə vacib olduğunu çox gözəl bilirsiniz. Bununla yanaşı, Avropa İttifaqının üzvü olan ölkənin nümayəndəsi kimi deyə bilərəm ki, Avropa İttifaqı ara-sıra digərlərinə təlimat verməyi xoşlayır. Mən isə siyasi təcrübəmdə heç vaxt heç bir ölkənin daxili işlərinə qarışmamağa üstünlük verirəm» sözləri ilə ifadə edən Slovakiyanın baş naziri Robert Fitso ikili standartlara qarşı mübarizliyi ilə fərqlənən dövlət başçımızla həmrəyliyini bildirdi. Belorusun Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycanı dünyanın qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı, müəllifi və əsas tərəfdaşı, siyasi, iqtisadi, humanitar platforma, sivilizasiyalararası körpü, mədəni müxtəlifliyin məkanı, mültikultural dəyərlərə sadiq, tolerant dövlət adlandırması diplomatiyamızın uğuruna verilən dəyərlərdəndir.
Mətbu orqanları təmsil olunduğu dövlətin daxili , xarici siyasətini, inkişafını əks etdirən vasitə adlandırılır. Geniş auditoriyada keçirilən tədbirlərdə KİV nümayəndələrinin kütləvi iştirakı isə müxtəlif dövlətlərin dünya siyasətinə baxışı, beynəlxalq hədəflərin müəyyənləşdirilməsi, çağırışların təbliğ baxımından daha önəmlidir. İkinci Qarabağ müharibəsinin davam etdiyi günlərdə, postmüharibə dövründə Prezident İlham Əliyevin yerli və xarici jurnalistlərə müsahibələri ilk və maraqlı təşəbbüs kimi dünya ictimaiyyəti tərəfindən maraqla izlənildi.
Bu günlərdə ölkəmizdə keçirilən 2-ci Şuşa Qlobal Media Forumunda iştirak edən KİV nümayəndələrinin çoxsaylı suallarını cavablandıran Prezident İlham Əliyevin dörd saata yaxın dünya siyasətinin aktual problemləri ilə bağlı açıqlaması Azərbaycanın xarici siyasətinin dünya ictimaiyyətinə təqdimatı idi. 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun qatıldığı Forum siyasi iqtisadi, humanitar sahələri əhatə edən platforma kimi, dünya ictimaiyyətinin diqqətini cəlb etdi. «Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə»” mövzusunda keçirilən 2-ci Şuşa Qlobal Media Forumu adından da göründüyü kimi, sosial şəbəkələrdə baş alıb gedən dezinformasiyaların qarşısının alınması baxımından önəmli idi. Hadisələri şərhetmə bacarığını intellekt səviyyəsi, liderlik məharəti ilə nümayiş etdirən Prezident İlham Əliyev Forumdakı məntiqli cavabları ilə qətiyyətli dövlət başçısı olduğunu təsdiqlədi. Suallar müxtəlif sahələri əhatə etsə də, daha çox maraq doğuran, üstünlük təşkil edən məsələ Azərbaycanın bölgədə yaratdığı reallıqlar, İkinci Qarabağ müharibəsindən sonra ölkəmizə olan münasibətlər, Ermənistanın silahlandırılması, regionda yeni müharibə təhlükəsi yaratmaq istəyən qüvvələrin mənfur niyyətləri ilə bağlı idi. Ümumilikdə deyilsə , Azərbaycanın daxili və xarici siyasətinin konsepsiyasının, mütərəqqi strategiyasının istiqamətlərinin açıqlandığı Forum ölkəmizin müxtəlif dövlətlərlə qarşılıqlı münasibətlərinə baxış idi. Davam edən müharibələrin, milli münaqişələrin, törədilən terrorların, «feyk» informasiyaların dünya siyasətinə, dövlətlərarası münasibətlərə təsirini məntiqli, faktlar əsasında KİV nümayəndələrinə çatdıran Prezident İlham Əliyevin cavabları ölkəmizin xarici siyasətinin, beynəlxalq arenada artan rolunun təqdimatı idi. «Biz görürük ki, beynəlxalq hüquq selektiv tətbiq edilir. Biz uzun illər bu yanaşmaya məruz qalmışıq. Biz səsimizi ucaldırdıq və deyirdik BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib ki, Ermənistan qoşunları dərhal və qeyd-şərtsiz Azərbaycanın ərazisindən çıxarılmalıdır. Ancaq o qətnamələrə riayət edilmirdi və bu gün həmin o tendensiya davam edir. Beynəlxalq hüquq işləməyəndə, imza o qədər də əhəmiyyətə malik olmayanda sülhün təminatı yalnız gücdür» söyləyən Prezident İlham Əliyev xarici KİV-lər vasitəsi ilə xalqları sülh naminə birliyə dəvət etdi.
