Şuşanın əsl sahibləri qayıdıb, biz qayıtmışıq
Şuşa şəhərində 147 ailənin, yəni 570 nəfərin daimi məskunlaşması təmin edilib
Şuşa şəhəri tarixən Azərbaycanın ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olmuşdur. XVIII əsrin ikinci yarısında Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik şəhəri sayılan Şuşa özünün xalçası, ipəyi, parçası və çini qabları ilə dünya bazarları miqyasına çıxmış və bununla da böyük şöhrət qazanmışdı. XIX əsrin ikinci yarısından başlayaraq Şuşa şəhəri Azərbaycanın siyasi, iqtisadi və mədəni inkişafında mühüm rol oynamışdı. Həmin vaxtdan etibarən Şuşa ticarətinə sənətkarlığın və mədəniyyətin inkişafına və əhalisinin çoxluğunda gorə Azərbaycanda birinci və Zaqafqaziyada isə Tiflisdən sonra ikinci şəhər sayılırdı. Təsadüfi deyildi ki, o dövrdə Şuşanı “Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Zaqafqaziyanın konservatoriyası” adlandırırdılar.
İqtisadi cəhətdən yaxşı inkişaf etməsi, həm də şəhərin füsünkar coğrafi mövqeyi buranın uzun müddət Azərbaycanın elm, poeziya, xüsusilə musiqi mədəniyyəti mərkəzi olmasına böyük təsir göstərmişdir. Heç də təsadüfi deyil ki, elm, poeziya və musiqi mədəniyyəti tariximizdə ilk dəfə olaraq Şuşada teatr, sirk tamaşaları, mətbəə, kitabxana, “ Realnı ” və “ Qorodskoy ” uçilişləri, seminariya və bir sıra mədəni maarif müəssisələri yaranmışdır. Şuşa, həmçinin istedadlar məskənidir. Təkcə XIX əsrdə Şuşada 95 şair, 22 musiqişünas, 38 xanəndə, 19 xəttat, 16 nəqqaş, 12 nüsvəxənd, 5 astronom, 18 memar, 16 həkim, 42-yə qədər müəllim və s. fəaliyyət göstərmişdir.
Sovet dövründə Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi 1969-1982- ci illərdə Qarabağa çox böyük diqqət və qayğı göstərmişdir. Ümummilli Lider Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə Şuşa şəhərinin inkişaf etdirilməsi məqsədilə 1970-ci illərin ikinci yarısında bir neçə xüsusi qərar qəbul edildi. Həmin qərarlara uyğun olaraq şəhərin keçmişdə tikilmiş binaları, tarixi abidələri bərpa edildi, yeni çoxmərtəbəli yaşayış binaları, böyük mehmanxana kompleksləri, ayrı-ayrı inzibati binalar tikildi. Bununla yanaşı, Şuşanın statusu qaldırılaraq Ümumittifaq səviyyəli kurort şəhərinə çevrildi. 1977-ci ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edildi. Həmin qərar nəticəsində Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atıldı.
Təəssüflər olsun ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 1992-ci il mayın 8-də Şuşa şəhəri işğal edildi. İşğal illərində şəhərdə xalqımızın tarixi-mədəni irsinin məhv edilməsi siyasəti həyata keçirildi. Şuşanın işğalı nəticəsində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600-ə yaxın tarixi memarlıq abidəsini məhv etdilər. Lakin işğala, vandallıqlara baxmayaraq, Şuşa öz ruhunu illərcə qoruyub saxlaya bildi.
Nəhayət 28 il davam edən işğaldan sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti nəticəsində torpaqlarımız yağı tapdağından azad olundu və bu gün həmin ərazilərdə yeni bir yüksəliş dövrü başlayıb. Şuşa şəhərində, eləcə də işğaldan azad edilən bütün ərazilərdə olan bir çox tarixi-dini abidələrimiz bərpa olunur. Qədim tarixi və memarlıq üslubu qorunub saxlanılmaqla Şuşa şəhərinin, tarixi və dini abidələrin, muzeylərin planlı şəkildə bərpa olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Həyata keçirilən yenidənqurma işləri nəticəsində qısa zamanda Şuşa dünyanın ən gözəl şəhərləri siyahısında öz layiqli yerini tutacaqdır.
Şuşaya yalnız Azərbaycanda deyil, bütün İslam dünyasında böyük rəğbət bəslənilir. Xatırladaq ki, 2023-cü il sentyabrın 25-i və 26-da Qətər dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Şuşa şəhərinin 2024-cü il üçün ICESCO-nun “İslam dünyasının mədəniyyət paytaxtı” proqramı üzrə namizədliyi irəli sürülüb. Konfrans iştirakçılarının yekdil qərarı ilə Qarabağımızın incisi Şuşa şəhəri bu şərəfli ada layiq görülüb. Bu, Şuşaya xüsusi ehtiramın ifadəsidir və mədəniyyət beşiyimiz İslam dünyasının həmrəyliyinin daha da genişləndirilməsində özünəməxsus rol oynayacaqdır.
Qeyd edək ki, bugünədək çoxsaylı beynəlxalq tədbirlərin keçirildiyi Şuşa şəhəri ötən il müstəqil Azərbaycanın tarixində ilk dəfə dünyanın aparıcı media və jurnalist təşkilatları rəhbərlərini, media və informasiya-kommunikasiya sahəsində nüfuzlu ekspertləri, tanınmış jurnalistləri qlobal səviyyəli forumda bir araya topladı. Söhbət 2023-cü il 21-23 iyul tarixlərində “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda keçirilən Şuşa Qlobal Media Forumundan gedir. Bu il isə iyulun 20-22-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumu baş tutdu. Qeyd edək ki, 50-ə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən, 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun qatıldığı Forum iştirakçılar üçün birgə müzakirə və hərəkət platforması rolunu oynayıb.
Bu gün Şuşa şəhəri beynəlxalq tədbirlərə, böyük mədəniyyət layihələrinə ev sahibliyi edir. Çünki Şuşanın əsl sahibləri qayıdıb, biz qayıtmışıq. Mayın 10-u xalqımız üçün əziz və unudulmaz bir tarixdir. Bu il isə 10 may tarixində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak etdilər, şəhərə köçmüş ilk sakinlərlə görüş keçirdilər. Nəhayət o gün gəlib çatmışdı. Şuşaya ilk və möhtəşəm köç reallaşmışdı. Qeyd edək ki, ilkin mərhələdə birinci yaşayış kompleksinə köç qrafikinə əsasən 20 ailə olmaqla 88 nəfər köçürüldü.
Məlumat üçün bildirək ki, Şuşaya ikinci köç mayın 14-də baş tutub. Bu mərhələdə 38 ailə-136 nəfər köçürülüb. Üçüncü köç mayın 25 də reallaşıb. Bu zaman 32 ailə – 125 nəfər köçürülüb. Dördüncü köç karvanı mayın 30-da yola salınıb. Həmin gün 57 nəfərdən ibarət 15 ailəyə mənzillərin açarları təqdim edilib. Nəhayət, iyunun 12-də mədəniyyət paytaxtımıza beşinci köç karvanı yola salınıb. Bu mərhələdə isə 21 ailə-85 nəfər doğma torpaqlarına qovuşub.
Ötən gün Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Şuşaya növbəti-6-cı köç karvanı reallaşıb. İyulun 30-da respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Şuşa şəhərinə daha 21 ailə – 79 nəfər köçürülüb.
Xatırladaq ki, indiyədək Şuşa şəhərində 147 ailənin, yəni 570 nəfərin daimi məskunlaşması təmin edilib.
Nigar Orucova, “İki sahil”