Bakıda Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin təşkilatçılığı və Bakı Təşəbbüs Qrupunun (BTQ) dəstəyi ilə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adaları qrupundan olan 15-dən çox siyasi partiya və müstəqillik hərəkatlarının rəhbər şəxslərinin, Niderlandın müstəmləkəsi olan Bonayre və Sen-Martin adalarından üç təşkilatın fəxri qonaq qismində iştirak etdiyi qurultay müstəmləkəçilik buxovundan qurtarmaq istəyən xalqların yardım üçün dünya ictimaiyyətinə çağırışı idi. Həmin tədbirdə çıxış edənlər erməni faşizminin, Fransa neokolonializminin törətdikləri vəhşilikləri, müstəmləkəçiliyin insanlara yaşatdığı əzabları yolverilməz adlandırdılar. Bu cür tədirlər Azərbaycanın milli-mənəvi dəyərləri kimi, xarici siyasətinin də əsasını təşkil edən haqqa, ədalətə, humanizmə sadiqliyinin ifadəsidir.
Dövlət başçımız «Amma, eyni zamanda, Azərbaycan mediasının bu sahədəki fəaliyyəti, o cümlədən ona görə qiymətlidir ki, dünya ictimaiyyətinə təkcə beynəlxalq hüquq prizmasından yox, ümumi insani prizmadan üzləşdiyimiz problemi çatdırmaq üçün bizim birinci vasitəmiz media olmuşdur. Ona görə mən media nümayəndələri ilə əvvəlki dövrlərdə, yəni işğal dövründə görüşlər əsnasında hər zaman bunu qeyd edirdim. Qeyd edirdim ki, biz daha çox beynəlxalq auditoriyaya çıxmalıyıq» sözləri ilə hansı dövləti, siyasəti təmsil etmələrindən asılı olmayaraq bütün KİV-ləri obyektivliyə, tərəfsizliyə, aşkarlığa dəvət etdi.
Forumda ölkəmizə, Azərbaycan iqtidarına qarşı natamam, qeyri-dəqiq və manipulyasiya edilmiş hesabatlara münasibətlə bağlı sualı «Bizim üçün fərq etməz, çünki burada əsas qərar sahibi Azərbaycan xalqıdır və hökumətin fəaliyyəti məhz xalqın mənafeyi naminədir» sözləri ilə cavablandıran Prezident İlham Əliyevin vurğuladığı kimi, zamanla həqiqət öz sözünü deyir, Qərbdə reallıq daha çox üzə çıxır və Azərbaycana etibarlı tərəfdaş kimi yanaşılır. Bəzi dövlətlərin hələ də təhdid və təzyiqlərə məruz qaldığı bir məqamda keçirilən Forum dövlətlərarası münasibətlərə, əməkdaşlığa, ümumiyyətlə, dünyada baş verən hadisələrə Azərbaycan diplomatiyası ilə yanaşılan dəyərləndirmə idi.
Bu ilin noyabrında Bakıda keçiriləcək mühüm əhəmiyyətli COP29 beynəlxalq konfransı da eyni müsbət notlarla başlayıb, uğurla nəticələnək. Dünya ictimaiyyəti bir daha Prezident İlham Əliyevin həyatda özünü doğrultmuş «Bizim sözümüz imzamız qədər dəyərlidir!» vədinin şahidi olacaq.
Xuraman İsmayılqızı, «İki sahil»